İnsanlara hürriyət, millətlərə istiqlal!

“Höcətlərin yola gətirilməsi” baş tutmur – İsveç payıza qədər “Şimal hozusu” ilə təkbətək qalır

ABŞ Türkiyə və Macarıstanı İsveçin NATO-ya rəsmi qəbulu ilə bağlı vetolarını mümkün qədər tez aradan qaldırmağa çağırır.

Bununla belə, həm Ankara, həm də Budapeşt Skandinaviya ölkəsinin tezliklə Şimali Atlantika Alyansına qoşula bilməyəcəyini açıq şəkildə bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Macarıstanın baş naziri Viktor Orbanın İsveçə qarşı tələbləri var və bu ölkə həmin şərtləri yerinə yetirmədən qitənin təhlükəsizliyini təmin edən təşkilatın sıralarında ola bilməyəcək.

İsveç hökuməti əvvəlcə elə düşünürdü ki, Türkiyə və Macarıstanın “bir atımlıq barıt”ı var, yerli hökumətlər çıxıb bir-iki sərt bəyanat verəcəklər və ABŞ təzyiq edincə geri çəkiləcəklər. Ancaq elə olmadı. Ankara da, Budapeşt də ortaya iradə qoydu.

vikorban.jpg (69 KB)

Böyük ehtimalla Budapeştin dirəşməsi baş nazir Viktor Orbanın Putinpərəst olmasından irəli gəlir və o, İsveçin NATO-ya qəbul edilməsini Rusiyanın maraqlarının ziddinə saydığı üçün bu mövqeni tutub. Amma rəsmi Ankaranın tələbləri sırf öz maraqlarına görədir və bu tələblər kifayət qədər ciddidir. İndiyə qədər köklü Avropa ölkəsi olsa da, NATO-ya üzv olmağa tələsməyən, hətta onu iqnor edən, Türkiyə, İraqı, Suriya və İranı parçalamaq istəyən terror təşkilatının fəallarına qucaq açan Stokholmun birdən-birə NATO-ya can atması öz təhlükəsizliyini düşünməsi səbəbindən aktuallaşıb. Onu buna Ukraynaya hücum edən Rusiya sövq edib. İndi Stokholmda düşünürlər ki, “Şimal qütbünün hozusu” olan ölkə bir gün Baltik dənizini keçib İsveçə də dala bilər.

140-6-1480.jpg (79 KB)

Vaşinqtonda da belə fikirləşirlər. Ona görə də iyulun 11-12-də Vilnüsdə İsveçi alyansa rəsmən qəbul etməli olan NATO sammiti ərəfəsində Vaşinqton Türkiyə və Macarıstanla danışıqlar məsələsini öz əlinə almaq qərarına gəlib. Srağagün Ağ Evdə ABŞ prezidenti Cozef Bayden və İsveçin baş naziri Ulf Kristersson arasında danışıqlar aparılıb. Çox mehriban şəraitdə keçən görüşdə Bayden isveçliləri və amerikalıları birləşdirən ümumi demokratik dəyərlər haqqında geniş danışdıqdan sonra deyib: "Bir daha təsdiq etmək istəyirəm ki, Birləşmiş Ştatlar İsveçin NATO-ya üzvlüyünü tamamilə və qəti şəkildə dəstəkləyir".

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer iki lider arasındakı danışıqlardan sonra brifinqdə vurğulayıb ki, İsveç ABŞ-ın fikrincə, “üçtərəfli memorandum üzrə bütün öhdəlikləri” yerinə yetirib. Dolayısı ilə Ağ Ev hesab edir ki, Ərdoğanın isveçlilərə qarşı iddiaları əsassızdır və mümkün qədər tez unudulmalıdır.

TURKFİN.jpg (48 KB)

Xatırladaq ki, üçtərəfli memorandum 2022-ci il iyunun 29-30-da Madriddə keçirilən NATO sammitində İsveç və Finlandiyanın Şimali Atlantika blokuna qoşulmağa rəsmi dəvət edildiyi zaman imzalanıb. Bu sənəd, mahiyyət etibarı ilə, Türkiyənin NATO üzvü olmaq istəyən iki ölkəyə qəbul edilməsinə dair razılaşmanın (protokolun) Türkiyə parlamenti tərəfindən ratifikasiya edilməsi üçün qarşısına qoyduğu şərtlərin siyahısıdır. Onların arasında başlıcası PKK separatçılarının ekstradisiyasıdır. Finlandiya və Türkiyə bu xüsusda razılaşıblar və martın 31-də protokolun ratifikasiyası proseduru uğurla başa çatıb. İsveç isə qəribə hüquqi vəziyyətə düşüb: onu təntənəli şəkildə NATO-ya dəvət ediblər, İsveç ordusu Avroatlantik strukturlara inteqrasiya olunub, ölkəyə təhlükəsizlik zəmanətləri verilib, amma bu ölkə de-yure olaraq ikinci ildir ki, ittifaqdan kənarda qalır.

Vilnüs sammiti öncəsi son danışıqlar dünən İsveç, Türkiyə və Finlandiya arasında aparılıb. Danışıqların təşəbbüskarı NATO-nun baş katibi Yens Stoltenberq olub. Türkiyə tərəfdən Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə liderinin baş müşaviri Akif Çağatay Kılıç və Xarici İşlər Nazirliyinin yeni rəhbəri Hakan Fidan iştirak ediblər. ABŞ-ın dövlət katibi Entoni Blinken bir gün əvvəl onlarla telefon danışığı aparıb. Dövlət Departamentinin məlumatına görə, amerikalı diplomat həmsöhbətinə Türkiyə ilə ABŞ arasında gələcək münasibətlərin İsveçin NATO-ya daxil olub-olmamasından çox asılı olacağı fikrini açıq şəkildə çatdırıb. Hakan Fidan isə ölkəsinin bütün tələbləri yerinə yetirilənə qədər geri çəkilməyəcəyini söyləyib.

erdoquran.jpg (37 KB)

Məsələni daha da qəlizləşdirən odur ki, İsveç Türkiyəyə qarşı həssas davranmır, necə deyərlər, hər fürsətdə buynuzunu onun çomağına sürtür. Məsələn, bu günlərdə İraqdan olan bir nəfərin Stokholmda Quranı yandıması münasibətləri daha da gərginləşdirib. Ərdoğan müsəlmanların müqəddəs kitabının yandırılmasını pisləyib və açıq şəkildə eyham edib ki, o, İsveç hakimiyyətinin bu cür hərəkətləri dayandırmaq istəməməsinə dözmək niyyətində deyil.

Görünür, Türkiyənin bu cür mövqeyinin Qərblə münaqişədə olan Rusiyaya dəstək verməklə eyni olmadığını vurğulamaq üçün Ukrayna prezidenti Vladimir Zelenski ölkəyə dəvət olunub. O, iyulun 7-də Ankarada olacaq.

Dünən İsveç, Türkiyə və Finlandiya nümayəndələri arasında görüş başa çatdıqdan sonra Stoltenberq Vilnüsdə keçiriləcək sammitə qədər istənilən halda ratifikasiya olmayacağını bildirib. Yəni danışıqlar nəticəsiz başa çatıb.

NATO-da həmfikir adamının olması Ərdoğanın əlini gücləndirir. Macarıstan parlamentinin fövqəladə iclası bu gün başa çatır. Macarlar İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası məsələsini sessiyanın gündəliyinə salmayıblar. Orban hökumətinin üzvləri bildirirlər ki, Macarıstan isveçlilərin alyansa qəbul edilməsinə mane olmaq fikrində deyil, amma eyni zamanda, Budapeştin əslində protokolu ratifikasiya etmək istəmədiyini göstərən belə qeydlər edilir.

siiyyarot.jpg (52 KB)

Bu həftə Macarıstanın xarici işlər naziri Peter Siyyarto birdən-birə İsveçin ölkəsinə etdiyi "həqarətləri nəzərə almaq" zərurətindən danışıb. Məsələ burasındadır ki, Aİ ölkələrinin bir çox paytaxtlarında olduğu kimi Stokholmda da Orbanın Avropa demokratiyası standartlarına uyğunluğuna qarşı iddialar irəli sürülür.

Ola bilsin ki, protokolun ratifikasiyası məsələsinin sessiyanın gündəliyinə salınmasından imtina bu həftə Avropa Komissiyasının Macarıstanda qanunun aliliyinə riayət olunmasına dair hesabatının ortaya çıxması ilə bağlıdır. Bu sənəddə Aİ-nin əvvəlki tövsiyələrinin çoxunun bu mövzuda olduğu ifadə edilir.

Bir sözlə, İsveçin NATO-ya üzvlük məsələsi ən azı bu ilin payızına qalır.

Payıza qədər isə elə ola bilər ki, ya İsveçin NATO-ya üzv olmasına ehtiyacı qalmasın, ya da artıq gec olsun.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR