İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın gözü Zaporojyedə - Rusiya AES-i partladaraq əsrin fəlakətini törədəcəkmi?

Ukraynanın Zaporojye vilayəti ölkəmizdə, eləcə də bütün SSRİ-də eyni adlı minik avtomobili ilə tanınırdı. Hamı bilirdi ki, bu azlitrajlı, ikiqapılı, kiçik tutumlu, bir neçə avtomobil markasından başqa maşın görməmiş sovet insanının belə istehzayla “Zapor” adlandırdığı, əsasən müharibə veteranlarına verilən bu maşınlar Zaporojyedə istehsal olunur.

Ancaq Ukraynanın şərqində yerləşən bu vilayət və eyni adlı şəhər Sovet İttifaqının sənaye mərkəzlərindən biri olub. Onun sənayeləşdirilməsi hələ ötən əsrin 30-cu illərindən başlayıb. O zaman SSRİ bütövlükdə aqrar ölkəydi, amma Zaporojyedə artıq sənaye müəssiələri tikilir, elektrik stansiyaları inşa edilirdi.

Hazırda dünyanın gündəmində olan Zaporojye AES-n tikintisi haqqında qərar 1978-ci ildə SSRİ Nazirlər Soveti tərəfindən qəbul edilib. O vaxt Ukraynanın bir sıra başqa vilayətlərində ( o cümlədən Çernobılda) AES-lər tikilib. Zaporojye AES isə SSRİ-nin və Avropanın ən böyük, dünyanın isə 9-cu nəhəng enerji istehsalçısı olub.

enerqodar1.jpg (188 KB)

Bu, AES Zaporojye vilayətində Kaxovka su anbarının sahilində çöl zonasında, 104 hektar sahədə, Enerqodar şəhərinin yaxınlığında inşa olunub. Əslində Enerqodar şəhəri, inşaatçıları və daha sonra stansiyanın 11.000-ə qədər işçisini yerləşdirmək üçün "peyk şəhər" qismində tikilib və bu, bölgənin iqtisadi inkişafına güclü təkan verib.

AES Kamenka-Dneprovskaya şəhəri stansiyadan 10, Vasiliyevkadan 67 km məsafədə yerləşir. Müəssisə ilə Kiyevin arası 550 kilometrdir.

Zaporojye AES-in bu coğrafi rayonda yerləşdirilməsi qərarı üç əsas səbəbə görə qəbul edilib: 1. Yerli torpaqlar kənd təsərrüfatı üçün xüsusilə uyğun deyildi; 2. Tikilmiş bütün lazımi infrastrukturu olan Zaporejye İES-in yaxınlığındaydı; 3. Rayon ölkənin xarici dövlətlərin sərhədlərindən uzaqda idi.

enerqo-2.jpg (89 KB)

Bu sonuncu amil ona görə vacib sayılırdı ki, AES beynəlxalq vəziyyətin gərgin olduğu, sürətlə silahlanmanın tüğyan etdiyi bir vaxtda inşa edilirdi və düşüncə beləydi ki, əgər hansısa NATO üzvü olan Avropa dövləti ilə müharibə başlasa, düşmən AES-i hədəf götürə, ölkəyə nüvə fəlakəti yaşada bilməsin.

Ancaq taleyin istehzasına baxın ki, 1978-ci ildə belə bir təhlükəyə qarşı önləm alan Moskva indi özü Zaporojye AES-in partlatmaqla bağlı vaxtaşırı hədə sovurur.

Ona görə də hazırda dünyanın gözü, qulağı, radiolokasiya stansiyalarının pelenqatorları Zaporojyeyə tuşlanıb.

Bir çoxları Kremlin Zaporojye AES-i vurmaqla bağlı hədələrini Putinin növbəti blefi hesab etsələr də, bunun gerçək bir niyyət olduğuna inananlar da az deyil. Bu əminlik əsasən ona görədir ki, Putin 3 günə bitirəcəyini güman etdiyi “Ukrayna xüsusi əməliyyatı”nı, budur, ilyarımdır bitirə bilmir, əksinə, günbəgün geri çəkilir, zəifləyir. Kreml sözçüləri nə qədər “qələbə bizimlədir” desələr də, Ukraynanın və ona lazımi dəstək verən ABŞ və Avropa dövlətlərinin müqaviməti qarşısında gücsüz olduğunu anlayır. Bu dövlətin başbilənləri, xüsusilə də prezident Putin məğlubiyyət ehtimalını yaxın qoymadıqları üçün son anda istənilən məşum addımı ata, “nə sizin olsun, nə mənim” deyə Ukraynanı labüd məhvedilmə riski qarşısında qoya bilər.

Kernkraftwerk_Saporischschja.JPG (65 KB)

Bunu Avropa ölkələri də anlayırlar. Əslində onlar ona görə Ukraynanın Rusiya üzərinə həlledici əks-hücuma keçməsini əngəlləyir, müharibənin lokal əməliyyatlarla davam etməsini təmin edirlər ki, Putin qeyzlənib ümum-Avropa fəlakəti təşkil etmək fikrinə düşməsin, yavaş-yavaş sülhə, danışıqlara getmək lazım olduğunu anlasın.

Zaporojye AES-də hər hansı bir qəza, radiasiya sızıntısı gerçəkdən də fəlakət ola bilər. Bundan təkcə Ukrayna yox, həm Avropa ölkələri (o cümlədən Gürcüstan, Moldova, Türkiyə), həm də Rusiya və Belarus da ziyan çəkə bilər. Çünki partlayış olacağı gün külək hansı tərəfə əssə radioaktiv buludlar məhz o ölkələri, bölgələri xaraba qoyacaq.

cd982c164e458325fea116d9cbbfefdc.jpg (238 KB)

Hələ bu AES-in sıradan çıxarılmasıyla Dnepropetrovsk, Zaporojye, Nikolayev, Xerson və Odessa vilayətlərində elektrik enerjisinin kəsilməsindən gələn zərərlər hesaba daxil deyil.

SSRİ-nin dağılmasından əvvəl Zaporojye AES-də istifadə olunan nüvə yanacağı Çelyabinskdəki tullantıların saxlanması və emalı zavoduna daşınıb. Müstəqillik əldə etdikdən sonra Rusiyaya emal üçün yanacağın ixrac xidməti kəskin artıb, təqribən 200 milyon dollar təşkil edib, ona görə də 2001-ci ildə Zaporojye AES-də quru anbarın (İSSF) tikintisinə başlanıb, 2004-cü ildə istismara verilib.

24 fevral 2022-ci ildə Rusiya Ukrayna ərazisinə hücum edərək, martın 1-də Zaporojye AES-in ətrafındakı əraziləri işğaı edib. Dünya tarixində ilk dəfə olaraq fəaliyyət göstərən AES yaxınlığında hərbi əməliyyatlar keçirilib.

zapor.jpg (65 KB)

 

Stansiya ələ keçirildikdən sonra işçilər dindirilib və işgəncələrə məruz qalıb, ölənlər olub.

Rusiya hərbçiləri stansiyanı Rusiya şəbəkəsinə qoşmağa çalışıblar. Enerji bloklarının təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə, 2022-ci ilin sentyabrında MAQATE stansiyaya monitorinq qrupları yerləşdirib.

2023-cü ilin əvvəlindən bəri AES elektirk enerjisi istehsal etmir, lakin iki reaktor "qaynar dayandırma" rejimindədir, stansiyanı və yaxınlıqdakı Enerqodar şəhərini buxar və istiliklə təmin edir. Stansiyada 500-ə yaxın rus hərbçisi var, hərbi texnika da ərazidə yerləşir.

2023-cü ilin mart ayına olan məlumata görə, radiasiya sızması, reaktorların zədələnməsi, işlənmiş nüvə yanacağı anbarları, soyutma sistemləri və ya ehtiyat enerji sistemləri haqqında məlumat yoxdur.

rafazelput.JPG (38 KB)

MAQATE rəhbəri Rafael Qrossi Kiyevdə Vladimir Zelenski ilə, Moskvada Rusiya rəhbərliyi ilə görüşüb-danışıb. Ancqq böhran həll olunmayıb - Rusiya tərəfi stansiyanı demilitarizasiya etməkdən imtina edib.

2023-cü ilin martında Ukrayna hakimiyyəti elan edib ki, işğal ili ərzində Zaporojye AES-də vəziyyət xeyli pisləşib. Ukrayna tərəfinin fikrincə, bölgənin işğaldan azad ediləcəyi təqdirdə Rusiya stansiyanı bilərəkdən sıradan çıxarmağa cəhd edə bilər.

Artıq indi iyul ayının əvvəlində 4 ay öncə edilmiş anonsun reallaşması ehtimalı xeyli güclüdür.

AES-dəki hər hansı partlayış qlobal fəlakət deməkdir. Bu, 1945-ci ilin avqustunda ABŞ tərəfindən Yaponiyanın Hirosima və Naqasaki şəhərinə atılan atom bombası qədər antibəşəri cinayət olar.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR