Onlayn ictimai-siyasi qəzet
“Şuşa şəhərində keçirilən bu tarixi toplantı hamımız üçün olduqca əhəmiyyətli və səmərəli oldu. Bu, dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşüdür və burada qəbul olunan qərarlar xüsusilə gənclərlə iş, ali təhsil müəssisələri və dövlətin bu sahədə həyata keçirdiyi fəaliyyət üçün çox faydalı olacaq”.
Musavat.com xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev Şuşada keçirilən TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə çıxışı zamanı səsləndirib.
Baş katib bildirib ki, indiyədək TDT çərçivəsində müftilərin görüşləri keçirilsə də, dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk toplantısı məhz tarixi Şuşa şəhərində təşkil olunub. O qeyd edib ki, bu formatda əməkdaşlıq üzv ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə, dini maarifləndirmə sahəsində birgə fəaliyyətin gücləndirilməsinə və dövlət qurumları arasında koordinasiyanın artırılmasına mühüm töhfə verəcək.
Qurumun baş katib əlavə edib ki, müftilər səviyyəsində keçirilən əvvəlki görüşlərdə fətva komitələri öz fəaliyyətlərini uğurla yekunlaşdırıb və Şuşada keçirilən bu tarixi toplantı da gələcək əməkdaşlıq baxımından mühüm nəticələr verəcək.
Şahanə Rəhimli,
Musavat.com
30 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ