Onlayn ictimai-siyasi qəzet
NATO İranın Avropadakı hərbi obyektlərə mümkün zərbələri ilə bağlı xəbərlərdən sonra alyans üzvlərini lazımi addımları atmağa hazır olduğunu açıqlayıb. Alyans nümayəndəsi bildirib ki, Blokun çəkindirmə və müdafiə strategiyası güclü, effektivdir və üzv ölkələrə qarşı istənilən təhdidə cavab veriləcək.
Məlumata görə, İranın mümkün hədəfləri arasında Bolqarıstan və Kiprdəki hərbi obyektlərin olduğu iddia edilir. Bolqarıstan iyul ayında ABŞ-a yanacaq doldurmaq üçün öz hava bazasından istifadə etməyə icazə verib. Kiprdə isə Böyük Britaniyaya məxsus hərbi hava bazaları yerləşir.
“Financial Times” İranın ABŞ-la yeni qarşıdurma yaranacağı təqdirdə Avropadakı bəzi hədəflərə, xüsusilə Kipr və Bolqarıstandakı obyektlərə zərbə endirmək imkanını müzakirə etdiyini yazıb. “The New York Times” isə İranın Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə cavab olaraq Ukraynadakı limanlardan birini vurmaq variantını da nəzərdən keçirdiyini, lakin sonradan bundan imtina etdiyini bildirib.
Tehran NATO ölkələrinə zərbə endirə bilərmi, yoxsa bu, sırf pafos və blefdir?

Politoloq Məhəmməd Əsədullazdə Musavat.com-a bildirib ki, Tehran NATO-nu bütövlükdə hədəf almaqdan daha çox, ABŞ və Böyük Britaniyanın İrana qarşı istifadə etdiyi və ya istifadə edə biləcəyi obyektləri hədəf kimi nəzərdən keçirə bilər: “Bu, qismən blef, qismən real hərbi plan ola bilər. Çünki belə məlumatların mətbuata sızdırılması da özü-özlüyündə məqsədlidir. İran ABŞ-a “qırmızı xətt” göstərir, eyni zamanda, NATO ölkələrinə mesaj verir ki, onların ərazisinin ABŞ tərəfindən istifadə olunması həmin ölkələri də risk zonasına sala bilər.
“Financial Times”ın məlumatında məhz bu məqam önə çıxır ki, İran qüvvələrinin Cənub-Şərqi Avropadakı, o cümlədən Bolqarıstan və Kiprdəki ABŞ və müttəfiq hərbi imkanlarını mümkün cavab zərbələri çərçivəsində qiymətləndirdiyi bildirilir. İranın hədəsinə tamamilə blef demək olmaz. İranın orta və uzaqmənzilli ballistik raket arsenalı Yaxın Şərqdən kənardakı bəzi hədəfləri vurmaq imkanını nəzəri olaraq yaradır. Üstəlik, Tehran artıq xaricdəki ABŞ və müttəfiq mövqelərinə zərbə endirmək niyyətini dəfələrlə nümayiş etdirib. Amma hələ ki, heç bir NATO üzvü olan ölkənin ərazisinə zərbə endirməyib”.
Ekspert hesab edir ki, indi konkret Bolqarıstan və Kiprin adının çəkilməsi təsadüfi deyil: “Bolqarıstan və Kipr İran üçün ona görə maraqlıdır ki, bunlar Avropadan Yaxın Şərq istiqamətində hərbi logistikanın bir hissəsidir. İran ABŞ-nin bu istiqamətdə logistik imkanlarını zəiflətmək üçün addımlar ata bilər. Lakin mən hesab edirəm ki, burada əsas məqsəd psixoloji təzyiqdir. Tehran demək istəyir ki, müharibə başlasa, vuracağımız NATO üzvlərini indidən müəyyənləşdirmişik”.
Etibar Seyidağa,
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ