Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə gərginlik sürətlə artır və ABŞ-nin İrana mümkün hərbi zərbəsi ilə bağlı xəbərlər regionda ciddi narahatlıq yaradıb.
Musavat.com xəbər verir ki, İraqın ali şiə dini avtoriteti Əli əs-Sistani belə bir hücum baş verəcəyi təqdirdə cihad elan oluna biləcəyinə dair xəbərdarlıq edib.
Nəcəfdə yerləşən dini mərkəzdən yayılan mesajın təkcə İraq üçün deyil, bütün şiə dünyası üçün siqnal xarakteri daşıdığı bildirilir. Sistani uzun illərdir şiə icması üçün ən nüfuzlu dini fiqurlardan biri hesab olunur və onun çağırışları regiondakı silahlı və ictimai qruplar tərəfindən ciddi qəbul edilir.
Xatırladaq ki, 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsi zamanı Sistani fərqli mövqe sərgiləmişdi. O, Amerika qoşunlarına qarşı silahlı mübarizəni haram elan edən fətva vermiş və bu qərar həmin dövrdə bir çox şiə qruplarının birbaşa qarşıdurmadan çəkinməsində mühüm rol oynamışdı.
Hazırkı situasiyada isə geosiyasi reallıq dəyişib. Ekspertlər hesab edir ki, əgər Vaşinqton Tehrana zərbə endirərsə, İraq, Livan və Yəməndə fəaliyyət göstərən şiə qüvvələrinin hərəkətə keçməsi mümkündür. Bu isə ABŞ-İran qarşıdurmasını lokal müstəvidən çıxararaq genişmiqyaslı regional müharibəyə çevirə bilər.
Eyni zamanda sosial şəbəkələrdə ABŞ Dövlət Departamentinin vaxtilə Sistaniyə 200 milyon dollar məbləğində ianə ayırdığına dair iddialar yenidən gündəmə gətirilir. Lakin bu məlumatla bağlı rəsmi təsdiq yoxdur və açıq mənbələrdə belə bir ödənişi təsdiqləyən sənəd mövcud deyil.
Regionun taleyini müəyyən edəcək əsas sual isə açıq qalır: Vaşinqton riskə gedəcəkmi, yoxsa diplomatik kanallar son ana qədər açıq saxlanılacaq?
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ