Onlayn ictimai-siyasi qəzet
Futbol tarixində bəzi oyunçular sadəcə kuboklar qazanmır, onlar bütöv bir dövrə çevrilirlər. Pele, Maradona, Zidan, Ronaldo Nazario, Messi və əlbəttə ki, bir də Kriştiano Ronaldo. Bu ismi futbol dünyası yəqin ki, heç zaman unutmaz...
2026-cı il Dünya Çempionatının startına saatlar qaldığı bir vaxtda futbol dünyasında maraqlı bir fikir getdikcə daha çox qızışır .
"2022-ci ildə Messi dünya çempionu oldusa, niyə 2026-cı ildə Ronaldo dünya çempionu olmasın?"
Bu, ilk baxışdan sadəcə azarkeş emosiyası kimi görünə bilər. Lakin məsələyə dərindən baxdıqda görürük ki, söhbət təkcə Portuqaliyanın potensialından yox, futbol tarixinin bəlkə də ən böyük hekayələrindən birinin tamamlanmasından gedir.
Son illər futbol dünyası sanki böyük bir ssenari üzrə hərəkət edir. Uzun illər davam edən Messi-Ronaldo rəqabəti futbol tarixinin ən möhtəşəm duelinə çevrildi. İki futbolçu 15 ildən çox müddətdə dünya futbolunun zirvəsini bölüşdü, rekordları darmadağın etdi, azarkeşləri iki düşərgəyə ayırdı.
Lakin onların karyeralarında bir fərq vardı.
Messi uzun illər Argentina ilə böyük titul həsrəti yaşayırdı. Dünya çempionluğu onun futbol bioqrafiyasında çatışmayan son böyük parça idi. Nəhayət, 2022-ci ildə Qətərdə keçirilən mundialda o, bu arzunu reallaşdırdı. Argentina çempion oldu və futbol dünyasının böyük əksəriyyəti bunu sanki təbii bir sonluq kimi qəbul etdi.
İndi isə eyni sual Ronaldo üçün verilir.
Əgər Messi dünya çempionluğu ilə karyerasını tamamlayıbsa, Ronaldo niyə eyni sonluğu yaşamasın?

Əlbəttə, futbol nağıl deyil. Kuboklar emosiyalarla yox, meydanda qazanılır. Lakin dünya futbolu tarixində bəzən elə hadisələr baş verib ki, onlar adi məntiqi aşaraq simvolik məna qazanıb.
Bu gün "Dünya Ronaldoya kubok borcludur" fikrinin bu qədər məşhurlaşmasının səbəbi də budur.
Çünki Ronaldo artıq çoxdan sadəcə futbolçu olmaqdan çıxıb. O, bir fenomenə, bir dövrə, bir futbol mədəniyyətinə çevrilib.
Portuqaliya millisinin özü də əvvəlki illərlə müqayisədə daha balanslı görünür. Bruno Fernandes, Bernardo Silva, Rafael Leao, Vitinya, Joao Neves, Ruben Dias, Nuno Mendeş kimi futbolçular komandanın əsas dayaqlarına çevriliblər. Bir çox ekspert hesab edir ki, son iyirmi ilin ən güclü Portuqaliya heyətlərindən biri məhz indiki komandadır.
Bu baxımdan Ronaldonun dünya çempionluğu arzusu əvvəlki mundiallarla müqayisədə daha real görünür.
Maraqlıdır ki, son aylarda bu mövzuda müxtəlif nəzəriyyələr də ortaya çıxıb.
Xüsusilə Kriştiano Ronaldonun ABŞ Prezidenti Donald Trampla görüşündən sonra sosial şəbəkələrdə müxtəlif iddialar yayılmağa başladı. Həmin görüş zamanı Ronaldo Trampa üzərində xüsusi mesaj yazılmış Portuqaliya millisinin formasını hədiyyə etmişdi. Ağ Ev sahibi isə ona nadir hədiyyə sayılan açar hədiyyə etmişdi...
Məhz bndan sonra bəzi azarkeşlər və sosial media istifadəçiləri arasında "2026-cı il Ronaldonun mundialı olacaq" fikri daha da populyarlaşdı.
Əlbəttə, bunlar emosional yanaşmalardır. Dünya Çempionatının taleyi nə siyasətçilərin görüşləri, nə də azarkeşlərin arzuları ilə müəyyən olunur. Amma futbolun gözəlliyi də məhz bundadır. Futbol təkcə statistika deyil. Əgər statistika hər şeyi həll etsəydi, Maradona 1986-cı ildə həmin möcüzəni yaratmazdı. Əgər statistika əsas amil olsaydı, 2004-cü ildə Yunanıstan Avropa çempionu olmazdı. Əgər hər şey rəqəmlərlə ölçülsəydi, Messi 2022-ci ildə milyonlarla insanın göz yaşlarına səbəb olan o hekayəni yaza bilməzdi.
Bəzən futbol öz qəhrəmanlarını özü seçir.
Məhz buna görə də 2026 Dünya Çempionatı təkcə kubok uğrunda mübarizə deyil. Bu mundial həm də bir sualın cavabını verəcək:
Futbol tarixinin ən böyük simalarından biri olan Kriştiano Ronaldo karyerasının son böyük arzusuna çata biləcəkmi?
Əgər Portuqaliya dünya çempionu olsa, bu, sadəcə bir komandanın qələbəsi olmayacaq. Bu, iyirmi ildən artıq müddətdə futbolun simalarından biri olmuş bir əfsanənin hekayəsinin tamamlanması olacaq.
Bəlkə də buna görə milyonlarla insan bu gün eyni cümləni təkrar edir: "Dünya Ronaldoya kubok borcludur".
Amma futbolun ən böyük sirri də elə budur ki, o heç kimə heç nə borclu deyil.
Bütün cavablar isə qarşıdakı 38 gündə ABŞ, Kanada və Meksika stadionlarında veriləcək.
Cavanşir Abbaslı
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ