Onlayn ictimai-siyasi qəzet
Ermənistanla Hindistan arasında son illərdə sürətlə genişlənən hərbi əməkdaşlığın yeni mərhələyə keçirilməsi planlaşdırılır. Tərəflər münasibətləri hazır silah və hərbi texnika alqı-satqısı çərçivəsindən çıxararaq birgə istehsal, texnologiyalar, müdafiə tədqiqatları və yeni layihələr səviyyəsinə qaldırmaq niyyətindədirlər.
Musavat.com xəbər verir ki, bunu Hindistan Müdafiə Nazirliyinin katibi Raceş Kumar Sinqh Ermənistana rəsmi səfəri zamanı bildirib.
Sinqhin sözlərinə görə, Hindistan-Ermənistan münasibətləri son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib və müdafiə əməkdaşlığı artıq ikitərəfli tərəfdaşlığın əsas sütunlarından birinə çevrilib.
Hindistan rəsmisi tərəflərin hazırda müdafiə sahəsində bir neçə yeni təklif üzərində işlədiyini açıqlayıb. Bunların arasında texniki xidmət müqavilələri və dəyişən təhlükəsizlik şəraiti nəzərə alınmaqla yeni avadanlıq kompleksləri də var. Danışıqların davam etdiyi bildirilib.
Sinqh vurğulayıb ki, Yeni Dehli Ermənistanla münasibətləri sadəcə “alıcı-satıcı” əlaqəsi kimi görmür:
“Biz bunu qarşılıqlı faydalı, uzunmüddətli tərəfdaşlıq kimi nəzərdən keçiririk. Diqqət birgə istehsala, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə yönəldilir”.
Bu istiqamətdə artıq konkret institusional addım da atılıb. Hindistan Müdafiə Nazirliyi ilə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi arasında müdafiə texnologiyaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sənəd birgə layihələr, tədqiqat və inkişaf proqramları, innovasiyalar və startaplar vasitəsilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Raceş Kumar Sinqh Ermənistana səfəri zamanı bir neçə yerli müdafiə sənayesi şirkətinə baş çəkdiyini və bu sahədə əməkdaşlıq üçün böyük potensial gördüyünü bildirib.
Müsahibənin diqqətçəkən məqamlarından biri isə Sinqhin Ermənistanın Hindistan üçün əhəmiyyətini necə qiymətləndirməsi olub. Hindistan Müdafiə Nazirliyinin katibi Ermənistanı ölkəsinin “ən mühüm müdafiə tərəfdaşlarından biri” adlandırıb.
Beləliklə, Hindistan rəsmisinin açıqlamalarından görünür ki, son illərdə əsasən Ermənistanın Hindistandan silah və hərbi texnika alması ilə diqqət çəkən münasibətlər indi müdafiə sənayesi və texnologiyalarını da əhatə edən daha uzunmüddətli əməkdaşlıq modelinə keçir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ