İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın böyük bir bölgəsi məhv olacaq: Plana görə, əvvəlcə AES vurulacaq, sonra Avropaya nüvə zərbəsi endiriləcək

Rusiya ordusu öz döyüş potensialının təxminən yarısını itirib, ölkənin xəritədən silinmə təhlükəsi Kremli son varianta sürükləyir... Kremldə “nüvə düyməsi” masaya gətirilib, hər an qorxunc qərar verilə bilər...

Ukrayna savaşı Rusiya üçün əsl fəlakət mənbəyinə çevrilib. Kreml bu “savaş bataqlığı”nda Rusiyanın “boğulmaq” üzrə olduğunu artıq anlamağa başlayıb. Ancaq Rusiyanın hərbi-siyasi rəhbərliyi bu vəziyyətdən çıxış yolları tapa bilmir. Çünki Kreml Rusiyanın bu savaşdan “hərbi qənimətlər”lə çıxmasında hələ də israrlı davranır və Qərbdən bu məsələdə güzəşt gözləyir.

Ancaq Ukrayna savaşının ssenari müəllifləri Kremlin belə asanlıqla, üstəlik, “hərbi qənimətlər”lə Rusiyanı xilas etməsinə imkan vermək niyyətindən çox-çox uzaqdır. Hətta Kreml Qərbin və Ukraynanın bütün tələb-şərtlətini qəbul etsə belə, Rusiyanın “savaş bataqlığı”nda hələ uzun müddət saxlamaq planlarının mövcudluğu artıq qətiyyən şübhə doğurmur. Və Rusiyanın hazırda düşdüyü durum Ukrayna savaşının ssenari müəlliflərini daha da cəsarətləndirir.

Məsələ ondadır ki, Rusiya iqtisadiyyatı artıq Ukrayna savaşının yükünü çəkməkdə çətinlik çəkir. Rusiya rublu valyuta birjalarında sürətlə ucuzlaşır. Rusiya ordusunun savaş xərcləri isə durmadan artmaqda davam edir. Son məlumatlara görə, Kreml son iki ay ərzində Rusiyanın maliyyə rezervlərini də xərcləməyə başlayıb və ölkənin ehtiyatları 120 milyard dollar azalıb. Və Kreml hazırda dövlət büdcəsində qeyri-hərbi sahələrin maliyyələşdirilməsini məhdudlaşdırmaqla, vəziyyətdən çıxmağa çalışır.

Halbuki, bu, o qədər də ümidverici nəticələr vəd etmir. Hər halda, qeyri-hərbi sahələrdən maliyyə kəsintiləri yaxın gələcəkdə sosial-ictimai böhran təhlükəsi də yaradır. “Vaqner”in silahlı qiyamından sonra mövcud olan vəziyyət Rusiyanın ölkədaxili sosial-ictimai təlatümlərə tab gətirmə imkanlarını da məhdudlaşdırıb. Bu isə o deməkdir ki, Rusiyanın ətrafında dairə daralır. Və Kremlin taleyüklü qərarlar almaq məcburiyyətində qala biləcəyi mərhələ artıq o qədər də uzaqda deyil.

volodyalar-savash.JPG (69 KB)

Məsələ ondadır ki, Kreml Rusiya ordusunun hərbi ehtiyaclarını da ödəməkdə çətinlik çəkir. Son məlumatlara görə, Rusiya ordusu Ukrayna savaşının başlanmasından indiyə qədər öz hərbi texnika arsenalının böyük bir hissəsindən məhrum olub. Rusiyanın yalnız 2500-dən çox tank itirdiyini nəzərə aldıqda, vəziyyətin katostrafik olduğu qətiyyən şübhə doğurmur. Çünki Rusiya bir il ərzində cəmisi 200 tank istehsal etmək imkanındadır. Bu hesabla, Kremlin yalnız itirilmiş tankları yeniləri ilə əvəz etməsi üçün təxminən 10 il vaxt lazımdır.

Ona görə də, Qərb hərbi ekspertləri əmindirlər ki, Rusiya ordusu savaşdan öncəki döyüş qabiliyyətlərinin yarısından çoxunu artıq itirib. Savaşın bir qədər də uzanması Kremli əlacsız duruma sala bilər. Halbuki, elə indidən Rusiya ordusunun aciz vəziyyətə düşməkdə olduğu da müşahidə edilir.

Rusiya ordusunun strateji əhəmiyyət daşıyan Baxmut şəhərindən tədricən geri çəkilməsi barədə məlumatlarsa, Kremlin məğlubiyyəti qəbul etmək məcburiyyətində qalacağı vaxtın sürətlə yaxınlaşdığını göstərir. Və artıq heç kimdə şübhə yoxdur ki, bundan sonra yalnız müdafiə taktikasına məhkum olan Rusiya ordusundan əkshücum həmləsi gözləmək sadəlövhlük olardı.

Əslində, Rusiya ordusunun indiki zəifləmiş durumu onun Ukrayna savaşında məğlubiyyətini yaxınlaşdırsa da, bunun təhlükəli nəticələri də ola bilər. Belə ki, Kreml Ukrayna savaşında məğlubiyyət variantı üzərində qətiyyən düşünmür. Əksinə, Rusiya siyasi dairələri məğlubiyyətin ölkənin parçalanaraq, dağılmasına yol aça biləcəyini düşünürlər. Və bunun qarşısını almaq üçün bütün variantlardan istifadə ediləcəyini vurğulayırlar.

petya-raket.JPG (48 KB)

Hazırda bütün dünya üşün ən təhlükəli olan məqam da məhz bununla birbaşa bağlıdır. Hələ bir müddət öncə Kreml ABŞ və Qərbə xəbərdarlıq etmişdi ki, Ukraynaya hərbi dəstəyi dərhal dayandırsın. Əks halda, bu, ABŞ və Qərbin özünə qarşı əsl fəlakətin başlanğıcı da ola bilər. Kreml bu təhdidlərini nüvə dövlətinin adi savaşlarda məğlubiyyətinin mümkün olmaması ilə izah etmişdi. Və dolayısı ilə Rusiyanın rəqiblərini nüvə savaşı ilə hədələmişdi.

Bəzi məlumatlara görə, “Vaqner”in hərbi qiyaməndan sonra Kremldə təşviş qarışıq aqressiv əhval-ruhiyyə hökm sürür. Rusiya siyasi dairələri hesab edirlər ki, əgər, Ukrayna savaşında məğlubiyyət qaçılmaz olarsa, nüvə silahından istifadə etməkdən başqa çarə qalmayacaq. Və bu dəhşətli savaş modelinə isə elə indidən hazırlaşmaq vacibdir.

Maraqlıdır ki, Kreml nüvə savaşına hazırlıq prosesinə artıq başlamış kimi görünür. Belə ki, prezident Vladimir Putinin göstərişi ilə Rusiyanın qərb bölgələrindəki bütün nüvə sığınacaqlarının hazır vəziyyətə gətirilməsinə start verilib. Eyni zamanda, Rusiya öz nüvə potensialının bir hissəsini Avropa ölkələrinə daha yaxın olan Belarusa yerləşdirib. Və bu, yaxın gələcəkdə nüvə düyməsinə basılma ehtimalını artırır.

Digər tərəfdən, Kreml Ukraynanı Zaparojye Atom Elektrik Stansiyasını partlatmağa hazırlaşmaqda da suçlayır. Üstəlik, Rusiya ordusunun həmin AES-in ərazisini sürətlə tərk etməyə başladığı barədə də məlumatlar yayılır. Hesab olunur ki, bütün bunlar AES-ə zərbə endirilməsi barədə planın hazır olmasının ilkin əlaməti sayılmalıdır.

1648445235_putin-nuve-silahi.jpg (52 KB)

Adətən, Kreml Ukraynanı hansısa hərbi cinayətdə ittiham edirsə, bu, mütləq baş verir. Ancaq sonradan məlum olur ki, Kreml Ukraynanı ittiham etsə də, hadisə Rusiya tərəfindən törədilib. Ukraynada SES-in vurulmasından öncə də, Kreml rəsmi Kiyevi ittiham edirdi. Və sonradan bu qorxunc addımın Rusiya ordusu tərəfindən atıldığı barədə sübutlar yayıldı.

İndi də AES-ə qarşı eyni hadisələr təkrarlanmağa başlayıb. Ehtimal olunur ki, Kreml ABŞ və Qərbi ciddi şəkildə qorxutmaq üçün əvvəlcə məhz AES-də partlayış törədə bilər. Çünki AES-də partlayış nüvə savaşının məhdud çərçivədə sınaqdan çıxarılması anlamı daşıyacaq. Yalnız bundan sonra da əgər, ABŞ və Qərb Rusiyaya qarşı hərbi qarşıdurmanı davam etdirərsə, Kremlin Avropa ölkələrinə real nüvə zərbəsi endirəcəyi güman olunur.

Göründüyü kimi, dünya olduqca real nüvə təhdidi ilə üzləşib. Ukrayna rəsmi dairələri də əmindirlər ki, Kreml ən yaxın günlərdə AES-ə zərbə endirəcək və bölgəyə qonşu ölkələr də daxil olmaqla, böyük bir ərazi radiaktiv məkana çevriləcək. Və bu baxımdan, dünyanın hər an nüvə savaşına məruz qalma ehtimalı hazırda tamamilə inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR