Onlayn ictimai-siyasi qəzet
Kinoçəkənlərimiz bu yaxında iclas keçirib yeni-köhnə sədr qoydular. Ona görə “yeni-köhnə” yazdım ki, bu sədr qabaqlar da bir dəfə sədr olmuşdu və hökumətin ətəyinə yaxınlığı ilə tanınırmış.
Elə kinoçəkənlər də bu amilə ümid edirlər, deyirlər, sədrin hökumətlə mehribançılığı sayəsində kameramız bala batacaq, kinoteatrlardan yağ süzüləcək, aktrisalar süd vannasında, aktyorlar şampan hovuzunda üzəcəkdir, tamaşaçılar ancaq Azərbaycan kinosu izləməyə başlayacaqdır.
Necə deyərlər, istəməyənin gözü çıxsın. İnşallah, yaxın gələcəkdə “Azərbaycanfilm”in bütün sahəsini şərurlu İsfəndiyara satsınlar. Niyə belə düşünürəm, izah edim. Bir az uzaqdan gələcəm.
Türkiyədə hazırda qəribə cinayət işləri açılır, əsasən 10-15, bəzən 20-30 il qabaqkı ölümlərin şübhəli olmasından danışılır. Az qala hər gün qəbirləri açıb kimisə narahat edirlər, guya eksqumasiya prosesi aparılır, guya ədalət, nəhayət, yerini tapacaqdır. Şəxsən mən buna zərrə qədər inanmıram. Sadəcə, inflyasiya şəraitində camaatın başını nə iləsə qatmaq lazımdır.
Sirli ölümü ilə yenidən yada düşən bu cür şəxslərdən biri Türkiyə kəşfiyyat idarəsinin (MİT) işçisi Kaşif Kozinoğlu-dur. Kozinoğlu 1990-2000-ci illərdə dinçi radikallar, xüsusilə sonradan FETÖ adıyla tanınan Fətullah Gülən camaatına qarşı əməliyyatları ilə tanınırmış. Nəticədə gülənçilər (biz o vaxt bunlara “nurçular” deyirdik, Bakıda da qəşəng şəbəkələri vardı, məsələn, Əli Həsənov onların tədbirlərində həmişə sağlıq deyərdi) Kozinoğlu-nu əvvəlcə tutdurublar. Qazamatda qaldığı günlərdə onun obrazını “Kaşifoğlu” adıyla pis adam şəklində dövrün populyar serialı “Kurtlar Vadisi Pusu”ya pərçim ediblər və serialın həmin bölümündə “Kaşifoğlu” qazamatda öldürülür. Bundan az sonra, yanılmıramsa, hətta 3 gün keçməmiş Kozinoğlu Silivri həbsxanasında həqiqətən ölür.
Təxminən kinoda təsvir edilən formada! Məsələn, filmdə “Kaşifoğlu” deyir ki, mənə həkim çağırın, boğuluram, ürəyim tutub. Kozinoğlunun ölüm sənədlərində də onun ürəktutma nəticəsində, qəsdən həkimsiz saxlanması ilə öldürülməsi ortaya çıxıb.
Biz Türkiyə ilə “bir millət-iki dövlət” olduğumuz üçün mən milli kinomuzun inkişafını arzu etmirəm. Çünki orda kimi kinoya çəkirlərsə, “ölü bulunur”. Lap o Nəsibə xanımın personajı demişkən, “yalanpışdan” yox, əməlli-başlı öldürürlər. İndi bizə də böylə film sənayesi lazımdırmı? Vallah, istəmirik. Elə biz “Aşqı-məmnu”ya, Hollivud kinolarına, nə bilim, iranlıların Yusif serialı, rusların bandit serialları kimi şeylərə baxıb başımızı qarışdırsaq bəsimizdir.
Bu da türk kinosunu dünya kinosundan fərqləndirən əsas xüsusiyyətlərdən biridir: dünya kinosunda kimsə ölür, haqqında film çəkirlər, türk kinosunda isə adamın obrazı özündən qabaq öldürülür. Çox əsrarəngiz diyardır. Hansı filmi qaldırsan, altından əcaib-qəraib xəbərdarlıqlar, subliminal mesajlar-zad çıxır.
Məsələn, elə bu Kozinoğlu temasıyla bərabər “Kurtlar Vadisi Pusu”nun 159-cu bölümü gündəmə qayıdıb, sən demə, “fetöçülər” orda Türkiyə hakimiyyətinə xəbərdarlıq ediblər. Həmin vaxt – 2012-ci ildə AKP ilə Fətullah müəllimin arası əməllicə soyumağa başlayıbmış və filmin həmin bölümündə Polad Ələmdar qəbristanlığa girir, bu zaman ekranda bir başdaşı sözün əsl mənasında tamaşaçıların gözünə soxulur. Sizcə, həmin “təsadüfi” başdaşında hansı söz yazılmışdı? Əlbəttə: “Erdoğan”! 15 iyul çevriliş cəhdinə hələ 4 il qalırdı...
Özü də mən sizi, Hacıbala müəllim demişkən, əmin edirəm, biz kino çəkməyə başlasaq Türkiyə kinosu yalan olacaq. Bizim kinolar əsasında reallıqda qan su yerinə axacaq. Kimin kimdən xoşu gəlmirsə, əvvəlcə onu filmdə, sonra həyatda yortacaq.
Təklif edirəm kinoçəkənlər ittifaqı ümumiyyətlə bağlansın. Hər ehtimala qarşı. Axı Çexov demişkən, divardan asılan tüfəng də axırda atəş açır...
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ