İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan "dəmir yumruq" istəyir, Qafqazda yeni savaş başlayır: ABŞ təcili çağırış etdi, avropalı müşahidəçilər isə qaçır

Azərbaycana qarşı davamlı olaraq, təxribatlar törədən Ermənistanda hərbi birləşmələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, sərhəd bölgəsinə əlavə hərbi qüvvə toplayırlar... Rəsmi İrəvanın Fransa və Rusiyanın sifarişi ilə növbəti savaşa yol açması Ermənistan üçün olduqca təhlükəli variantdır, çünki Azərbaycanın "dəmir yumruq" zərbəsindən onu heç bir dövlət qoruya bilməz...

Cənubi Qafqaz sülh və sabitliyin bərqərar olacağı mərhələyə keçid ərəfəsində idi. Azərbaycan və Ermənistan arasında intensivləşən sülh danışıqlarında kifayət qədər ciddi proqresə nail olunmuşdu. Və hər kəs sülh sazişinin imzalanacağı günün çox yaxında olduğuna inanmağa başlamışdı.

Onu da qeyd edək ki, bu, sülh sazişinə ikinci dəfə ardıcıl yaxınlaşma idi. İlk belə yaxınlaşma ötən ilin sonlarında baş vermişdi. Hətta dekabr ayında yekun sülh sazişinin imzalanacağı gözlənilirdi. Paşinyan hakimiyyətinin təmsilçiləri bu barədə hamıdan əminliklə danışırdılar.

Ancaq baş tutmadı. Çünki Fransa və Rusiya araya girdi. Cənubi Qafqazdakı sülh prosesini pozdu. Hətta Brüssel prosesinin ilk dəfə dalana dirənməsi də məhz Fransa prezidenti Emmanuel Makronun ucbatından baş vermişdi. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşünə yalnız prezident Emmanuel Makronun da vasitəçi statusunda iştirak edəcəyi təqdirdə, qatılacağını bildirmişdi.

Təbii ki, rəsmi Bakı bununla razılaşmamışdı. Çünki Fransa və prezident Emmanuel Makron Azərbaycana qarşı qərəzli mövqe tutduğunu qətiyyən gizlətmir. Rəsmi Paris ermənipərəst hədəflərini hər imkanda qabartdır. Ona görə də, rəsmi Bakının prezident Emmanuel Makronun vasitəçilik statusu qazanmaq cəhdlərini bloklaması tamamilə məntiqlidir. Digər tərəfdən, rəsmi Bakı Ermənistana Azərbaycan qarşısında hər hansı məsələdə şərt irəli sürməsinə imkan vermək niyyətində deyil.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB) 

Buna baxmayaraq, Fransanın ucbatından iflasa uğramış sülh danışıqları yalnız bir neçə ay sonra məhz ABŞ-ın israrlı diplomatik cəhdləri ilə bərpa edildi. Vaşinqton danışıqları Azərbaycan və Ermənistan arasında ən ziddiyyətli problemin belə, həllinə geniş imkanlar açdı. Yeni də yaxın günlərdə yekun sülh sazişinin uzaqda olmadığı barədə qənaətlər ön plana çıxmağa başladı.

Bu dəfə də Fransa və prezident Emmanuel Makron sülh sazişinin imzalanma ərəfəsində özünü yetirdi. Prezident Emmanuel Makronun da iştirakı üçün Kişinyeuda beş tərəfli görüş icad olundu və sülh prosesi yenə də dalana dirəndi. Beləliklə, indi Rusiya kimi, Fransa da sülh prosesinin qarşısında əsas əngəl rolunu oynayır. Və bu iki əngəl aradan qaldırılmayınca regional sülh prosesində uğurlu nəticəyə ümid bəsləmək sadəlövhlük təsiri bağışlayır.

Məsələ ondadır ki, hazırda Cənubi Qafqazda sülh və sabitlik mərhələsinə keçid ehtimallı ciddi şübhə altındadır. Rusiya və Fransanın qurduğu pozucu oyunlar regionda yeni savaş təhlükəsini son həddə çatdırıb. Ermənistan Azərbaycanın Laçın postuna qarşı hərbi təxribat törədib. Bütün sərhəd boyu Ermənistan hərbi təxribatları davam edir. Və yenə böyük savaş ehtimalı aktualdır.

Ancaq nə qədər qəribə də olsa, Ermənistan prezidenti Vaaqn Xaçaturyan rəsmi İrəvanın qonşu ölkələr ilə ilkin şərt irəli sürmədən münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Ancaq Ermənistan prezidenti rəsmi İrəvanın qonşu ölkələrə yönəlik ərazi iddialarından imtina etdiyini bəyanlamağı unudub. Bu isə o deməkdir ki, Ermənistan yalnız qonşu ölkələrin münasibətləri normallaşdırmaq üçün ilkin şərtlər irəli sürməməsini istəyir. Ermənistan isə öz qondarma, xəyali iddialarını davam etdirir.

Məsələ ondadır ki, Ermənistanın hətta Gürcüstana qarşı belə, ərazi iddiaları mövcuddur. Azərbaycana qarşı ərazi iddiaları isə Ermənistan konstitusiyasında xüsusi maddə ilə yer alır. Türkiyəyə qarşı ərazi iddialarının mövcudluğu isə Ermənistan gerbində əks olunub.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB) 

Ermənistan baş naziri Nikol Paşinyan bu barədə açıqlama vermək məcburiyyətində belə, qalıb. Erməni baş nazir Türkiyənin ərazisində olan Ağrı dağının dövlət gerbində əks etdirilməsinin müasir Ermənistana aidiyyətinin olmadığını ifadə edib. Baş nazir Nikol Paşinyanın ənənəvi erməni iddialarına qarşı olduğunu düşünmək sadəlövhlük olardı. Sadəcə, erməni baş nazir anlayır ki, bu iddialar gündəmdə qaldıqca, iqtisadi böhran təhlükəsi ilə üz-üzə olan Ermənistanın blokada vəziyyətindən çıxarılıb, inkişaf etdirilməsi mümkün olmayacaq.

Göründüyü kimi, bütün qonşu ölkələrə qarşı ərazi iddiaları olan Ermənistanın ilkin şərtlər irəli sürülmədən Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurması qətiyyən mümkün deyil. Əksinə, Ermənistanın son vaxtlar törətdiyi hərbi-siyasi təxribatlar qonşu ölkələrlə normal münasibətlər qurmaq şanslarını da bloklayır. Hər halda, rəsmi İrəvan Rusiya və Fransanın sifarişi ilə sülh prosesini uzatmaqla, Ermənistanı yeni savaş risklərinə tuş gətirir.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülh prosesinə intensiv və israrlı dəstək verən ABŞ-ın son xəbərdarlıq mesajları tezliklə regionda böyük savaşın ola biləcəyini düşünməyə əsas verir. Belə ki, ABŞ-ın İrəvandakı səfirliyi öz ölkəsinin vətəndaşlarını israrla Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə səfər etməməyə çağırır. Və vurğulayır ki, ekstremal situasiyalarda ABŞ səfirliyi onlara dəstək vermək imkanında olmaya da bilər.

Təbii ki, ABŞ dünyada, eləcə də, Cənubi Qafqazda baş verən hadisələr barədə ən məxfi məlumatları əldə etmək qabiliyyətinə malik dövlətdir. Əgər, ABŞ səfirliyi öz ölkəsinin vətəndaşlarına xəbərdarlıq edirsə, deməli, regionda təhlükəli proseslər cərəyan edir və savaş ehtimalı çox yüksəkdir. Ağ Ev Rusiya və Fransanın Ermənistanı Azərbaycana qarşı hərbi təxribatlara sövq etdiyini nəzərə alır. Və ABŞ kəşfiyyatının məxfi məlumatları sayəsində bu erməni təxribatlarının hansı hərbi nəticələri doğura biləcəyini də proqnozlaşdırır.

Son baş verənləri nəzərə aldıqda, ABŞ-ın İrəvandakı səfirliyinin öz ölkəsinin vətəndaşları üçün narahatlığı haqlı görünür. Hər halda, Ermənistanın sərhəd bölgəsinə hərbi qüvvə toplamaqda olduğu bildirilir. Həmin erməni hərbi qüvvələrinin artıq yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi də vurğulanır. Və bu, açıq-aşkar savaş hazırlığı deməkdir.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB) 

Digər önəmli məqamlardan biri də ondan ibarətdir ki, rəsmi İrəvan Avropa Birliyinin mülki müşahidə missiyasının təmsilçilərini məhz Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə göndərməyə cəhd göstərir. Hətta bəzi erməni mənbələri avropalı müşahidəçilərin tam tərkibdə silahlı toqquşmaların ola biləcəyi ərazilərə yerləşdirildiyini də iddia edirlər.

Görünür, rəsmi İrəvan Azərbaycana qarşı hərbi təxribatlar törədərək, Avropa Birliyinin mülki müşahidə missiyasının arxasında gizlənə biləcəyinə ümid bəsləyir. Halbuki bu, tamamilə məntiqsiz ümiddir. Çünki hərbi təxribatlar törədən Ermənistanı Avropa Birliyi müşahidəçiləri Azərbaycan cavab reaksiyasından heç bir halda, qoruya bilməz. Son hərbi toqquşmalar ərəfəsində də avropalı müşahidəçiləri təhlükəli bölgəyə göndərmişdilər. Ancaq silahlı toqquşmaların baş verməsindən qısa müddət əvvəl onlar həmin ərazilərdən tez-tələsik qaçıb, daha təhlükəsiz bölgələrə getdilər. Və erməni toplumunun ittihamlarına tuş gəldilər.

Belə anlaşılır ki, avropalılar daha öncə sınaqdan çıxartdıqları taktikaya bu dəfə də sadiq qalmağa üstünlük veriblər. Belə ki, Ümumerməni Milli Dövlət Partiyasının sədri Artur Vardanyan avropalı müşahidəçilərin yenə qaçdıqlarını iddia edib. Onun dediyinə görə, Zəngəzur və Göyçə vilayətlərinə gedən avropalı müşahidəçilər gərgin vəziyyətlə əlaqədar təcili olaraq, həmin əraziləri tərk ediblər.

Bütün bunlar yaxınlaşan yeni böyük savaşın ilkin əlamətləri də hesab oluna bilər. Çünki bir tərəfdən sərhəd bölgəsində davamlı olaraq, təxribatlar törədən Ermənistan hərbi birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Rəsmi İrəvan sərhəd bölgəsinə əlavə hərbi qüvvələr toplayır. Buna paralel olaraq, ABŞ səfirliyi öz ölkəsinin vətəndaşlarını savaşın başlaya biləcəyi ərazilərdən uzaq durmağa çağırır.

Avropalı müşahidəçilər isə növbəti dəfə Ermənistan siyasi dairələrinin ümidlərini puça çıxararaq, silahlı toqquşma ehtimalı olan bölgəni tez-tələsik tərk edirlər. Belə vəziyyətdə rəsmi İrəvanın Fransa və Rusiyanın sifarişi ilə növbəti savaşa yol açması Ermənistan üçün olduqca təhlükəli variantdır. Hər halda, Ermənistanı Azərbaycanın cavab zərbəsindən heç bir dövlət qoruya bilməz. Və Ermənistan daha biabırçı məğlubiyyətə məhkumdur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR