İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyüşən Odessada Xocalı soyqırımının 34-cü ildönümü anılıb - FOTO, VİDEO

Dünən Ukraynanın bir çox şəhərlərində olduğu kimi, Odessada da XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, tədbir “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının təşəbbüsü ilə baş tutub.

Mərasimdə bir sıra rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qardaş Türkiyə Cümhuriyyətinin Odessadakı baş konsulu Mühiddin Çelik çıxış edərək bildirib ki, bu faciə bütün türk dünyasında anılır və hər bir türkün yaddaşında dərin iz qoyub. Diplomat millətimizin bir daha belə faciə yaşamaması üçün qüdrətli Türkiyə və Azərbaycan dövlətlərinin, eləcə də xalqlarının bundan sonra da daim birlik və həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

2007–2012-ci illərdə Ukrayna Ali Radasının deputatı olmuş, Odessa Rayon Sovetinin sədri Vitaliy Barvinenko, Odessa imamı Şeyx İlyas, Odessa İqtisad Universitetinin keçmiş rektoru, professor Mixail Zveryakov da çıxışlarında rus-erməni hərbi birləşmələrinin törətdiyi Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu qeyd ediblər.

Azərbaycan xalqına başsağlığı verən qonaqlar bir daha belə faciələrin yaşanmaması arzularını dilə gətiriblər. Toplantı iştirakçıları həmçinin dörd ildən artıqdır davam edən qanlı Rusiya–Ukrayna müharibəsi fonunda da bənzər faciələrin baş verdiyini, mülki insanların, uşaqların və qadınların savaş qurbanına çevrildiyini təəssüf hissi ilə bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR