İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət əmlakları belə bölüşdürüləcək

Azərbaycanda dövlət əmlakının idarə olunması ilə bağlı yeni dəyişiklik qüvvəyə minib. Prezident İlham Əliyevin təsdiqlədiyi fərmana əsasən, dövlət mülkiyyətində olan əsas vəsaitlərin dövlət qurumları arasında verilməsi üçün yeni prosedurlar müəyyənləşdirilib. Dəyişikliklər əmlakın dəyərindən asılı olaraq qərarların hansı qaydada və hansı qurumların razılığı ilə qəbul ediləcəyini dəqiqləşdirir.

Bəs yeni mexanizm dövlət əmlakının idarə edilməsində şəffaflığı və operativliyi artıra biləcəkmi? Yeni qaydalar dövlət qurumları arasında əmlakın bölüşdürülməsinə və istifadəsinin səmərəliliyinə necə təsir göstərəcək?

Musavat.com-a mövzu ilə bağlı danışan Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni dəyişiklik dövlət əmlakının idarə olunması sisteminin daha müasir, çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında təkmilləşdirilməsinə xidmət edən mühüm addımdır.

Onun sözlərinə görə, dövlət mülkiyyətində olan əsas vəsaitlərin hökumət qurumları arasında bölüşdürülməsi mexanizminin daha dəqiq tənzimlənməsi həm qərarların qəbulunda səlahiyyət bölgüsünü aydınlaşdırır, həm də idarəetmə prosesində vahid yanaşmanın formalaşmasına şərait yaradır:

"Əmlakın balansda saxlanılması özü-özlüyündə məqsəd deyil. Əsas hədəf dövlətə məxsus aktivlərin səmərəli istifadəsinin təmin edilməsi, onların iqtisadi dövriyyədə maksimum fayda verməsi və büdcə vəsaitlərinin daha rasional idarə olunmasıdır. Yeni mexanizm də məhz bu məqsədlərə xidmət edir".

GUNAY.jpeg (548 KB)

AQP rəsmisi qeyd edib ki, dəyişikliklərin əsas üstünlüklərindən biri əmlakın dəyərindən asılı olaraq qərar qəbuletmə prosedurlarının konkretləşdirilməsidir:

"Bu yanaşma həm yüksək dəyərli aktivlərlə bağlı qərarlarda daha ciddi nəzarət mexanizmlərinin tətbiqinə, həm də nisbətən aşağı dəyərli əmlak üzrə proseslərin operativ şəkildə həyata keçirilməsinə imkan verir. Nəticədə, həm şəffaflıq, həm də çeviklik arasında optimal balans yaranır. Bu yeniliyin zəruriliyi dövlət idarəçiliyində son illər həyata keçirilən institusional islahatların məntiqi davamı kimi qiymətləndirilməlidir. Dövlət əmlakının uçotu, idarə olunması və istifadəsi sahəsində rəqəmsallaşmanın genişlənməsi, aktivlərin inventarlaşdırılması və onların səmərəliliyinin qiymətləndirilməsi yeni hüquqi mexanizmlərin formalaşdırılmasını zəruri edirdi. Qəbul edilən dəyişikliklər də məhz bu ehtiyaclara cavab verir".

Müsahibimiz hesab edir ki, qiymətləndirmə baxımından da bu yenilik mühüm əhəmiyyət daşıyır:

"Dövlət əmlakının real bazar dəyərinin düzgün müəyyən edilməsi, onun iqtisadi potensialının obyektiv qiymətləndirilməsi və idarəetmə qərarlarının etibarlı məlumatlar əsasında qəbul olunması dövlət aktivlərinin daha səmərəli idarə edilməsinin əsas şərtlərindəndir. Bu baxımdan peşəkar qiymətləndirmə institutunun rolu daha da artır. Eyni zamanda yeni qaydalar dövlət qurumları arasında istifadəsiz və ya az istifadə olunan əsas vəsaitlərin daha səmərəli bölgüsünə imkan yaradacaq. Bu isə əlavə dövlət xərclərinin qarşısının alınmasına, yeni əmlak alınmasına ehtiyacın azalmasına və mövcud resurslardan maksimum səmərə ilə istifadə olunmasına şərait yaradacaq".

Günay İsmayılqızının fikrincə, qəbul edilən dəyişikliklər dövlət əmlakının idarə edilməsində şəffaflığın, hesabatlılığın və operativliyin gücləndirilməsinə, dövlət aktivlərinin iqtisadi dəyərinin qorunmasına və idarəetmə keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək:

"Bu, həm dövlət maliyyəsinin səmərəliliyinin artırılması, həm də müasir dövlət idarəçiliyi prinsiplərinin daha ardıcıl tətbiqi baxımından əhəmiyyətli islahat kimi qiymətləndirilməlidir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR