Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə geosiyasi düzənin yenidən qurulduğu bir vaxtda Tehran-Ankara xətti aktivləşməkdədir. Bu yaxınlaşma fonunda İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə gedib.
Şübhəsiz ki, indiki vaxtda Əraqçinin Türkiyəyə səfəri təsadüfi deyil. Regional gərginliyin artdığı, diplomatik kanalların önə çıxdığı bir mərhələdə baş tutan belə görüşlər həm ikitərəfli münasibətlərə, həm də bölgədə formalaşan yeni siyasi konfiqurasiya ilə bağlı mövqeləri uzlaşdırmaq cəhdi kimi qiymətləndirilir.
Cənub qonşumuza qarşı xüsusilə son bir ayda ABŞ-nin artan təzyiqləri fonunda İranın Türkiyəni öz yanında görmək arzusunun olduğu sirr deyil. Ekspertlər də ABŞ və İran arasında düşmən münasibətlərinin aradan qaldırılmasında vasitəçi baxımından qardaş ölkənin şanslarını kifayət qədər yüksək dəyərləndirirlər.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında qardaş dövlətin İranla bağlı proseslərdə əsas söz sahibi durumuna gəldiyini söylədi:
“Donald Tramp İranın onunla danışmaq istədiyini, lakin bununla bağlı hələ qəti qərar vermədiyini açıqlamışdı. İran və ABŞ arasında vasitəçiliyi Türkiyənin etməsi ilə bağlı ehtimallar çoxdan səslənir. Bu ehtimalı Türkiyənin regionda sabitliyin qorunub saxlanılmasında maraqlı olması da gücləndirir. Əraqçının Türkiyəyə səfəri və prezident Ərdoğanla görüşünün planlaşdırılması isə bu ehtimalları təsdiqləyir. Türkiyə İran ətrafında baş verən proseslərdə fəal aktora çevrilib.
Ukrayna müharibəsində də Türkiyə tərəflər arasında sülhə nail olmaq üçün ciddi addımlar atdı. İndiyədək fəaliyyət göstərən taxıl koridoru ilə bağlı razılaşma İstanbulda əldə olunmuşdu. Etiraf etmək lazımdır ki, regionda aparıcı dövlət Türkiyədir. İranla bağlı planlar onun rəyi olmadan həyata keçirilməsi inandırıcı görünmür. Əraqçının səfərində çox güman ki, İrana hücumun təxirə salınması ilə bağlı məsələlər müzakirə olunacaq. Eyni zamanda, Tehranın nüvə proqramı da nəzərdən keçiriləcək”.
Lakin partiya sədrinə görə, bütün bunlar regionda gərginliyi müvəqqəti olaraq səngidə bilər: “Çünki İranla bağlı məsələ kifayət qədər mürəkkəbdir. Bu ölkədə dünyanın super güclərinin maraqları toqquşur və onun həlli asan olmayacaq”.
Cavanşir ABBASLI,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ