Onlayn ictimai-siyasi qəzet
Hörmüz boğazının fəaliyyətinin bərpası İranın irəli sürdüyü şərtlərin qəbul olunmasından və ölkəyə qarşı tətbiq edilən blokadanın aradan qaldırılmasından asılı olacaq.
Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə fəaliyyət göstərən xarici diplomatlarla görüşü zamanı deyib.
Əraqçi qeyd edib ki, Tehran ABŞ ilə mövcud qarşıdurmaya son qoymaq və fikir ayrılıqlarını həll etmək məqsədilə BMT Baş Assambleyasına “7 günlük plan” təqdim edib.
Nazirin sözlərinə görə, İranın tələbləri qəbul olunarsa, Hörmüz boğazı yeddi gün ərzində tam şəkildə gəmiçiliyin üzünə açılacaq.
“Bu strateji və həyati əhəmiyyət daşıyan marşrut üzrə hərəkət əvvəlki normal vəziyyətinə qayıdacaq”, – deyə Əraqçi bildirib.
Bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ tərəfindən vasitəçilər üzərindən bir sıra təkliflərin çatdırıldığını açıqlamışdı. O, eyni zamanda Tehranın Hörmüz boğazının açılması ilə bağlı mövqeyində dəyişiklik olmadığını bildirmişdi.
Qeyd edək ki, İranın irəli sürdüyü şərtlər arasında ABŞ-nin dəniz blokadası və iqtisadi təzyiq də daxil olmaqla hücumlarının dayandırılması, bütün cəbhələrdə hərbi əməliyyatlara son qoyulması, İranın dondurulmuş və ya məhdudlaşdırılmış aktivlərinin sərbəst buraxılması, həmçinin iki sahilyanı ölkə arasında razılaşdırılmış təhlükəsiz gəmiçilik marşrutunun təmin edilməsi yer alır.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ