İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməniçilk baş qaldırır, zərbə üçün zaman, fürsət gözləyir

Son dövrlər sosial şəbəkələrin erməni seqmentində Azərbaycana qarşı bir neçə istiqamətdə aktivlik müşahidə olunması, xüsusilə də diplomatların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinə Ermənistan cəmiyyətinin müxtəlif kəsimlərinin isterik, qəzəbli yanaşma ortaya qoyması “erməni revanşizmi” xəstəliyinin yenidən metostaz verməyə başladığını göstərir. Ermənistan cəmiyyətində müşahidə olunan bu prosesin getdikcə daha genişlənməsi artıq Azərbaycanda Ermənistan dövlətinin, iqtidarının sülh barədə bəyanatlarına onsuz da kövrək olan inamı, etimadı sarsıtmaqdadır. Azərbaycan cəmiyyətində “erməni erməniçiliyindən əl çəkən deyil” fikrini ermənilər öz hərəkətləri ilə bir qədər də möhkəmlədirməkdədirlər. Musavat.com xəbər verir ki, artıq Azərbaycan vətəndaş cəmiyyətindən “ermənilərə qətiyyən inanmayın, silahı əldən yerə qoymaq olmaz” kimi çağırışlar da sələnməyə başlayıb.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, siyasi şərhçi Aqil Camal bildirib ki, “erməniçilik” yenidən xortlayır, Azərbaycan dövlət və xalq olaraq diqqətli, ayıq-sayıq olmalıdır.

A.Camal qeyd edib ki, “erməniçliyin” xortladığının son zamanlar konkret əlamətləri müşahidə olunur: “Azərbaycanın tarixi, maddi mədəni sərvəti olan Alban irsinə iddia, erməni tarixi, yalancı erməni dövlətləri, “tarixi şəxsiyyətləri” haqqında uydurmalar, qonşu dövlətlərə və bölgə dövlətlərinə saxta “tarixi xəritələr” əsasında ərazi iddiaları, Qarabağ ərazisindən köç etmiş ermənilərə nostalji hisslər aşılamaq, keçmiş Dağlıq Qarabağ ərazisinə qayıdış çağırışları, separatçı simvolların təbliği və hər fürsətdə bu simvolları müxtəlif tədbirlərə daşımaq və oradan tirajlamaq, müharibənin nəticələrinin müvəqqəti olması, “tarixi qələbənin yenidən təkrarlanacağı” ilə bağlı revanşist təbliğat erməniçliyin xortlamasıdır. Bu və buna bənzər iddia və niyyətlər, sarsıdıcı məğlubiyyətdən bir neçə il sonra erməniçiliyin yenidən dirçəlmə yolunda olduğunu göstərməkdədir”.

Ekspert bildirib ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura son səfəri, orada Alban-xristian məbədlərini ziyarət etmələrinə, nüfuzlu dövlətlərin səfirlərinin qol qaldırıb Azərbaycan mahnılarına rəqs etmələrinə erməni cəmiyyətinin reaksiyası indiyədək görünməyən miqyasda oldu. Hətta, “revanşist” dediyimiz çevrələri aşaraq hakim komandaya da sirayət etdi: “Bugünkü Ermənistan hakimiyyəti, Baş nazir Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını hər fürsətdə təkrarlayır, üstəlik, yaxasında Ermənistan sərhədlərini əks etdirən xəritə gəzdirir. Belə isə Azərbaycanın suveren ərazisində diplomatların hərəkəti, keçirilən tədbirlər nə üçün Ermənistan cəmiyyətində, mediasında, sosial şəbəkə seqmentində bu qədər müzakirəyə, hətta, həyasızcasına etiraza səbəb olmalıdır?! Demək ki, erməniçilik aldığı zərbədən özünə gəlməyə, toparlanmağa çalışır. Demək ki, erməniçilk baş qaldırmaq üçün zaman və fürsət gözləyir. Demək ki, bu xislət qiyamətə qədər sağalmayacaq.

Ona görə də, dövlət və xalq olaraq qazandığımız tarixi qələbə fonunda, Ermənistanda gedən ictimai-siyasi prosesləri də ciddi izləməli, təhlil etməli və nəticələr çıxarmalıyıq. İndi anlaşılırmı, Azərbaycan dövləti nə üçün israrla Ermənistan Konstitusiyasından ərazi iddialları ifadə edən müddəaların çıxarılmasının tələb edir? Çünki, bu topluma etibar və etimad yoxdur. Qələbə üstünlüyümüz işğalın vurduğu yaraları unutdurmamalı, rayonlarımızın işğal tarixçələri yenə həmin günlərdə kütləvi tədbirlərlə xatırlanmalı, erməni vandallarının törətdiyi Xocalı soyqırımı, digər faciələrimiz 30 il ərzində olduğu kimi eyni harayla dünyaya duyurulmalıdır.

Tariximizə, Azərbaycan xalqının öz torpaqlarında əsrlər boyu yaratdığı maddi-mədəniyyət abidələrimizə daha sıx şəkildə sahiblənməli, onlara qarşı erməni iddialarına tutarlı cavablar verməliyik.
İndiki Ermənistan ərazisində, həmçinin, 30 illik işğal dövründə tarixi abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı dağıdan erməniçiliyin gerçək üzü ifşa olunmaqda davam etməlidir. Azərbaycan sülh gündəliyinə sadiqdir. Lakin, görünən budur ki, hələ uzun onilliklər erməniçiliklə mübarizə, Azərbaycan xalqının hər bir fərdi qarşısında milli vəzifə kimi qalacaq”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR