İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərlə arasından su keçən yeganə kənd: Məzəm kəndindən görünənləri siz də görün - VİDEO

 

Qazax rayonunun Məzəm kəndi birinci Qarabağ savaşı başlayandan günümüzədək düşmənlə üz-üzə dayanan kəndlərimizdən biridir. Düşmən mövqeyinə ən yaxın məsafədə yerləşir. Kəndi erməni postları ilə sadəcə ərazidən keçən Coğaz çayının yaratdığı göl ayırır. Məzəmdən erməniləri yaşadığı   kəndlər də görünür.

Çəkiliş apardığımız zaman hərəkət edən avtomobilləri, ermənilərin yandırdığı sahələri gördük. Necə deyərlər, Məzəmdə düşmən bizə, biz də düşmənə baxırıq.

 Məmməd Əliyev Məzəm kəndində erməni silahlı qüvvələrinə yaxın olan sonuncu evin sakinidir. Bizə düşmənin qurduğu postu göstərir. Ara məsafəsi təxminən 200-250 metrdir.

Vətən müharibəsinədək kənd sakinləri dəfələrlə atəşə tutulub. Məzəmdə düşmənin müxtəlif silahlardan atdığı güllələrin izləri hər evdə qalır. Çətinliklər olsa da Məmməd kişi həyətində bağ-bağça salıb, arıçılıq təsərrüfatı qurub.

 Kənd boyu istinad divarları diqqətimizi çəkir. Öyrənirik ki, bu divarlar rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tikilib. Məqsəd sadə insanları düşmən gülləsindən qorumaqdır. Kəndin mərkəzindəyik. Əhval-ruhiyyə yüksəkdir. Kənd camaatı yerində, hər kəs gündəlik işinin başındadır. Uşaqlar isə əyləncələrindən qalmır. Sakinlər deyir ki, ən çətin dönəmlər artıq arxada qalıb. İndi güclü ordumuz var. Nə zaman düşmən təxribata cəhd etsə,  hərbiçilərimiz onların cavablarını layiqincə verir. Məhz bu amil indi Məzəmdə güllə səslərini susdurub.

Məzəmdə keçirdiyimiz bir gün bu insanların necə qorxusuz və qəhrəman olduqlarının növbəti sübutudur. Yeri gəlmişkən,  insan haqlarından dəm vuran beynəlxalq qurumları elə Məzəmə dəvət edirik. Uzun zaman güllə altında necə yaşadıqlarını sadə insanların dilindən eşitmək üçün.

 

İlham Məmmədov, Qazax, Məzəm kəndi
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR