İnsanlara hürriyət, millətlərə istiqlal!

Fındıqçılıqla məşğul olanların sözü var – VİDEO, FOTO

Ölkənin fındıqçılıqla məşğul olan bölgələrində işlərin qızğın çağıdır.

Musavat.com-un məlumatına görə, bu il məhsul bol olsa da, qiymətin aşağı olması narazılıq doğurur.

Qax rayonunda fındıqçılıqla məşğul olan zəhmətkeşlərdən bəziləri Musavat.com-a açıqlamalarında bildiriblər ki, qiymətin ucuz olması çəkilən xərcləri ödəmədiyi üçün bu sahəyə maraq getdikcə azalır.

Sakinlərdən biri fındığın ərsəyə gətirilməsinə qədər çəkilən əziyyətlərlə bağlı bunları söyləyib:

“Fındıqçılıqda mövsümün ümumi mənzərəsi belədir: məhsul yığımından dərhal sonra növbəti mövsümə hazırlıq mərhələsi başlayır və elə bu ərəfədən də xərclər artmağa doğru gedir. Bu xərclərə fındıq bağlarının arıtlanması, yəni ağacların budanması və səliqəyə salınması da daxildir. Qış mövsümündə isə təsərrüfata yavaş-yavaş gübrə - azot və ammofos verilməyə başlanılır. Bu gübrələrin qiyməti əvvəlki illərlə müqayisədə hər il yüksəlir. Yaz və yay aylarına doğru yaxınlaşdıqda fındıq altının otlardan təmizlənməsi, alaqların biçilməsi prosesi başlayır. Məhsul yığımının rahat aparılması üçün bağın otlardan təmizlənməsi olduqca vacibdir. Bunun üçün tələb olunan texnika və yanacaq xərcləri də hər il artmaqda davam edir”.

Həmsöhbətimizin sözlərinə görə, nəhayət, yığım dövrü gəldikdə fəhlə xərcləri də ön plana çıxır:

“Keçən il fındıq yığan işçilərin günlük haqqı 20-25 manat arasında dəyişirdisə, bu il 30 manatdan aşağı işçi tapmaq mümkün deyil. Bəzən olur ki, qonşu rayonlara belə işçi üçün soraq verməli oluruq, onlar da nəqliyyat, ərzaq xərclərini də üstünə gəlir və günlük ödəniş xərcləri artır. Yekunda yığılan məhsulun həcmi, təyin olunan satış qiyməti və mövsüm boyu çəkilən əziyyətlə xərclər müqayisə olunduqda, istehsalçıya praktiki olaraq mənfəət qalmır. Narazılıqların əsas səbəbi də elə budur. İldə bir dəfə məhsul verən bu bitkinin ilboyu tələb etdiyi qulluq, çəkilən xərc və əziyyət kəndlinin aldığı gəlirlə üst-üstə düşmür”.

Yerli sakinlər digər problemdən də bəhs ediblər:

“Son illərdə Qax, Zaqatala və Balakən zonasında geniş yayılan zərərverici həşəratlar bu il fermerlərə əlavə maliyyə yükü yaratdı. Zərərvericilərə qarşı mübarizə tədbirləri və ağacların dərmanlanması mövsümi xərcləri daha da artırdı. Xüsusilə də Amerika kəpənəyi deyilən həşərat fındıq bağlarında o qədər çoxalıb ki... Heç dərmanın da təsiri yoxdur. Bilmirik dərmanların keyfiyyəti aşağıdır, yoxsa bu ziyanvericidə artıq dərmana immunitet yaranıb. Bağlarda “Qəhvəyi mərmər taxtabiti”yə də rast gəlinir və bütün zərərvericilər məhsuldarlığa zərbə vurur. Yığılan məhsulun son qiymətinə gəldikdə, məlum oldu ki, yaş fındığın qiyməti mövsümün əvvəlində 2.00 – 2.50 AZN olunsa, indi müəyyən qədər artaraq maksimum 3.00 – 4.00 manat civarında dəyişib. Bağbanlar deyir, məhsuldarlıq normal olsa da, hazırkı 3–4 manatlıq qiymət aralığı çəkilən xərclər və əziyyət fonunda fermerləri qane etmir. Bildirdilər ki, keçən il məhsulun qiyməti 7-8 manat olub. Bazarda yaş fındığın kiloqramı bu gün də 8 AZN-dək qalxıb, zəhmətə qatlaşıb, bazarı məhsulla təmin edən insanlara da ən çox bu fərq təsir edir. İl boyu zülüm-zillət çəkirik, amma məhsulu bizdən 4 dəfə ucuz alırlar və dəfələrlə çox qazanırlar. Axı, bu, insafdan deyil”.

Məhsulun qurudulmasından sonra təhvil verilməsi də o qədər rentabelli sayılmır, o halda yenə də uduzan kəndli olur. Çünki bu halda qiymət nisbətən qalxsa da, qurudulma xərcləri və çəki itkisi fermerin gəlirinə təsir göstərir. Beləliklə, Azərbaycan dünyada fındıq ixrac edən ilk 5 ölkədən biri olsa da, əliqabarlı insanların ürəyi qübarlıdır, üzləri gülmür. Odur ki, ölkəmizin qeyri-neft sektoruna töhfə verən fədakar vətəndaşlarımız dövlətimizdən dəstək gözləyirlər, heç olmasa uyğun qiymətlə məhsul alışını təmin edəcək tədarük məntəqələrinin yaradılması üçün. Əks təqdirdə, yaxın gələcəkdə bu sahədə də durğunluq yarana və idxaldan asılı vəziyyətə düşə bilərik...

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR