İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan AB-ni “təhlükəsizlik aləti”nə çevirir: “Avropalı missionerlər” erməni təxribatlarını gücləndirir

Rəsmi İrəvan Avropa Birliyinin mülki missiyası hesabına “sərhəd zastavaları” yaratmaq həvəsinə düşüb, “avropalı missionerlər”in Ermənistan üçün sərhəd qoşunlarının funksiyalarını yerinə yetirməsi ilə bağlı planlar qurur... Halbuki, hansısa sərhədlərdən danışmaq üçün əvvəlcə delimitasiya və demorkasiya olmalıdır, Azərbaycan heç kimə, o cümlədən, “avropalı missionerlərə” də Ermənistan üçün rəsmi İrəvanın “xətkeşi” ilə sərhəd çəkmək və “müdafiə çətiri” rolunu oynamaq imkanı verməz...

Cənubi Qafqaza kənar müdaxilələr artıq regionda mövcud olan geopolitik situasiyaya öz neqativ təsirini göstərməyə başlayıb. Hər halda, son vaxtlar dünya nəhənglərinin bu regionda kəskinləşən qarşıdurması Cənubi Qafqaz ölkələri arasında münasibətlərin gərginləşməsinə də münbit şərait yaradıb. Və bu baxımdan, Cənubi Qafqaza birbaşa aiddiyyatı olmayan beynəlxalq siyasi iradə mərkəzlərinin regionda sabitliyi təhdid edən əsas faktorklardan biri olduğu artıq qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma ehtimalı hazırda o qədər də inandırıcı görünmür. Halbuki ötən ilin noyabrında, ən uzağı dekabrında sülh prosesinin uğurla nəticələnə biləcəyi proqnozlaşdırılırdı. Hətta rəsmi İrəvan 2022-ci ilin sonlarına qədər Azərbaycanla sülh sazişi imzalayacağını açıq şəkildə bəyan etmişdi. Və bu, Ermənistanın başqa çarəsinin qalmamasından qaynaqlanırdı.

Ancaq Ermənistanın Cənubi Qafqazda sülhün və sabitliyin bərpa edilməsində maraqlı olmayan beynəlxalq himayədarları rəsmi İrəvan üçün çarə icad etməyi bacardılar. Xüsusilə də, Fransa və Rusiya Paşinyan hakimiyyətinin sülh danışıqlarından yayındırılması üçün bütün mümkün variantları sınaqdan çıxartdı. Rusiya sülh danışıqlarına gərginləşdirici hərbi-siyasi faktorlarla müdaxilə etmək cəhdləri ilə bu prosesi əngəlləməyə və yaxud heç olmasa, ləngitməyə çalışırdı.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Fransa isə daha çox Ermənistanın siyasi müqavimət potensialını gücləndirməyə çalışırdı. ATƏT-in Minsk Qrupunun ləğv olunmasından sonra rəsmi Paris Cənubi Qafqaza yeni müdaxilə mexanizmlərinə ehtiyac duyurdu. Ona görə də, Fransa Avropa Birliyinin mülki müşahidə missiyasının Ermənistana yerləşdirilməsinə nail oldu. Və bununla da rəsmi İrəvan sülh prosesindən uzaqlaşıb, hərbi-siyasi təxribatlar törətməyə üstünlük verməyə başladı.

Məsələ ondadır ki, Avropa Birliyinin mülki missiyasının Ermənistana yerləşdirilməsindən sonra rəsmi İrəvan özünü daha rahat hiss edirdi. Bu missiyanın sülh prosesinə ağır zərbələr vuracağı onun Ermənistana yerləşdirildiyi iki aylıq ilk mərhələdə dərhal ortaya çıxdı. Çünki bundan sonra Paşinyan hakimiyyəti sülh danışıqlarından ümumiyyətlə, imtina etdi.

Təbii ki, Fransa başda olmaqla, bəzi ermənipərəst Qərb dairələri yalnız bununla kifayətlənmədilər. Belə ki, Avropa Birliyinin mülki missiyasının Ermənistanda fəaliyyətini bu dəfə iki il müddətinə uzatmaq qərarına gəldilər. Əsasən, alman polislərindən və fransız jandarmlarından ibarət olan bu missiyanın təmsilçiləri Ermənistan üçün “müdafiə çətiri” funksiyalarını qeyri-rəsmi şəkildə öz üzərlərinə götürdülər. Və bununla da, rəsmi İrəvanı yeni hərbi-siyasi təxribarlara cəsarətləndirmiş oldular.

Nəticəsi də hər gün müşahidə olunur. Paşinyan hakimiyyəti hər imkanda Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir, Ermənistan ordusu atəşkəsi pozur, hərbi təxribatlar törədir. Bütün bunlara Azərbaycanın reaksiyasını isə “genosid”, “aqressiya” və s. bu kimi qondarma iddialarla hay-küy salaraq, qarşılayır. Və dərhal Avropa Birliyinin mülki missiyasını mövqe bildirməyə çağırır.

3fdc23ab-eca4-47df-a1d5-d758188a54b5.jpg (256 KB)

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Avropa Birliyinin mülki missiyasının arxasında gizlənib, təxribatlar törətməkdə israrlıdır və buna qarşılıq verən Azərbaycanı isə şantaj etmək niyyətindədir. Avropa Birliyinin mülki missiyasına rəhbərlik edən Markus Ritterin son açıqlaması da onu göstərir ki, bu qurum Paşinyan hakimiyyətini manipulyasiyalarına dəstək verir. O, bildirib ki, Cənubi Qafqazda yeni savaş başlamayıbsa, Azərbaycan ordusunun hərbi əməliyyatları müşahidə olunmursa, bu, ilk növbədə AB missiyasının effektiv fəaliyyəti ilə bağlıdır.

Bu açıqlama bir tərəfdən Avropa Birliyinin mülki missiyasının səlahiyyət və fəaliyyət çərçivələrinin kobud şəkildə aşılması anlamı daşıyır. Digər tərəfdənsə, bu mövqe rəsmi İrəvanı yeni hərbi-siyasi təxribatlara daha da həvəsləndirir. Bu baxımdan, hesab etmək olar ki, Paşinyan hakimiyyəti Avropa Birliyi missiyasından sui-istifadə edir və Ermənistanın bu müddət ərzində təxribatları ciddi şəkildə intensivləşib. Yəni, Avropa Birliyinin missiyası hazırda Cənubi Qafqazda sülh prosesini təhdid edən əsas kənar faktora çevrilib.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın AB missiyasında öz məkrli və çirkin planlarında daha geniş şəkildə istifadə etmək niyyətinə düşməsi qətiyyən təəccüblü deyil. İndi Paşinyan hakimiyyəti “avropalı missionerlər”dən daha uzaqgedən niyyətlər üçün istifadə etmək barədə düşünür. Və hətta onların Ermənistan üçün “sərhəd mühafizə dəstəsi”nə çevrilməsinə yönəlik planlar qurur.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fikrincə, Ermənistanın Azərbaycanla beynəlxalq sərhədlərində Avropa Birliyi mülki missiyasının yerləşdirilməsi təhlükəsizliyin təmin olunması, eləcə də, Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün dəyərli, effektiv alət kimi görünür. Halbuki, erməni nazir unudur ki, hansısa beynəlxalq sərhədlərdən danışmaqdan öncə delimitasiya və demorkasiya prosesinə başlamaq lazımdır. Əks halda, heç kim, o cümlədən, “avropalı missionerlər” də Ermənistana rəsmi İrəvanın “xətkeşi” ilə sərhəd çəkə bilməz.

Eyni zamanda, rəsmi İrəvanın Avropa Birliyi missiyası hesabına “sərhəd zastavaları” yaratmaq həvəsi də tamamilə məntiqsiz yanaşmadır. Çünki hər bir ölkənin sərhədlərinin həmin ölkənin sərhəd qoşunları qorumalıdır. Bu baxımdan, “avropalı missionerlər”in Ermənistan üçün sərhəd qoşunları funksiyalarını yerinə yetirə bilməz. Üstəlik, hətta buna cəhd göstərilsə belə, əgər, hər hansı ərazi Azərbaycana aiddirsə, rəsmi Bakı o bölgədə kimin dayanmasına qətiyyən əhəmiyyət verməz və hərbi delimitasiyanı reallaşdırmaqdan qətiyyən çəkinməz.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətinin “avropalı missionerlərə” Ermənistan üçün “təhlükəsizlik aləti” kimi yanaşması tamamilə absurddur. Rəsmi İrəvanın bu planları onu göstərir ki, Ermənistan “avropalı missionerlər”in arxasında gizlənib, hərbi-siyasi təxribatları daha da intensivləşdirmək niyyətindədir. Bu baxımdan, hesab etmək olar ki, “avropalı missionerlər” hazırda müəyyən mənada, Ermənistanın təxribatları üçün əsas “müdafiə çətiri” rolunu oynayır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR