İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan-Bakı-Moskva-Brüssel xətti - Savaşanlar barışır, havadarlar mübahisə edir

Rusiya prezidenti Vladimir Putinin 2023-cü ilin yekunlarından danışarkən, ölkəsinin daxili işi imiş kimi, növbəti dəfə Ermənistan-Azərbaycan münaqişəsindən bəhs etməsi, Ermənistan hökumətinin öz təşəbbüslü ilə Azərbaycanın Dağlıq Qarabağ üzərindəki hüququnu tanıdığını deməsi yeni söhbət deyil.

Bu, köhnə bayatıdır, sadəcə, hər dəfə yenidən canlı şəkildə ifa olunur. Özü də bunu deyən təkcə Putin deyil, RF-nin xarici işlər naziri Sergey Lavrov və XİN-in sözçüsü Mariya Zaxarova, eləcə də bir sıra başqa siyasi xadimlər bu fikri yüz dəfə təkrarlayıblar.

Burada Rusiya siyasətçilərinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırmışlar kimi bir görüntü gözə dəyir. Gerçəkdən də, necə yəni, “Ermənistan özü Qarabağın Azərbaycanın olduğunu etiraf etdi”? Necə olmalıydı? Məgər bu, aydın deyildimi ki, beynəlxalq hüquqa görə Qarabağın dağlıq və düzən hissəsi Azərbaycanın ərazisidir və sadəcə olaraq işğal olunmuşdu?

Bunu hamı kimi ruslar da bilir. Belə deyərkən onların əsas məqsədləri günahın ermənilərin özündə olduğunu, 2020-ci ildən bəri başlarına gələn işlərin Moskvanın təqsiri (xəyanəti, etibarsızlığı) üzündən olmadığını, hər şeyə görə Paşinyan iqtidarının cavabdehlik daşıdığını ermənilərə təlqin etməkdir. Eyni zamanda rus siyasilər belə bir mesaj vermək istəyirlər ki, hələ axşam deyil, əgər Paşinyanı devirə bilsələr, o zaman Kreml Ermənistanı böhranlı vəziyyətdən çıxara bilər, hətta onların yenidən Qarabağa iddia etmələri üçün şans yaranar. Bax, burası artıq RF rəhbərliyinin öz dövlət maraqları naminə Azərbaycanın dövlət maraqlarına zədə yetirməyə hazır olduqlarının göstəricisidir.

Putin deyəndə ki, “İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması barədə Rusiyaya əvvəlcədən məlumat verilməyib”, elə çıxır ki, Moskvanın bundan xəbəri olsaymış, qarşısını alarmış. Bu, sırf özünü ermənilərə şirin göstərmək cəhdidir.

Ancaq o da bəllidir ki, Ermənistan cəmiyyətinin hazırkı həlledici əksəriyyəti mental olaraq Rusiyadan qopub. Bu ölkədə öz mənfəəti üçün Rusiyadan yararlanmaq istəyən qruplar da var, fəqət onlar getdikcə zəifləyirlər. Rusiya Emənistana basqını artırdıqca, Kremlpərəst qüvvələrin dairəsi daralır, dilləri gödəlir. Bir yerə qədər Rusiyadan yararlanmaq, sonra ona layiq olduğu sifəti göstərmək fürsəti güdən riyakar qruplar öz əsl niyyətlərini xalqa başa sala, eyni zamanda özlərini Moskva qarşısında ifşa edə bilmirlər. Siyasi tərcihlərində həmişə emosional qərarlar verən, onlara pislik edənləri heç vaxt unutmayan və gündən-günə böyüyən kin-küdurət bəsləyən ermənilər üçün Rusiyanın son üç ildə Ermənistanla davranışı “bağışlanmaz xəyanətlər” qrafasındadır.

Bu ili sentyabr ayından sonra münasibətləri xeyli dərəcədə ayırd edilmiş iki ölkənin – Azərbaycanla Ermənistanın arasında, demək olar ki, ciddi problem qalmayıb. Sərhəddə demarkasiya və delimitasiya işləri “iki metr o yana, iki metr bu yana” səciyyəsi daşıdığı, adsız təpəliklərdən keçən sərhəd xəttiylə bağlı məsələni həll etmək ciddi fikir ayrılığı yaratmayacağı üçün sülh sazişinin bağlanması ehtimalı xeyli artıb.

Ancaq yenə də Avropa və Rusiya ortalıqdadır. Bu dairələr az qala adsız təpəliklərə ad qoyaraq sərhəd dirəklərini özləri basdırmaq istəyirlər.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, saziş üzrə işlərin böyük hissəsi görülüb, görüşmək və mühüm məsələlər üzrə yekun razılığa gəlmək lazımdır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə dekabrın sonuna qədər saziş imzalamağa hazır olduqlarını deyib.

Belədirsə, bu iki Qafqaz ölkəsinə mane olan nədir və ya kimdir?

Rusiya açıq-aşkar Ermənistanla Azərbaycan arasındakı sülh sazişinin ABŞ-da və Brüsseldə imzalanmasını istəmir.

Avropa Şurasının rəhbəri Şarl Mişel Ermənistan və Azərbaycanın sülhə hazır olmaları barədə verdikləri birgə bəyanatın qismən AŞ-ın köməyi sayəsində mümkün oldunu deyib və əlavə edib ki, əsas məsələ görüş yeri deyil, ən önəmlisi nəticədir.

Moskva 2020-ci illə müqayisədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Moskva platformasının aktuallığı azalması ilə barışa bilmir. Ekspertlər bildirirlər ki, artıq Rusiyanın Ermənistana təsiri xeyli azalıb. “İrəvan faktiki olaraq KTMT-də iştirakını dayandırıb, Qarabağda sülhməramlıların effektivliyini şübhə altına alıb və Qərb tərəfdaşları ilə əməkdaşlığı intensivləşdirib”, - MDB Ölkələri İnstitutunun departament rəhbəri Vladimir Yevseyev bildirib.

Bu şəxs Ermənistanla Azərbaycan arasında necəsə bir bərabərlik işarəsi qoymaq üçün özündən belə bir şey də uydurub: “Azərbaycanda da hər şey mürəkkəbdir. Şayiələrə görə, Bakı Kiyevi 122 mm-lik mərmilərlə təmin edir. Bunun nə dərəcədə doğru olduğunu söyləmək çətindir, lakin bunu yoxlamaq lazımdır”.

“Şayiələrə görə”... Məgər xarici kəşfiyyatının şöhrəti dünya ilə bir olan dövləti şayiələr əsasında, “doğru olduğunu söyləməyin çətin olduğu” gümanlar yürütməklə idarə etmək olar?

Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan hesab edir ki, əsirlərin dəyişdirilməsi uzun müddətdən bəri Ermənistan və Azərbaycanın bir-birinə qarşı ilk addımıdır. Ancaq bu mübadilənin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenin Bakıya uçmasından sonra baş verməsi bu məsələdə ABŞ-ın rolu olduğuna sübut kimi göstərilir və bu da Kreml qıcıqlandıran təfərrüatdır.

Beləcə aydın olur ki, 35 ildən bəri savaşan tərəflər, Azərvaycanla Ermənistan artıq barışmağa, sülhə gəlməyə hazır olsalar da, özlərini vasitəçi kimi göstərən, havadarlıq edən tərəflər sırf öz intriqaları üçün mübahisə etməkdədirlər.

Bir sözlə, əgər böyük dövlətlər, xarici qüvvələr imkan versələr, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi 2024-cü ilin əvvəlində imzalana bilər.

Araz Altaylı, Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR