İnsanlara hürriyət, millətlərə istiqlal!

Epşteyn İsrailin sabiq baş naziri ilə BƏƏ milyarderini Dubayda gizli görüşdürüb - TƏFƏRRÜAT  

ABŞ-da cinsi istismar cinayətləri ilə ittiham olunan və 2019-cu ildə Nyu-York həbsxanasında müəmmalı şəkildə ölü tapılan Ceffri Epşteynlə bağlı yeni faktlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, “Drop Site News” tərəfindən yayımlanan sızdırılmış elektron poçtlar Epşteynin Yaxın Şərqdə təkcə maliyyəçi deyil, həm də qeyri-rəsmi vasitəçi və “kölgə diplomat” kimi fəaliyyət göstərdiyini ortaya qoyur.

Sənədlərə əsasən, Epşteyn keçmiş İsrail baş naziri Ehud Barak ilə Dubayın beynəlxalq liman operatoru “DP World”-ün baş direktoru, BƏƏ milyarderi Sultan Əhməd bin Süleyem arasında bir neçə gizli görüşün təşkilində iştirak edib.

“DP World” Dubay əmirliyinə məxsus strateji şirkətdir və BƏƏ-nin dövlət dəstəyi ilə Yaxın Şərq və Afrikada genişlənib. Xüsusilə Qırmızı dəniz hövzəsində Səudiyyə Ərəbistanı ilə rəqabət fonunda şirkətin fəaliyyəti son illər daha çox diqqət çəkir. Sızdırılmış məktublar Epşteynin “DP World” rəhbəri ilə yaxın və davamlı münasibətlər saxladığını, bu əlaqələrdən isə İsrail-BƏƏ xəttində siyasi və logistika maraqları üçün istifadə etməyə çalışdığını ortaya qoyur.

2013-cü ildə Epşteyn Ehud Baraka Sultan Əhməd bin Süleyemlə görüş təklif edərkən onun “Məktumun sağ əli” olduğunu bildirib. Bu ifadə Dubayın hökmdarı və BƏƏ-nin vitse-prezidenti Məhəmməd bin Rəşid əl-Məktuma işarə kimi qiymətləndirilir. Drop Site News-un məlumatına görə, Barak və Süleyem Epşteynin vasitəçiliyi ilə bir neçə dəfə görüşüblər.

2013-cü ilin iyulunda Epşteyn Süleyemin İsrailin logistika zəncirinə investisiya qoymaq niyyətini Barakla müzakirə edib. Maraqlıdır ki, həmin vaxt Ehud Barak artıq hökumətdən yeni ayrılmışdı - o, 2013-cü ilin martına qədər müdafiə naziri və baş nazirin müavini vəzifələrində çalışmışdı.

Sızdırılmış məktublardan birində Barak yazır:

“Düşünürəm ki, bu, bir az tezdir. Yəqin ki, bir dəfə səmimi sülh prosesinə daha dərindən girməyə başlayacağıq. Yaxud alternativ olaraq, Yaxın Şərqin hər iki tərəfində növbəti inqilabdan sonra… Amma bu tanışlıqdan necə istifadə edəcəyimiz barədə daha çox düşünməliyik”.

Bu sitat İsrail-Ərəb əlaqələrinin rəsmi normallaşmasından illər əvvəl belə danışıqların getdiyini açıq şəkildə göstərir.

2020-ci ildə imzalanan İbrahim Sazişləri ilə İsrail BƏƏ, Bəhreyn və Mərakeşlə rəsmi diplomatik münasibətlər qurdu. ABŞ bu prosesi “tarixi irəliləyiş” kimi təqdim etsə də, Epşteynin məktubları göstərir ki, kəşfiyyat, biznes və təhlükəsizlik sahəsində əlaqələr onilliklər boyu mövcud olub. Sadəcə, bu əlaqələr uzun müddət ictimaiyyətə açıqlanmayan, qeyri-rəsmi kanallar üzərindən aparılıb.

Konqresin təzyiqi ilə açıqlanan minlərlə elektron poçt Epşteynin özəl diplomat kimi müxtəlif ölkələr arasında vasitəçilik etdiyini də göstərir. Məktublarda onun İsrail və Monqolustan arasında təhlükəsizlik sazişi təşəbbüsü, Suriyadakı vətəndaş müharibəsi ilə bağlı Rusiya ilə qeyri-rəsmi təmaslar apardığına dair işarələr yer alır.

Epşteynin əlaqələri bununla bitmir. O Mossad agenti kimi tanınan britaniyalı media maqnatı Robert Maksvell, İsrailə yaxın lobbiçilik və xeyriyyə şəbəkələrinin formalaşmasında rol oynamış Les Veksner, 1980-ci illərdə İran-Kontra qalmaqalı zamanı ABŞ və İsrail rəsmiləri ilə əlaqədə olan silah taciri Adnan Xaşoqqi ilə sıx münasibətlər saxlayıb.

Sızdırılmış məlumatlara görə, Sultan Əhməd bin Süleyem Epşteynin Karib dənizindəki məşhur Little St. James adasında qonaq olub. Onların ilk yazışmaları 2007-ci ilə təsadüf edir. Bu görüş Epşteynin artıq cinsi istismar ittihamları ilə üzləşdiyi dövrdə baş tutub. Elektron poçtlardakı bəzi yazışmalar etik baxımdan ciddi suallar doğurur və Epşteynin ətrafında formalaşmış toxunulmaz elita şəbəkəsinin miqyasını göstərir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR