Onlayn ictimai-siyasi qəzet
İranlı aparıcı Azərbaycana qarşı həyasızlıqla yanaşı, başından yekə sözlər işlədib. “Channel One” TV kanalının aparıcısı Şəhram Humayun İranın silahlanmasına dəstək verərək, bunun vacib olduğunu bildirib. Daha sonra isə mövzunu Azərbaycan və BƏƏ-nin üzərinə gətirib.

O deyib: “Əgər hərbi təchizatı olmasa, sabah bu cırtdan Azərbaycan, o BƏƏ, bəzilərinin dediyi kimi, iki qəpiklik ölkələr belə bizə buynuz göstərər! Qardaşım, müxalifik? Bəli, İrana müxalifik. Amma ölkənin hərbi qüdrəti hakimiyyəti qorumaq üçün deyil, ölkəni qorumaq üçündür” (Tribuna.az).
Amma bu yekəbaşlar illərdir “cırtdan” dedikləri Azərbaycandan həmişə qorxublar. Çünki Azərbaycan hər zaman bu şovnistlərin gözünə mil kimi batıb, yuxularını qaçırıb. Onun öz müstəqilliyini, suverenliyini bərpa etməsini heç bir şəkildə həzm edə bilməyiblər.
Bu əxlaqsızların “iki qəpiklik ölkə” deyimi isə əlbəttə ki, içlərinin yandığından irəli gəlir. Ona görə ki, artıq özünü regiona orta güc kimi təsdiqləmiş Azərbaycan gücləndikcə, böyüdükcə və inkişaf etdikcə bu cür şərəfsizlərin qarnının sancısı da güclənir. Beləcə, özlərinə verməli olduqları bu qiyməti başqalarının adına çıxırlar. Çünki dəyərləri iki qəpikdən də aşağıdır.
Bəs İran hakimiyyəti bu çıxışlara niyə şərait yaradır? Bakı Tehrana öz dəstəyini ifadə edir, prezidentlər səviyyəsində xoş münasibət və təmaslar var, amma informasiya məkanında hücumlar səngimir...
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli iranlı aparıcının SEPAH-a bağlı “qırğı”lardan biri olduğunu ehtimal edir. Onun fikrincə, Humayun kimilər az deyil və onlardan hər an buqələmunluq gözləmək olar: “Sabah ona əmr verilsə ki, Azərbaycan haqda müsbət fikirlər səsləndir, mədh etməyə başlayacaq. Bu adamlar rejimin nökərləridir və bütün simasız hərəkətlərə yol verirlər. Necə ki, Rusiyada Solovyov, eləcə İranda Humayun kimilər gecə-gündüz hürür. Əslində, onun kimi rejim qullarının cavabını verməyə də ehtiyac yoxdur. Çünki onların cəzası verilib, hələ də həzm edə bilmirlər”.

S.Əsədli qeyd edib ki, İran rejimi fevraldan bu yana aldığı zərbələrdən uzun müddət özünə gələ bilməyəcək: “Humayun kimi təbliğatçılar bunun dərdini çəkmək əvəzinə Azərbaycana hürürlər. Halbuki Azərbaycan onun ölkəsinə humanitar yardım göndərib, dini liderin ölümü ilə bağlı başsağlığı verib, vida mərasimində Milli Məclisin sədri iştirak edib... Budur yaxşılığın cavabı? Biz İran ərazilərinin vurulmasında plasdarm olmamışıq, Naxçıvana edilən hücumdan sonra münasibətlərdə normallaşmaya üstünlük vermişik, körfəz ölkələrindən fərqli olaraq ərazimizdən Tehrana raket atmayıblar, amma Humayun öz aləmində Azərbaycana “cırtdan” deyərək guya bizi kiçildir. Əslində isə cılızlığa, səviyyəsizliyə, nankorluğa yol verdiyini qanmır. Onun kimilər yaxşı başa düşürlər ki, Azərbaycan da, onun ürəyi də böyükdür...”
Emil Salamoğlu
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ