İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüz bağlandı, İran Azərbaycan yoluna üz tutdu – Ağbənd strateji qapıya çevrilir

ABŞ-ın İrana qarşı iqtisadi müharibəsi davam edir. İyulun ortalarından bəri İrana getmək, yaxud oradan çıxmaq istəyən 100-dən çox gəminin hərəkətinin qarşısı alınıb. Eyni zamanda 10-a yaxın İran tankeri məhv edilib.

Musavat.com xəbər verir ki, iyul ayında münaqişə təkrar kəskinləşəndə ABŞ İranın Çin və Rusiya ilə quru əlaqəsində mühüm əhəmiyyətə malik infrastruktura zərbələr endirib.

İranın şimalındakı Gülüstan əyalətində yerləşən Ağ Təqə Xan (Aq Taqeh Khan) dəmir yolu körpüsü qanadlı raketlərlə dağıdılıb. Bu marşrut Türkmənistan və Qazaxıstandan keçməklə Çin-Türkmənistan-İran dəmir yolu dəhlizinin əsas hissəsidir. Fars körfəzindəki limanların blokadası fonunda bu körpü Çin və Rusiyadan İrana quru yolu ilə yükdaşımalar üçün kritik qovşaq rolunu oynayırdı.

RVyAlodFa23qMFKJ6EhvzV5EhBl0A2C3Nz77gNuP_1200.jpg (157 KB)

ABŞ ordusu həmçinin ölkənin cənubundakı Hörmüzqan əyalətində, strateji Bəndər Abbas liman şəhərinə gedən magistral yollardakı körpüləri və logistik infrastrukturu bombalayıb. Bu hücumların məqsədi İranın tədarük xətlərini və hərbi logistikasını iflic etmək olub.

İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati avqust ayında ölkənin neft ixracının faktiki olaraq dayandığını bildirib. ABŞ İranın qaçaq yolla da olsa satdığı neftdən əldə etdiyi gəlirlərin Tehrana çatdırılması üçün istifadə olunan iki əsas kanaldan birini də bağlayıb. Söhbət BƏƏ və Qatar üzərindən maliyyə vəsaitlərinin İrana çatdırılmasından gedir. Uzun illərdir İranın sanksiyalardan yayındırmaqla Çin və digər ölkələrə satdığı neftin pulları müxtəlid adlar altında dollar şəklində Qətər və BƏƏ maliyyə institutlarına, oradan isə Tehrana çatdırılır. Avqust ayında BƏƏ İranla bütün maliyyə əməliyyatlarını dayandırıb. Vaşinqton administrasiyası İranla ticarət-maliyyə əməliyyatlarını dayandırması üçün Qətərə də təzyiq edir.

 5DahJmtCicuCPRe1L5KRaZqds6xL2MDyOzc35zou_1200.jpg (153 KB)

Beləliklə, ABŞ İrana qarşı çoxistiqamətli təzyiq mexanizmi yaradıb: burada həm sanksiyalar, həm maliyyə kanallarının bağlanması, həm dəniz blokadası, həm də mühüm ticarət tərəfdaşları ilə quru əlaqəsinin məhdudlaşdırılması aiddir.

CNBC-nin məlumatına görə, ABŞ-ın davam edən sanksiyalar və iqtisadi məhdudiyyətləri fonunda İranın xarici ticarəti 25-35 faiz azalıb. İran prezidenti Məsud Pezeşkianın açıqlamasına görə, azalma daha çox idxalda qeydə alınıb.

Kpler gəmi izləmə xidmətinin məlumatına əsasən İranın xam neft ixracı avqust ayında 80 faizdən çox azalaraq gündə təxminən 260.000 barelə düşüb. Bu, 2025-ci ilin avqustundakı 1,7 milyon bareldən 6 dəfədən çox azdır.

Bu şəraitdə İranın qonşulardankənar ticarət tərəfdaşları ilə əlaqəsinin təmin olunmasında Azərbaycanın rolu qat-qat artıb. Xüsusilə İranın strateji tərəfdaşı olan Rusiya ilə ticarətinin təmin olunmasında Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycan üzərindən Qərb qolunun əhəmiyyəti yüksəlib.

V4wzA9cYSf1TBCVzt9G3ZqatLAlfKbrIYVB7iGgD_1200.jpg (148 KB)

Azərbaycan ABŞ-İran münaqişəsinin başlanması fonunda nəinkii İranla ticarət əlaqələrini azaltmayıb, əksinə, bu sahədə artım qeydə alınmaqdadır. Belə ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu ilin yanvar-iyulunda İranla ticarət dövriyyəsinin həcmi 360 milyon 163,84 min dollar təşkil edib. Bunun 340 milyon 26,44 min dolları İrandan idxalın, 20 milyon 137,4 min dolları isə bu ölkəyə ixracın payına düşür. Ötən ilin eyni dövründə ticarət dövriyyəsinin həcmi 353 milyon 409,16 min dollara bərabər olmuşdu – İrana ixracımız 6 milyon 866,13 min dollar, idxalımız isə 346 milyon 546,03 min dollar təşkil etmişdi.

Eyni zamanda Azərbaycan etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirərək, müharibə şərtləri altında olan İranla birgə layihələr çərçivəsində planlaşdırılan işləri vaxtında icra edir. Belə layihələrdən biri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Azərbaycan dəhlizin yükötürmə imkanlarının artırılması üçün İran Astarasında yük terminalının tikintisini bitirmək üzrədir. Astara Terminalı tam istifadəyə verildikdən sonra illik 3,5-4 milyon ton yükötürmə qabiliyyəti ilə yük əməliyyatlarının daha səmərəli təşkilinə və regionun tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. İki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının strateji komponentlərindən biri olan Astara Terminalının fəaliyyəti qarşılıqlı yük dövriyyəsinin artırılmasına, beynəlxalq yükdaşımaların sürətləndirilməsinə və Şimal-Cənub dəhlizinin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edəcək.

Məlumat üçüb qeyd edək ki, 2026-cı ilin 5 ayında Astara terminalında 345 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 26 faiz çoxdur.

Bu ilin yanvar-avqust aylarında ümumilikdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi 24 faiz artıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti "ADY Express" MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidovun dediyinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə həyata keçirilən tranzit yük daşımalarının həcmində əhəmiyyətli artım qeydə alınıb: "Bu ilin yanvar-avqust ayları ərzində Şimal-Cənub istiqamətində 452412 ton yük daşınıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-avqust dövründə bu göstərici 365 450 ton təşkil edib".

Hazırda Azərbaycan Şimal-Cənub dəhlizi layihəsi çərçivəsində Ələt-Astara dəmiryol xəttinin yenidənqurulması işlərini də davam etdirir. 245 km uzunluqda olan yolun Ələt-Osmanlı hissəsində işlərin 60 faizdən çoxu icra olunub, digər hissələrdə də proses sürətlə gedir. Azərbaycan bu istiqamətdə də üzərinə götürdüyü öhdəliklərə əməl edərək, yolu gələn ilin sonuna tam istismara hazır edəcəyini açıqlayıb.

İranla Azərbaycan arasında icra olunan digər mühüm layihə Zəngilandan Naxçıvana İran ərazisi ilə çoxfunksiyalı dəhlizin yaradılmasını nəzərdə tutur. 2022-ci ilin martında imzalanan memorandum əsasında başladılan layihə çərçivəsində Azərbaycan mühüm irəliləyişlər əldə edib. Şərqi Zəngəzur-Naxçıvan ticarət və nəqliyyat dəhlizinin tərkib hissəsi olan Zəngilan-Ağbənd dəmir yolunun tikintisi 2028-ci ildə başa çatdırılacaq. Eyni zamanda Araz çayı üzərində Ağbənddən İrana avtomobillərin hərəkətini təmin edəcək Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi bu ilin fevralında tamamlanıb.

yVxAA0s6OutrKuEJH7jSlTIWbV0LSyEpPjpfcf6P_1200.jpg (78 KB)

Elə bu günlərdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı zamanı Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib.

Şərqi Zəngəzur-Naxçıvan ticarət və nəqliyyat dəhlizinin işə salınması İran üçün Türkiyə və Avropa bazarlarına mühüm çıxış imkanı yaradacaq.

Bütün bunlar ABŞ-ın İrana qarşı hərtərəfli sankisayaları şəraitində həyata keçirilir. Dünyanın ən böyük gücünün məhdudiyyətləri ilə üzləşən İran Azərbaycanın qonşuluq və dostluq siyasətinin dəyişməzliyini görür. Bu siyasət hər tərəfdən sıxışdırılmaqda olan İran üçün ciddi bir nəfəslik yaradır. Məhz buna görə də rəsmi Tehran Azərbaycanla birgə layihələri diqqət mərkəzində saxlayaraq, onların icrasına nail olmağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR