İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev Paşinyanın son bəhanəsini də "dəfn" etdi: İrəvana sülhün alternativi təsvir olundu

Bütün əngəlləyici hərbi-siyasi faktorlar aradan qaldırıldığı üçün hazırda rəsmi Ermənistanın sülh sazişini imzalaması üçün indi geniş imkanlar açılıb... Rəsmi Bakı yekun sülh prosesinin süni şəkildə uzadılmasının isə yalnız Ermənistan deyil, ümumiyyətlə, Cənubi Qafqaz üçün neqativ nəticələrə səbəb ola biləcəyinə eyham vurur...

Azərbaycan və Ermənistan arasında birbaşa təmaslarla münasibətlərin normallaşdırılması istiqamətində ilk addımların atılmasına başlanılıb. Dərhal da bu formatın daha effektiv və perspektivli olduğu müşahidə edilməkdədir. Və Cənubi Qafqazda sülh prosesinin uğur qazanması baxımdan, ikitərəfli təmasların davam etdirilməsi indi daha çox əhəmiyyət daşımaqdadır.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında son birbaşa danışıqlar iki ölkənin hərbi əsirlərin dəyişdirilməsi ilə nəticələnmiş oldu. Azərbaycan Ermənistana 32 erməni hərbçini qaytardı. Və əvəzində dumanlı havada yolu azaraq, Ermənistana keçmiş, qarşı tərəfdə qeyri-qanuni həbs edilmiş iki Azərbaycan əsgərinin vətənə qayıdışı təmin olundu.

Rəsmi Bakı bununla Azərbaycan cəmiyyətinə növbəti dəfə açıq mesaj verdi ki, öz hərbçilərini heç bir halda, taleyin ümidinə buraxmaq niyyətində deyil və hər bir əsgər dəyərlidir, vazkeçilməzdir. Eyni zamanda, Azərbaycan dövləti bütün dünyaya sübut etdi ki, beynəlxalq humanizmin ən prinsipial daşıyıcısıdır, savaş deyil, məhz sülh planları qurur. Və bu istiqamətdə qarşılıqlı etimadın təmin olunması üçün siyasi iradə göstərməklə, qətiyyətli addımlara da hazırdır.

fabe34db-d2ab-49f6-9974-87cdbaf554bd.jpg (84 KB)

Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında birbaşa təmaslarla əldə olunan bu önəmli anlaşma beynəlxalq məkanda da böyük dəstək qazandı, nüfuzlu dünya dövlətləri və qurumları tərəfindən alqışlandı. Böyük ehtimalla bu, növbəti mərhələdə sülh danışıqları prosesinə əlavə imkanlar açacaq. Və Cənubi Qafqazda öz geopolitik maraqlarını təmin etmək üçün situasiyanı gərginləşdirməyə çalışan regiondan kənar güclərin manevr imkanlarını da ciddi şəkildə daraldacaq.

Ancaq nə qədər qəribə də olsa, radikal-revanşist erməni müxalifəti bütün bunlardan məmnun deyil. Əksinə, bu düşərgə hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı anlaşmanı sərt şəkildə tənqid etməyə çalışır. Əsas arqumentləri də ondan ibarətdir ki, güya rəsmi Bakı Azərbaycana qarşı beynəlxalq təzyiqləri yumşaltmaq üçün belə bir addım atıb. Yəni, erməni radikallarını hətta öz hərbçilərinin taleyi belə, qətiyyən narahat etmir. Və onlar ümumiyyətlə, iki ölkə arasında birbaşa təmasların yolverilməz olduğunu sübut etməyə cəhd göstərirlər.

Hələ də ənənəvi xəyallardan uzaqlaşa bilməyən radikal-revanşist erməni müxalifəti Paşinyan hakimiyyətinin rəsmi Bakı ilə ikitərəfli formatda müzakirələr aparmasını Ermənistan üçün böyük təhlükə hesab edirlər. Onların fikrincə, Azərbaycan iki tərəfli danışıqlarda qalib ölkə kimi Ermənistana öz siyasi iradəsini və sülh şərtlərini qəbul etdirmək imkanı qazana bilər. Və bu, Ermənistan üçün olduqca böyük təhlükə olduğundan rəsmi İrəvan mütləq beynəlxalq vasitəçilərin prosesdə iştirakını təmin etməlidir.

Halbuki, indiyə qədər beynəlxalq vasitəçilər ilə keçirilən sülh danışıqlarının məhz vasitəçilər ucbatından yekun nəticədən uzaq qalması da inkaredilməz reallıqdır. Çünki beynəlxalq vasitəçiləri sülh prosesində qarşıduran tərəflərdən daha çox özlərinin geopolitik maraqları narahat edir. Ona görə də, öz maraqlarını daha ön plana çıxartmağa üstünlük verirlər. Və nəticədə sülh prosesi uzanmaqda davam edir.

rus-franshiz-ermeni.JPG (61 KB)

Onu da qeyd etmək lazımdır ki, bəzi beynəlxalq qurumlar sülh prosesini əngəlləmək, heç olmasa, mümkün qədər ləngidərək, uzatmaq üçün Azərbaycanı könüllü tərk etmiş ermənilərlə bağlı situasiyadan yararlanmağa çalışırlar. Onlar rəsmi İrəvanı sülh sazişində bu məsələ ilə bağlı xüsusi bəndin yer alması üçün israr etməyə yönəldirlər. Üstəlik, bəzi beynəlxalq qurumların təmsilçiləri bu mövzuda açıq mətnlə tələblər də irəli sürürlər. Halbuki, bu, sülh prosesinə kobud və əngəlləyici müdaxilə cəhdindən başqa bir şey deyil. Və rəsmi Bakı belə müdaxilə cəhdləri qarşısında geri çəkilmək niyyətində deyil.

Azərbaycan Prezidenti İlham Əliyev Qərb mətbuatına müsahibəsində bu məsələyə prinsipial şəkildə münasibət bildirib. Azərbaycan lideri vurğulayıb ki, sülh sazişinin mətnində yer alacaq bütün məsələlər yalnız qarşılıqlı xarakter daşıya bilər. Belə ki, əgər, sülh sazişində Qarabağdan könüllü gedən ermənilərlə bağlı bənd olacaqsa, deməli, 30 il əvvəl Ermənistanda məcburi şəkildə deportasiya edilmiş Azərbaycanlılar barədə də bənd yer almalıdır. Yəni, rəsmi Bakı erməni azlığının Azərbaycanda təhlükəsiz yaşamasına təminat verdiyi kimi, Paşinyan hakimiyyəti də Azərbaycanlıların Ermənistana qayıdıb, təhlükəsizlik şəraitində yaşamasını təmin etməlidir. Və bu, olduqca ədalətli yanaşmadır.

Ancaq Azərbaycan lideri onu da vurğulayıb ki, rəsmi Bakı bu barədə Ermənistana öz təkliflərini göndərsə də, Paşinyan hakimiyyəti buna hələ də dəqiq və birmənalı cavab verməyib. Bu isə o deməkdir ki, rəsmi İrəvan və Ermənistanın beynəlxalq himayədarları bu məsələnin təktərəfli həllini ön planda tuturlar, dolayısı ilə situasiyanın gərginləşdirilməsi, sülh prosesinin uzadılması üçün bəhanə qazanmağa çalışırlar. Və bu, beynəlxalq vasitəçilərin prosesə belə kobud müdaxilə cəhdlərinin əngəlləyici faktor olduğunu növbəti dəfə təsdiqləmiş olur.

eliyev-pasha-sened.JPG (67 KB)

Eyni zamanda, rəsmi Bakı Azərbaycandan könüllü getmiş ermənilərin geri qayıtma prosedurunu da beynəlxalq hüquq normaları çərçivəsində müəyyən edib və onların təhlükəsizliyinə tam təminat verib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycana geri dönmək istəyən ermənilər mütləq vətəndaşlıq üçün müraciət etməlidir. Çünki Ermənistan və ya digər başqa ölkənin vətəndaşları Azərbaycanda yaşaya bilməzlər. Və bu, həm Azərbaycan Konstitusiyası, həm də beynəlxalq hüquq normaları ilə təsdiq edilmiş prosedur qaydalarıdır.

Göründüyü kimi, rəsmi Bakı Ermənistanın bütün bəhanələrinə və siyasi manipulyasiya cəhdlərinə məhz beynəlxalq hüquq çərçivəsində reaksiya verir. Ermənistanın bundan yan keçmək cəhdləri isə real nəticə vermək şansından çox-çox uzaqdır. Ona görə də, rəsmi İrəvan bütün bu siyasi manipulyasiya vərdişlərini bir kənara buraxıb, yekun sülh sazişinin imzalanması barədə düşünsə, Ermənistanın gələcək taleyi baxımından, daha faydalı seçim ola bilər.

Məsələ ondadır ki, Azərbaycan liderinin də vurğuladığı kimi, bütün əngəlləyici hərbi-siyasi faktorlar aradan qaldırıldığı üçün hazırda rəsmi İrəvanın sülh sazişini imzalaması üçün indi geniş imkanlar açılıb. Yekun sülh sazişinin imzalanması prosesinin uzadılması isə yalnız Ermənistan deyil, ümumiyyətlə, Cənubi Qafqaz üçün neqativ nəticələrə yol aça bilər. Və rəsmi İrəvanın bütün bəhanələrini boşa çıxaran Prezident İlham Əliyev bu barədə artıq açıq mətnlə sərt xəbərdarlıq da edib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR