İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliheydər Kazımov: “Ağız boşluğu və dişlərin sağlamlığı ümumi sağlamlığın bir hissəsidir”

Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin həkim-stomatoloqu Əliheydər Kazımovun müsahibəsini təqdim edirik:

- Bildiyiniz kimi, isti yay aylarında vətəndaşların sərin içki və soyuq yeməklərdən istifadə halları daha çox olur. Əliheydər müəllim, bu, ağız boşluğunda hansı narahatlıqlara səbəb ola bilər?

- İlk öncə qeyd etmək istəyirəm ki, sərin içki və soyuq qidaların qəbulu zamanı ağız boşluğunda termiki qıcıqlar baş verir. Termiki qıcıqlardan sonra isə ağız boşluğunda, diş ətində və dişlərdə müəyyən narahatçılıqlar yaranır, həmçinin diş ətinin qızarması, şişməsi və qıcıqlanması müşahidə olunur.

Yay aylarında əksər hallarda termiki qıcıqlar soyuq-isti maddələrin qarışığından baş verir. Bu isə, dişlərin sinirlərində ciddi problemlərə yol açır. Bununla yanaşı, damaqlarda problemlər meydana gəlir. Dəfələrlə təkrarlandıqda isə xroniki hala çevrilir və ağız boşluğunda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.

Yay aylarında sərin içkilərin qəbulu parodont kimi stomatoloji xəstəliyin yaranmasına səbəb ola bilər. Parodont toxumalarına diş əti, diş, periodont, diş kökü sementi və alveol sümüyü aiddir. Parodont toxumaları vahid bir sistem təşkil edir. Bu sistem dişlərin sümükdə möhkəmliyini təmin edir və çeynəmə təzyiqini nizamlayır.

Parodont xəstəlikləri diş əti və dişi yuvasında saxlayan toxumaların iltihabi xəstəlikləridir. Bu xəstəliklər diş əti iltihabı ilə başlayır. Vaxtında müalicə edilməzsə, parodontitə qədər irəliləyərək diş əti və dişləri dəstəkləyən alveol sümüyündə geriyədönməz proseslər meydana gətirə bilirlər. Bununla da, dişlərin laxlaması və nəticədə itirilməsi baş verir.

Diş itirilmələrinin 70% səbəbi parodont xəstəlikləridir. Bu xəstəliklərə erkən dövrdə diaqnoz qoyulduqda və düzgün müalicə tədbirləri seçildikdə, asan və effektiv şəkildə müalicə oluna bilirlər.

- Doktor, bilmək istərdik ki, diş ətində şişkinlik və qızartıların yaranma səbəbləri nələrdir?

- Diş əti iltihabı və ya gingivit dişlərin ətrafındakı yumşaq toxumaların iltihabıdır. Bu vəziyyət diş ətinin qızartı, şişməsi və qanaması ilə özünü göstərir. Gingivit ən çox dişlər kifayət qədər təmizlənmədikdə baş verir. Eyni zamanda, diş daşları olduğu zaman insanın diş ətində gingivit yaranır. Diş əti iltihabının səbəbləri arasında ağız gigiyenasının pozulması, tütünçəkmə, hormonal dəyişikliklər, genetik meyl, stres, zəif qidalanma, immunitet sistemi problemləri ola bilər.

Gingivit vaxtında müalicə olunmazsa, daha ciddi diş əti xəstəliklərinə və ya hətta diş itkisinə səbəb ola bilər.

- Bu şişkinlik və qızartının qarşısını necə almaq olar?

- İltihabi prosesi dayandırmaq üçün onun yaranmasının əsas səbəbini - yumşaq və sərt diş ərpinin aradan qaldırmaq lazımdır. Adi diş fırçası ilə diş üzərindəki yığılan ərp və daşlar çıxarıla bilməz. Buna görə də, diş daşlarının təmizlənməsi üçün mütəmadi şəkildə stomatoloqa müraciət etmək tövsiyə olunur.

Bundan əlavə, diş ətlərinin sağlam qalması üçün gündəlik fırçalama, diş ipi, diş həkimi tərəfindən mütəmadi müayinələr və siqaretdən imtina kimi profilaktik tədbirlər görülməlidir.

- Diş daşları insan sağlamlığı üçün hər hansısa təhlükə törədə bilərmi?

- Qeyd edim ki, diş daşları olduğu zaman insanın diş ətində gingivit kimi stomatoloji xəstəlik yaranır. Burada dişlərin təmizlənməsi və ya diş həkimi tərəfindən aparılan diş ətinin müalicəsi ilə başlayır. Diş əti iltihabı müalicə olunmazsa, daha ciddi diş əti xəstəliklərinə və ya hətta diş itkisinə səbəb ola bilər. Elmi araşdırmalar gingivitin ürək xəstəliyi, diabet və digər sağlamlıq problemləri ilə əlaqəli olduğunu göstərilib. Nəticədə diş əti iltihabı ciddi bir problemdir və mütəmadi olaraq diş həkimi ilə məsləhətləşmək və ağız gigiyenasına riayət etmək vacibdir.

- Gingivit hamilə qadınlar üçün də zərərlidirmi?

- Gingivit hamilə qadınlara da zərər verə bilər, çünki bu vəziyyət aşağı çəki və ya erkən doğuş olan körpələrin olma riski ola bilər. Bu səbəbdən hamilə qadınların diş sağlamlığına diqqət yetirməsi və mütəmadi olaraq diş həkiminə müraciət etməsi vacibdir.

- Parodont xəstəliklərinin müalicəsi necə aparılır?

- Parodont xəstəliklərinin müalicəsi xəstəliyi törədən səbəblərin aradan qaldırılması ilə başlayır. Əgər düzgün qoyulmayan plomblar, düzgün hazırlanmayan qapaqlar, körpüyəbənzər protezlər və ortodontik aparatlar varsa, bu zaman onlar yenisi ilə əvəz olunmalıdır. Eyni zamanda, ağız gigiyenası korreksiya edilməli və diş daşları təmizlənməlidir. Ağır hallarda yerli iltihab əleyhinə müalicə, parodontal ciblərin açıq və ya qapalı kuretajiı həyata keçirilir. Yerli müalicə prosesində parodontal ciblərə daxil edilən dərman preparatları tez bir zamanda yuyularaq, oradan çıxır. Bu da dərmanların terapevtik təsirini azaldır. Buna görə də, parodontal sarğılardan istifadə olunur. Parodontal sarğılar dərman preparatlarının diş ətində, parodontal ciblərdə uzun müddət qalaraq, təsir göstərməsini təmin edir.

Parodont xəstəliklərinin profilaktikası və müalicəsi təbii dişlərin qorunması, daha rahat çeynəmə və həzmin baş verməsi deməkdir. Parodontitin profilaktikasının əsas üsulu ağız boşluğunun fərdi gigiyenasıdır. Buna dişlərin düzgün, mütəmadi olaraq təmizlənməsi, keyfiyyətli diş fırçaları və məcunların istifadəsi və s. aiddir.

- Ağız boşluğunda yaranan problemlərin aradan götürülməsi üçün fizioterapiyadan istifadə olunurmu?

- Parodontit, parodontoz və gingivit kimi stomatoloji xəstəliklər zamanı fizioterapiya geniş istifadə olunur. Bu halda müxtəlif dərmanların elektroforezi, darsonvalizasiyası, lazer müalicəsi aparılır. Prosedur steril və ağrısız vəziyyətdə icra olunur.

Bundan əlavə, stomatologiyada fiziki müalicə fizioterapiya iltihabəleyhinə, ağrıkəsici, hiposensibilizəedici təsiri artırmaq (diş həssaslığını aradan qaldırmaq), deminerilizasiya prosesini dayandırmaq (kövrək dişlərdə), mikrosirkulyasiyanı yaxşılaşdırmaq, damar tonusunu normallaşdırmaq, venoz durğunluğunu aradan qaldırmaq, trofikanı yaxşılaşdırmaq, toxuma rezistentliyini qaldırmaq üçün istifadə olunur.

Sonda qeyd etmək istəyirəm ki, ağız boşluğun və dişlərin sağlamlığı ümumi sağlamlığın bir hissəsidir və həyat keyfiyyətinin vacib komponenti kimi qəbul edilir. Buna görə də, sağlamlığınız üçün mütəmadi olaraq diş həkiminə müraciət etmək, siqaret çəkməmək və sağlam qidalanma kimi qaydalara riayət etmək vacibdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR