İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda "ikinci erməni dövləti" yaradılır: Kreml İrəvanı yeni "fəlakət zolağı"na endirir

Cənubi Qafqazda geopolitik mövqelərini qorumağa çalışan Rusiya Azərbaycan ərazisində artıq dəfn edilmiş "artsax" layihəsini bu dəfə Ermənistanda diriltməyə cəhd göstərirlər... Belə anlaşılır ki, Rusiyanın "hədiyyə" etdiyi bir dövlətin dəyərini bilməyib, əsas himayədarlarına xəyanət edən erməniləri, Kreml daha bir "dövlət" ilə cəzalandırır...

Ermənistan tədricən "fəlakət zonası"na doğru irəliləyir. Belə davam edərsə, tezliklə bu ölkə həmin "zona"nın tam mərkəzində özünə yer tapacaq. Böyük ehtimalla rəsmi İrəvan ölkənin dağılma mərhələsi ilə qarşı-qarşıya qalmış olacaq. Və Ermənistanı elə ermənilərin özləri qarışdırıb, məhv edəcəklər.

Əslində, Rusiya prezidenti Vladimir Putinin Paşinyan hakimiyyətinə qarşı son təhdidlərində də buna yönəlik dolayısı xəbərdarlıq mesajlar yer alırdı. Hər halda, Kreml sahibi rəsmi İrəvanın Rusiyadan uzaqlaşmasının Ermənistanın dövlət maraqlarına cavab vermədiyini vurğulamışdı. Üstəlik, Paşinyan hakimiyyətinin Ermənistanda mövcud olan əlverişsiz daxili vəziyyət qarşısında çarəsiz qaldığına da eyham vurmuşdu. Və Rusiya prezidentinin dedikləri qətiyyən təsadüfi deyil.

Bəzi müşahidələrə əsasən, Rusiyanın Paşinyan hakimiyyətinin gələcək taleyi ilə bağlı artır qərar verərək, "düyməyə baxdığını" da düşünmək olar. Hətta hesab etmək olar ki, Kreml Azərbaycan ordusunun son antiterror əməliyyatlarının nəticələrindən faydalanmaq niyyətinə düşüb. Hər halda, Qarabağın erməni azlığı könüllü şəkildə bölgəni tərk edərkən, Rusiya buna hər hansı əngəl törətmədi, rus sülhməramlılar sadəcə, kənardan müşahidə etməklə, kifayətləndilər.

24fc7ea4-68bd-4b89-a186-3e7b70b90aa2.jpg (149 KB)

Təbii ki, bunun əsas səbəbi Kremlin mövcud reallıqla barışması ilə birbaşa bağlıdır. Çünki Rusiya siyasi dairələri anlayırdılar ki, Azərbaycanın Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etməsinə əngəl törətmək mümkün deyil. Buna cəhd göstərmək isə yalnız Azərbaycan-Rusiya münasibətlərinin korlanmasından başqa heç nəyə yaramazdı. NATO ölkəsi olan Türkiyənin ən yaxın hərbi müttəfiqi Azərbaycanla münasibətlərin normal qalması isə indi Rusiyanın əsas prioritetləri sırasında yer alır.

Bu səbəbdən də, Kreml Cənubi Qafqazda yaranmış yeni situasiyadan başqa məkanda - Ermənistan ərazisində faydalanmaq qərarına gəldi. Belə ki, Kreml Rusiyanın tam nəzarəti altında olan və Qarabağı könüllü tərk edən erməni azlığından, eləcə də, erməni separatçılardan Paşinyan hakimiyyətinə qarşı hər an yararlana biləcəyinə əminiydi. Bu sosial-siyasi kontingent qısa zamanda Rusiyanın Ermənistandakı "beşinci kalon"unu ciddi şəkildə gücləndirə bilərdi. Və artıq bu prosesə tam gücü ilə start verilib.

Məsələ ondadır ki, Rusiya erməni separatçıları Ermənistanda artıq hərəkətə gətirib. Erməni separatçılar Paşinyan hakimiyyətinin razılığı və xəbəri olmadan gizli toplantılar keçirməyə başlayıblar. Onlar "separatçı rejim"in "dövlət qurumları"nın Ermənistan ərazisində fəaliyyət göstərməsində israr edirlər. Halbuki, 2024-cü il yanvarın 1-dən etibarən "separatçı rejim"in özünü ləğv etməsi barədə sənəd mövcuddur.

"Separatçı rejim"in "deputatları" bu mövzuda onun "rəhbəri" Samvel Şahramanyan ilə qapalı görüş keçiriblər. Ermənistanın "Hraparak" nəşrinə məlum olub ki, "erməni separatçılar "artsax" məsələsi ilə bağlı beynəlxalq komitə yaratmaqla məşğuldurlar. Ancaq onlar bunu hələlik gizli şəkildə reallaşdırmağa çalışırlar".

88deec23e572911d3d2c12bf0079efbd.jpg (149 KB)

Paşinyan hakimiyyəti isə bundan xəbər tutub və əngəl olmaq üçün bütün imkanları işə salıb. Rəsmi İrəvanın əsas arqumenti ondan ibarətdir ki, heç vaxt tanınmayan və əslində, mövcud olmayan bir "dövlət"in qurumlarının Ermənistan ərazisində fəaliyyəti yolverilməzdir. Və bu, Azərbaycana Ermənistanla yeni savaşa başlamaq üçün səbəb verə bilər.

Ancaq Paşinyan hakimiyyətinin erməni separatçılara müqavimət göstərməyə çalışmasının digər önəmli səbəbi də mövcuddur. Belə ki, rəsmi İrəvan erməni separatçıların birbaşa Rusiyanın təsir dairəsində olduqlarını tam dəqiqliyi ilə bilir. Onu da anlayır ki, Kreml erməni separatçıların fəaliyyət qurumlarını qorumaqla, Ermənistanda hər an daxili proseslərə birbaşa müdaxilə edə biləcək təşkilatlanmış şəbəkəyə malik olmaq niyyəti güdür. Və bu, yaxın gələcəkdə Paşinyan hakimiyyətinə qarşı real siyasi təhlükə törədə bilər.

Erməni politoloq Arutyun Mkrtçyan Ermənistanda "artsax" ideologiyasının əsas daşıyıcılarının məhz Rusiyaya bağlı "beşinci kalon"un təmsilçiləri olduqlarına diqqəti çəkib. Onun fikrincə, bu radikal siyasi düşərgə davamlı olaraq, "Rusiya olmasa, türklər erməniləri məhv edər" tezisi ilə Ermənistanda xof yaratmağa çalışır: "Ancaq anlamaq lazımdır ki, biz region qonşularımızla normal münasibətlər qurmalıyıq, birbaşa təmaslarla mövcud problemlərimizi həll etmək imkanı qazanmalıyıq".

d491ec7e79a11cfca5fddec9a09b80d7.jpg (242 KB)

Maraqlıdır ki, erməni politoloq Azərbaycanla sülh sazişinin imzalanmasına əsas əngəlin məhz Ermənistanın daxilində olduğunu vurğulayıb. Onun fikrincə, hər dəfə Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına yaxınlaşanda bəzi qüvvələr dərhal hərəkətə keçir: "Ermənistanda bəzi daxili qüvvələr sülh sazişni əngəlləmək üçün daim "artsax"ın müstəqilliyindən danışırlar. Bu, reallıq hissini itirmək deməkdir, hətta ağılsızlıqdır. Bu şəxslərin Ermənistanda "artsax" strukturlarının fəaliyyətinin vacib olması barədə dedikləri heç bir hüquqa sığmır. Onlar Ermənistan dövlətinin daxilində daha bir dövlət yaratmaq istəyirlər".

Erməni politoloqun dediklərindən belə anlaşılır ki, bu cəhdlər nə vaxtsa, Ermənistanda daxili savaşa da yol aça bilər: "Buna heç bir normal dövlət imkan verməz. Hətta Ermənistan hökuməti razılaşsa belə, 3 milyon vətəndaş buna imkan verməz. Onlar Ermənistana gəliblər və indi "artsax"ın müstəqilliyindən danışırlar, üstəlik dövlətin içərisində daha bir dövlət qurmaq istəyirlər. Halbuki, indi Ermənistana sülh hava və su kimi vacibdir. Bunlar isə xalqı parçalayıb, "iki daxili dövlət" modeli üzrə erməniləri bir-birinə düşmən etməyə, son nəticədə isə qırdırmağa çalışırlar".

Göründüyü kimi, Ermənistan yeni "fəlakət zolağı"na doğru enməyə başlayıb. Azərbaycan ərazisində dəfn edilmiş "artsax" layihəsini Ermənistanda diriltməyə cəhd göstərirlər. Böyük ehtimalla bu prosesin də arxasında Rusiyanın geopolitik maraqları dayanır. Belə anlaşılır ki, Rusiyanın "hədiyyə" etdiyi bir dövlətin dəyərini bilməyib, əsas himayədarlarına xəyanət edən erməniləri Kreml daha bir "dövlət" ilə cəzalandırır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR