Onlayn ictimai-siyasi qəzet
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna rəsmi məktub ünvanlayıb.
Musavat.com xəbər verir ki, səfirliyin 10 avqust 2026-cı il tarixli məktubu portalımızda avqustun 9-da İranda insanların itkin düşməsi və ölüm hallarına təhlükəsizlik strukturlarının əlinin olması ilə bağlı yayımlanmış materiala etiraz xarakteri daşıyır.
Səfirliyin Mətbuat Xidmətinin imzaladığı məktubda sözügedən materialda səsləndirilən iddiaların qəbul edilmədiyi bildirilir. İran tərəfi sosial şəbəkələrdə yayılan məlumatlara, şayiələrə və “yerli mənbələr”ə əsaslanmağı qeyri-peşəkar yanaşma hesab etdiyini qeyd edir və belə xəbərlərin “İranofobiya meyilli süni ajiotaj” yaratdığını iddia edir.
Məktubda, həmçinin İranın coğrafi məkanlarına münasibətdə istifadə edilən bəzi adlandırmalara etiraz olunur, İranın hüquq-mühafizə və təhlükəsizlik qurumlarına qarşı səsləndirilən ittihamların media etikası, beynəlxalq normalar və iki qonşu dövlət arasındakı münasibətlərlə uzlaşmadığı bildirilir.
Səfirlik Azərbaycan mediasının iki ölkə arasındakı münasibətlərin qorunmasına həssas yanaşacağına ümid etdiyini ifadə edir.
“Yeni Müsavat” redaksiyası İran səfirliyinin mövqeyini olduğu kimi dərc etməyi peşəkar jurnalistikanın və qarşı tərəfin cavab hüququnun tələbi hesab edir.
Lakin səfirliyin məktubunda media etikası ilə bağlı irəli sürülən iradlar fonunda bizim də İran tərəfinə xatırlatmalı olduğumuz ciddi məsələlər var.
İranın bir sıra kütləvi informasiya vasitələrində uzun müddətdir Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ölkəmizin ayrı-ayrı ictimai-siyasi institutlarına qarşı son dərəcə sərt, bəzən açıq təhqir və nifrət dili ilə materiallar yayımlanır. Bu kampaniyalardan “Yeni Müsavat” Media Qrupu da kənarda qalmayıb. Müxtəlif dövrlərdə media qurumumuz və Azərbaycan jurnalistikası haqqında əsassız ittihamlar, böhtan xarakterli təqdimatlar dərc edilib.
Biz hesab edirik ki, media etikası qarşılıqlı prinsip olmalıdır.
Azərbaycan mediasından mənbələrə, faktlara və peşə standartlarına həssas münasibət tələb etmək nə qədər legitimdirsə, eyni həssaslığı İran mediasından gözləmək də Azərbaycan ictimaiyyətinin haqqıdır.
“Yeni Müsavat”ın İranla bağlı materialları açıq mənbələrə, yayılan məlumatlara və göstərilən qaynaqlara əsaslanır. Məlumat mübahisəlidirsə, İranın rəsmi qurumlarının mövqeyi dərc edilməyə hazırdır və bunun ən konkret nümunəsi səfirliyin hazırkı məktubunun oxucularımıza təqdim olunmasıdır.
Ancaq eyni standart İran mediasına münasibətdə də tətbiq edilməlidir.
Azərbaycan dövləti, Prezident İlham Əliyev və Azərbaycan xalqı haqqında faktlara söykənməyən ittihamların, təhqirlərin və düşmənçilik ritorikasının davamlı şəkildə tirajlanması iki qonşu ölkə arasında münasibətlərə xidmət etmir. Əksinə, ictimai rəydə gərginliyi artırır və diplomatiyanın qurmağa çalışdığı münasibətlərə zərər vurur.
Xüsusilə İran Prezidenti Məsud Pezeşkianın son açıqlamaları fonunda bu ziddiyyət daha aydın görünür. İran Prezidenti Azərbaycanla münasibətlərə dostluq və əməkdaşlıq prizmasından yanaşaraq Azərbaycanın İran üçün düşmən deyil, dost və qonşu dövlət olduğunu göstərən mövqe ortaya qoyub.
Bu yanaşmanı müsbət qiymətləndiririk.
Təəssüf doğuran isə budur ki, İranın dövlət rəhbərliyi səviyyəsində səslənən belə konstruktiv mesajlardan sonra belə, İran informasiya məkanının müəyyən seqmentlərində Azərbaycana qarşı ittiham, böhtan və təhqir ritorikası tam dayanmayıb.
Ortaya təbii sual çıxır: Tehran Azərbaycan mediasından həssaslıq tələb edirsə, niyə eyni həssaslığı öz media məkanından da tələb etməsin?
Biz İran səfirliyinin məktubunu dərc etməklə onun cavab hüququna hörmət göstəririk. İran tərəfinin də Azərbaycan dövlətinə, onun rəhbərliyinə, xalqımıza və mediasına qarşı yayılan əsassız ittihamlara eyni prinsipiallıqla yanaşmasını arzulayırıq.
Azərbaycan və İran qonşudur. Coğrafiyanı dəyişmək mümkün deyil və buna ehtiyac da yoxdur. Əksinə, qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə ehtiram və dürüst informasiya siyasəti hər iki ölkənin marağındadır.
Media bu münasibətlərdə körpü də ola bilər, gərginlik mənbəyi də.
“Yeni Müsavat” öz seçimini edib: faktı yazmaq, mənbəni göstərmək, qarşı tərəfin mövqeyinə yer vermək. İran mediasından da Azərbaycanla bağlı eyni jurnalist standartını gözləmək bizim haqqımızdır.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ