Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonla danışıqlara hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, bu açıqlamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə brifinqdə verib.
Əraqçi İranın həmişə danışıqlara hazır olduğunu bir daha vurğulayıb.
"Biz qanuni hüquqlarımızı nəzərə alan danışıqlar prosesini dəstəkləyirik. İran danışıqlar masasına oturmağa hazırdır. Biz həmişə nüvə danışıqlarının ədalətli, bərabər və dinc şəkildə, qarşılıqlı etimada əsaslanaraq aparılmasını müdafiə etmişik", - deyə xarici işlər naziri qeyd edib.
Eyni zamanda, o, ABŞ-ın niyyətinin yaxşı olmadığını qeyd edib.
Əraqçi həmçinin bildirib ki, İran Türkiyə prezidentinin, xarici işlər nazirinin və digər Türkiyə rəsmilərinin bu məsələdəki balanslı və məsuliyyətli mövqeyini yüksək qiymətləndirir.
"Hər iki ölkə region xaricindəki qüvvələrin qanunsuz müdaxilələrinin region üçün ciddi təhlükə yaratdığına dair razılığa gəlib. Bu cür böhranları nəzarət altında saxlamaq üçün ikitərəfli əməkdaşlığa ehtiyac hər zamankindən daha vacibdir", - Əraqçi vurğulayıb.
Öz növbəsində, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə İrana hərbi müdaxiləyə qarşıdır.
O qeyd edib ki, problemin həlli üçün danışıqların başlanması ən uyğun yoldur.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ