İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulun daha bir möcüzəsi: 63 min nəfərin eyni anda ibadət edə biləcəyi 300 milyonluq Çamlıca camisi -FOTOLAR, VİDEO

İstanbulun Asiya hissəsində daha bir möhtəşəm ünvan var-Çamlıca təpəsindəki Çamlıca camisi. Türk dünyasından gəlmiş media təmsilçilərinin növbəti ziyarət ünvanı da məhz Camlıca oldu. Tikintisinə təməli 7 avqust 2013-cü ildə qoyulan Böyük Çamlıca, 2019-ci ildə açılışı həyata keçirilərək Türk xalqının və turistlərin ixtiyarına verilən cami ziyarətçilərin ən çox üz tutduğu ünvanlardandır.   

İstanbulun şam ağacları ilə zəngin, füsunkar məkanlarından biri Çamlıcanın ən yüksək nöqtəsində tikilmiş Çamlıca camesindən gözəl mənzərə açılır gözəl İstanbula. Osmanlı-Səlcuqlu memarlıq üslubunu müasir xətlərlə birləşdirən cami tarixi ilə göz qamaşdıran İstanbulun simvolları sırasına əlavə olunub. Minarələri aydın səmaya dikilib, səmadakı ayın gözəlliyi il ortaq bir harmoniya yaranıb, baxdıqca adamın ruhu dincəlir. Axşam günəşinin şəfəqləri fonunda Türkiyəmizin ay-ulduzlu qızıl bayrağı xəfif mehin laylası ilə dalğalanır. İstanbul buradan daha əzəmətli görünür. Eyni zamanda qarşı tərəfdən də əzəmətli görünür bu came. Türkiyənin ən böyük camisi olan Çamlıca layihəsinin ümumilikdə 290 milyonluq dəyəri var. Türkiyənin  turizm bələdçisi, Türk dövlətlərindən gəlmiş mətbuat nümayəndələrini səfərin əvvəlindən-sonunadək yorulmadan müşayiət edən Ramazan Çelik Musavat.com-a deyir ki, Çamlıcada eyni vaxtda 63 min nəfər namaz qıla bilir. Üstəlik, burada 3500 avtomaşın tutan avtopark, 3 min kvadratmetrlik kitabxana, 8 sənət emalatxanası, 171 nəfərlik konfrans zalı var. Camidə səs akustikası yüksək səviyyədə qurulub, işıq, istilik, havalandırma və təhlükəsizlik sistemləri də həmçinin

Çamlıca Sultan Əhməd camisindən sonra ikincidir ki, 6 minarəlidir. Bu da Türklərin Anadoluya girişini, Malazgit savaşını simvolizə edir. Ana qübbənin hündürlüyü 72 metrdir ki, bu rəqəm İstanbulda yaşayan 72 millətə işarədir. Ana qübbənin diametri 34 metrdir, İstanbulun araba nömrələrini simvolizə edən rəqəm. Mərkəzi qübbənin altındakı kəmərdə 16 türk dövlətinə aid yazılar var. Caminin baş günbəzində eni 3 metr 12 santimetr, hündürlüyü 7 metr 77 santimetr, çəkisi 4,5 ton olan günbəz var. 
Ramazan qardaşımız danışır ki, bu, təsadüfi deyil. Caminin 6 minarəli olması imanın şərtini simvolizə edir. 3 şərəfəli-eyvanlı minarələr 107,1 metr uzunluğundadır. 2 eyvanlı 2 minarəsi isə 90 metr hündürlüyündədir. Nanotexnologiya ilə rənglənən və üç hissədən ibarət olan günbəz dünyanın ən böyük günbəz olma xüsusiyyətini daşıyır. Çamlıca camisi də 5 metr eni, 6,5 metr hündürlüyü və 6 ton ağırlığında olan əsas qapısı ilə dünyanın ən böyük məbəd qapılarından birinə malikdir. 

Ramazan Çelik deyir ki, cami təkcə ibadət üçün nəzərdə tutulmayıb. Fövqəladə hallarda bura həm də sığınacaq olaraq istifadə edilə bilər. İdeya layihəsi Rəcəb Tayyib Ərdoğana məxsus olan Çamlıca camisində ilk namaz 7 mart 2019-cu ildə Rəqaib Qəndili günü qılınıb. Rəsmi açılışı isə 3 may 2019-cu ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilib. Caminin giriş hissəsinə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın imzalı diləyi həkk edilib. Oxuyuruq: “Milletimiz tarih boyunca her alanda büyük destanlar yazarken, sanatta da emsalsız hünerler sergilemiştir.

Üç kıtaya serptigimiz çil çil kubbeler, sanat eserlerimizin en nadire örnekeleridir.

Tek millet, tek bayrak, tek vatan, tek devlet” duyğusuyla coğrafiyamıza vurduğumuz mühürler olan camilerimiz, kiyamete kadar ruhumuzu beslemeyi sürdüreceklerdir.

İstanbulun en güzel tepelerinden Çamlıcada inşa etdigimiz bu eser, inşallah asırlar boyu milletimize işıktutacak bir şahadetname olacaktır.

Ne mutlu imanla inşa edip, ibadetle ihya eden gönüllere”.

Recep Tayyip Erdoğan

Türkiye Cumhurbaşkanı”

Əhali və ərazisinə görə Avropa ölkələrinin bir çoxundan böyük olan möhtəşəm qiyafəli İstanbulun rəmzlərindən birinə çevrilən Çamlıca camesinin həyəti də, içərisi də çox gözəldir, adamı osunlayır özünün gözəlliyi, əzəməti ilə. Burada bir hüzur var, saatlarla oturub tamaşa etmək, dualarını pıçıldamaq istəyirsən. Allah dualarımız qəbul eləsin!

Bu ecazkar ünvanda olmağımıza şərait yaradan Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə, Türkiyənin Özbəkistandakı Səfirliyinin Mədəniyyət Müşavirliyinə, dəvəti üçün Türkiyənin Azərbaycandakı Səfirliyinə təşəkkür edirik.

Elşad Paşasoy,
Musavat.com,
İstanbul

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR