İnsanlara hürriyət, millətlərə istiqlal!

"Epşteyn işi"nin dalğası Londonu vurdu - 500 ilin səssizliyi pozuldu...

Böyük Britaniya hökuməti kral III Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzor ilə bağlı sənədləri ictimaiyyətə açıqlamağa hazırlaşır. Söhbət onun 2001–2011-ci illərdə ölkənin beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi vəzifəsində fəaliyyətini əhatə edən rəsmi materiallardan gedir.

Sənədlərin yayılması təşəbbüsü parlamentdə Liberal Demokrarlar Partiyası tərəfindən qaldırılıb və İcmalar Palatasında yekdilliklə dəstəklənib. Bu qərar Britaniya siyasi tarixində nadir hadisə kimi qiymətləndirilir.

Məsələ ondadır ki, hersoq ötən həftə vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları ilə bağlı saxlanılıb. O, son 500 ildə polis tərəfindən saxlanılan ilk kral ailəsi üzvü olub. 66 yaşını qeyd etdiyi gün – 19 fevral tarixində polisə aparılan Endryu ittiham irəli sürülmədən sərbəst buraxılıb. Lakin istintaq davam edir.

İngiltərənin “The Times” qəzeti İcmalar Palatasında keçirilən müzakirələri “presedentsiz” adlandırıb. Nəşr vurğulayır ki, Britaniyada kral ailəsi üzvləri barədə açıq və tənqidi debatlar aparmaq yazılmamış siyasi ənənələrə zidd hesab olunur. Lakin fevralın 24-də bu ənənə faktiki olaraq pozulub. Müzakirələr zamanı təkcə hersoqun fəaliyyəti deyil, ümumilikdə monarxiya institutunun statusu, imtiyazları və hüquqi toxunulmazlığı da sual altına alınıb.

Araşdırmanı "Thames Valley Police" aparır. İddialara görə, Endryu ticarət nümayəndəsi olduğu dövrdə məxfi məlumatları ABŞ-li maliyyəçi, pedofiliya qalmaqalı ilə tanınan Cefri Epşteyn ilə bölüşə bilərdi.

Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında həbs edilmişdi. ABŞ prokurorluğu onun 2002–2005-ci illərdə Manhettendəki evində azyaşlı qızların cəlb olunduğu qanunsuz fəaliyyət təşkil etdiyinə dair sübutların olduğunu açıqlamışdı. Zərərçəkənlərdən ən kiçiyinin 14 yaşı olduğu bildirilirdi. Epşteyn həmin ilin avqustunda həbsxana kamerasında ölü tapıldı və rəsmi versiyaya görə, intihar edib.

Onun əlaqələr şəbəkəsində yüksək vəzifəli siyasətçilər, keçmiş dövlət başçıları, iri biznes nümayəndələri və şou-biznes ulduzlarının olduğu iddia edilirdi. Bu qalmaqal dünya miqyasında rezonans doğurmuşdu.
İndi isə əsas sual budur: Britaniya hökuməti istintaq davam etdiyi halda sənədləri nə vaxt və hansı həcmdə açıqlayacaq? Rəsmi qurumlar bu barədə konkret tarix bildirməyib.

Baş verənlər Britaniya monarxiyasının toxunulmazlıq çərçivəsi və ictimai nəzarət mexanizmləri barədə yeni və ciddi müzakirə dalğası yaradıb. Görünən odur ki, London artıq ənənəvi səssizlik modelindən geri çəkilməyə məcbur qalır.

Cavanşir Abbaslı

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR