İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX killeri yenidən iş başında? – Moskvada lüks avtomobillə görüntüləndi

Almaniyada sifarişli qətlə görə ömürlük həbs cəzasına məhkum edilmiş və 2024-cü ildə məhbus mübadiləsi nəticəsində Rusiyaya qaytarılmış Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı Vadim Krasikov yenidən gündəmə gəlib. Onun Moskvadakı hərbi aerodromda və milyonlarla rubl dəyərində lüks avtomobilin sükanı arxasında görüntülənməsi xüsusi xidmət orqanlarındakı fəaliyyətini bərpa etməsi barədə ehtimallar doğurub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal qəzetinin jurnalisti Evan Gerşkoviç “Bu lənətə gəlmiş gözəl torpaq” (This Cursed Beautiful Land) adlı kitabında yazıb.

Gerşkoviçin məlumatına görə, araşdırmaçı jurnalist Xristo Qrozev sızdırılmış müşahidə kameraları bazasında Krasikovun görüntülərini aşkar edib. Kadrlardan biri 2025-ci ilin avqustunda Moskva yaxınlığındakı Çkalovski hərbi aerodromunda qeydə alınıb.
Həmin aerodromda Rusiyanın hərbi kəşfiyyatına məxsus təyyarələr də yerləşir. Krasikovun belə bir obyektdə görüntülənməsi onun azadlığa çıxdıqdan sonra nə işlə məşğul olduğu barədə suallar yaradıb.
Digər görüntüdə isə Krasikov Moskvanın Üçüncü Nəqliyyat Dairəsində 2025-ci il istehsalı olan qara rəngli BMW X6 avtomobilini idarə edərkən qeydə alınıb. Rusiyada bu modelin yeni avtomobillərinin qiyməti təxminən 14–19 milyon rubl arasında dəyişir.

Gerşkoviç kitabında Krasikovun yenidən FTX-də işləyə biləcəyi ehtimalını irəli sürərək diqqətçəkən sual verir:

“Doğrudanmı Krasikov yenidən FTX üçün işləyirdi? Məgər mənim həbsim bu adama azadlıq qazandırdı və ona tapşırıqları yerinə yetirməyə davam etmək imkanı verdi?”
Xatırladaq ki, Krasikov 2019-cu ildə Berlində keçmiş çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin qətlinə görə Almaniyada mühakimə olunub. Məhkəmə 2021-ci ildə onu təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. Almaniya məhkəməsi qətlin Rusiya dövlətinin sifarişi ilə həyata keçirildiyi qənaətinə gəlib.
Lakin Krasikov cəzasını tam çəkməyib. O, 2024-cü ilin avqustunda Rusiya ilə Qərb ölkələri arasında keçirilən genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılıb. Moskva bunun müqabilində bir sıra siyasi məhbusları və xarici ölkə vətəndaşlarını, o cümlədən Evan Gerşkoviçi azad edib.

Krasikovun Rusiyaya qaytarılması xüsusi diqqət çəkmişdi. Rusiya prezidenti onu hava limanında şəxsən qarşılayaraq qucaqlamışdı.

Mübadilədən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Krasikovun FTX əməkdaşı olduğunu və əvvəllər qurumun “Alfa” xüsusi təyinatlı bölməsində xidmət etdiyini təsdiqləyib.

Bununla belə, Rusiya hakimiyyəti Krasikovun ölkəyə qaytarıldıqdan sonra hansı vəzifəni icra etdiyini açıqlamayıb.

Gerşkoviçin kitabında təqdim edilən görüntülər Krasikovun yenidən xüsusi xidmət orqanlarında işləyə biləcəyi ehtimalını gündəmə gətirsə də, onun FTX-də fəaliyyətini bərpa etdiyi hələlik müstəqil şəkildə təsdiqlənməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR