Onlayn ictimai-siyasi qəzet
“İranın Ermənistandan gözləntisi TRIPP-in (Zəngəzur dəhlizi – red.) İranın həyati maraqlarını təhlükəyə atmamasıdır". Musavat.com-un verdiyi xəbərə görə, bu fikir iranlı ermənipərəst ekspert Ehsan Mohavedian söyləyib.

Onun sözlərinə görə, İranın iki qırmızı xətti var: "Sərhəddə ABŞ hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinin istisna edilməsi və Ermənistanın suverenliyini və TRIPP üzərində nəzarətini tam şəkildə qorumaq”. Mohavedian daha sonra deyib ki, Ermənistan rəhbərliyi Tehrana Zəngəzur dəhlizi boyunca təhlükəsizliyin Ermənistan tərəfindən təmin ediləcəyinə və hətta özəl Amerika şirkətlərinin belə təhlükəsizliyi təmin etməyə icazə verilməyəcəyinə zəmanət verib.
"İran yolun Ermənistanda qeydiyyatdan keçmiş və Ermənistanın suverenliyi altında fəaliyyət göstərən Amerika şirkəti tərəfindən tikiləcəyini gözləyir. Bu, layihənin geosiyasi xəritəni dəyişdirməməsini və ya xarici qüvvənin - Azərbaycanın və ya Amerikanın nəzarəti altında dəhliz yaratmamasını təmin eləmiş olacaq", - deyə o qeyd edib. Mohavediana görə, Tehranın digər məqsədi Sünikdə (Qərbi Zəngəzurda) Qərbin daimi iştirakının qarşısını almaqdır.
Yada salaq ki, bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan İranda səfərdə olub. İrəvan doğrudanmı İrana belə bir vəd verib? Verə bilərmi? Bu, Tehrana Ermənistanın daxili işlərinə qarışmaq üçün rüsxəti vermək anlamına gəlməzmi?
Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, bəli, Ermənistan İrana TRIPP-lə bağlı hüquqi-siyasi zəmanətlər verə bilər. Onun sözlərinə görə, artıq bunun bir hissəsini şifahi bəyanatlar səviyyəsində görmək mümkündür.

Mütəxəssisin fikrincə, əsas məsələ budur ki, Ermənistanın verə biləcəyi zəmanətin əhatə dairəsi ilə İranın narahat olduğu məqamlar eyni deyil. Qabil Hüseynli qeyd edib ki, İrəvan öz ərazisində suverenlik, sərhəd nəzarəti və üçüncü ölkənin hərbi qüvvələrinin yerləşdirilməməsi barədə öhdəlik götürə bilər: "Sadəcə, ABŞ-nin gələcək davranışına və ya TRIPP-in bütün geosiyasi nəticələrinə İran qarşısında tam zəmanət vermək daha mürəkkəbdir. Yəni Ermənistan İran qarşısında sona qədər öhdəlik götürməkdə çətinlik çəkə bilər. TRIPP Ermənistanın suveren ərazisində yerləşir. Yəni Ermənistan həmin ərazilər üzərində tam suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını saxlayır. Belə desək, TRIPP çərçivəsində Ermənistan ərazisinin heç bir hissəsi başqa dövlətə verilmir, icarəyə götürülmür və ya Ermənistanın yurisdiksiyasından çıxarılmır. Amma İranın səsləndirdiyi mövqe məhz budur ki, ABŞ hərbi və təhlükəsizlik qüvvələrinin Ermənistan ərazisində yerləşdirilməməsi. Məncə, İran yoldan pay götürmək istəyir və "qırmızı xətt" deyə hay-küy salmağa davam edir".

Professor hesab edir ki, ABŞ İranla sərhədə qoşun yerləşdirmir və Tehranın mövqeyini anlamaqda çətinlik çəkir: "Axı Paşinyan bildirib ki, TRIPP xarici hərbi və ya silahlı mövcudluğu nəzərdə tutmur. Elə bu bəyanatın özü İran üçün ciddi siyasi zəmanətdir. Lakin bir incəlik var: “TRIPP hərbi layihə deyil” demək başqa şeydir, “Ermənistan TRIPP ərazisində heç bir ABŞ hərbi və təhlükəsizlik qüvvəsinin yerləşdirilməsinə icazə verməyəcək” deyə hüquqi öhdəlik götürmək başqa.
Məncə, ikinci formul daha güclü olardı. Məsələn, Ermənistan-İran sənədində belə prinsip təsbit oluna bilər ki, TRIPP infrastrukturu hərbi baza, hərbi logistika obyekti, kəşfiyyat infrastrukturu və ya xarici silahlı qüvvələrin daimi yerləşmə obyekti kimi istifadə edilməyəcək. Bu, İranın əsas narahatlığını əhəmiyyətli dərəcədə azalda bilər".
Emil Salamoğlu
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ