İnsanlara hürriyət, millətlərə istiqlal!

Hind qızı ABŞ prezidenti olmaq istəyir – Nikki Heylinin populyarlığı getdikcə artır

ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezidentliyə namizəd olmasına qarşı çıxan Respublikaçılar Partiyasının üzvləri və tərəfdarları getdikcə daha çox ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heylini dəstəkləyirlər.

ABŞ mediası yazır ki, xanım Heyli son həftələrdə partiya daxilində xeyli nüfuz toplayıb və Trampa skeptik yanaşan respublikaçıların, o cümlədən erkən səsvermə keçirilən ştatlardakı donorların və seçki rəsmilərinin dəstəyini qazanıb.

İctimai rəy sorğuları da Heylinin dəstəyinin artdığını nümayiş etdirir. Nyu-Hempşir və Cənubi Karolina ştatlarında o, respublikaçılar arasında Trampın əsas rəqibi sayılan Florida qubernatoru Ron DeSantisi qabaqlayıb. Ayova ştatında isə Heyli və DeSantis bərabər şəkildə dəstəklənib. Bununla belə, hər iki namizəd populyarlıq baxımından Trampdan aşağıdır.

Trampın isə ölkə qanunları ilə ciddi problemləri var. O prezident seçilsə belə, daima impiçment təhlükəsi qarşısında qalacaq. Ümumiyyətlə, bu şəxsi ABŞ dövlətçiliyi üçün təhlükə sayanların sırası genişdir. Paradoks ondadır ki, sıravi amerikalılar populist açıqlamaları ilə gündəmdə qalmağı bacaran Trampı kütləvi şəkildə dəstəkləyirlər.

Media yazır ki, Heyli və komandası bir neçə ay ərzində yarışda müstəsna olaraq DeSantisə məxsus olan ikinci yerə iddialıdır. Heylinin sözçüsü bildirib ki, Nikki Heylinin Donald Tramp və Co Baydenə meydan oxumaq üçün ən yaxşı rəqib olduğuna dair artan konsensus var.

Bəs Nikki Heyli kimdir?

nikky700.jpg (102 KB)

Onun əsl adı Nimrata Randhavadır, 1972-ci ilin 20 yanvarında Cənubi Karolinanin Bamberq şəhərindən doğulub.

Nikki Heyli əslən hindistanlı, milliyyətcə siqhdir, onun atası Acit və anası Rac vaxtilə Pəncab ştatından Cənubi Karolinaya gəliblər.

N.Heyli Respublikaçılar Partiyasının üzvüdür. O, 27 yanvar 2017-ci ildən 31 dekabr 2018-ci ilə qədər ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub. Bundan əvvəl isə o, 6 il ərzində (2011-2017-ci illərdə) Cənubi Karolina ştatının qubernatoru vəzifəsində çalışıb. Bu ilin əvvəlində N.Heyli ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.

Nikki Heyli ixtisasca mühasibdir, siyasətə keçməzdən əvvəl özəl sektorda çoxpillələri karyera yolu keçib.

2004-cü ildə Heyli Cənubi Karolina parlamentinə seçilib. O, Cənubi Karolina ştatında bu vəzifəni tutan ilk hind-amerikalı qadını olub. O, 2006 və 2008-ci ildə 83% səslə demokrat rəqibi Edqar Qomezi məğlub edərək yenidən seçilib.

2023-02-14T151338Z_1447521058_RC2JGX91LCH6_RTRMADP_3_USA-ELECTION-HALEY-FACTS.JPG.jpg (50 KB)

2009-cu ilin mayında Heyli ştatın qubernatorluğuna namizədliyini irəli sürəcəyini açıqlayıb və 2010-cu ilin noyabrında o, ümumi seçkilərdə 51 faiz səs toplayaraq demokratların namizədi Vinsent Şixinə qalib gəlib.

Heyli 2014-cü il noyabrın 4-də Vinsent Şıxiniə yenidən qalib gəlib, bu dəfə o, 55,9% səs toplayıb.

Əslində N.Heyli böyük siyasətdə Trampın kadrıdır. Onun BMT-də səfir olması eks-prezidentin təşəbbüsü ilə baş tutub.

Bununla belə, o, patronundan fərqli olaraq BMT-nin Təhlükəsizlik Şurasında fundamental məsələlərdə Rusiyaya qarşı sərt mövqe bildirib.

Bu mövqeyinə görə onu Rusiyada sevmirlər. Bir dəfə Rusiyanın Xarici İşlər Nazirliyi Nikki Heylinin əqli qabiliyyətinin test olunmasına dair bəyanatla çıxış edib. Bundan sonra, 2017-ci ilin sonunda isə rusiyalı prankerlər Leksus və Vovan (Aleksey Stolyarov və Vladimir Kuznetsov) Polşanın baş naziri Mateuş Moravetskinin adından Heyliyə zəng edərək zarafat ediblər. Onlar xanım Heyli ilə söhbətlərində onu razı salıblar ki, mövcud olmayan Binomo ölkəsini dəstəkləsin.

N.Heyli Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ilk ağdərili olmayan qadındır.

RTX6EGQ0-pic905-895x505-37573.jpg (74 KB)

N.Heyli bir çox məsələlərdə D.Trampın fikirləri ilə razılaşır. O, sərt immiqrasiya siyasəti yeridilməsi məsələsində də Trampın fikirlərini bölüşür, ancaq bu zaman, deyəsən, yadından çıxarır ki, özü də immiqrant ailənin qızıdır.

2023-cü ilin iyununda Nikki Heyli Donald Tramp və Ron DeSantisi Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsini istəyib-istəmədikləri barədə suala birbaşa cavab verməkdən imtina etdiklərinə görə tənqid edib. Heyli deyib ki, Rusiyanın təcavüzünü “ərazi mübahisəsi” adlandırmaq və ya ABŞ-ı bu məsələdə neytrallığa çağırmaq düzgün deyil. “Ukraynanın qələbəsi bizim milli təhlükəsizliyimizin maraqlarına uyğundur”, - o əlavə edib.

İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı Heyli deyib: “İsrailə deyərdim: biz təkcə ölkənizi geri almaq üçün deyil, terrorçuları məhv etmək üçün nə lazımdırsa etməliyik.

Bir neçə gün öncə Ukrayna əleyhinə bəyanatlar verən Vivek Ramasvami (o da Hindistan əsillidir) ilə debat zamanı Heyli deyib ki, Putin və Si belə birinin prezident olmasını çox istərdilər.

KMO_162543_40159_1_t218_162212.jpg (53 KB)

Heyli bu fikirdədir ki, ABŞ Kiyevə nağd pul verməməlidir, sadəcə, qələbə üçün onu silahla təmin etməlidir.

N.Heyli 1996-cı ildə Maykl Heyli ilə evlənib. O, özünü xristian hesab edir, lakin valideynlərinin inancına hörmət etdiyi üçün siqh mərasimlərinə də qatılır.

Beləliklə, Hindistan övladlarının qüdrətli dövlətlərin rəhbərliyinə can atması prosesi davam edir. Kamala Harrisin ABŞ vitse-prezidenti, Rişi Sunakın Böyük Britaniyanın baş naziri seçilməsindən sonra daha iki Hindistan əsilli namizəd (Vivek Ramasvami və Nikki Heyli) ABŞ prezidenti olmaq istəyirlər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR