Onlayn ictimai-siyasi qəzet
Yalta və Potsdam konfranslarında müttəfiqlər ümumi reparasiya məbləği kimi 20 milyard dollar üzərində razılığa gəliblər. Bunun yarısı Sovet İttifaqına düşüb, həmin payın müəyyən hissəsi isə Polşaya ayrılıb.
Açığı, bu rəqəm bir qədər qəribə görünüb. Birinci dünya müharibəsindən sonra Antanta Almaniyadan dəfələrlə daha böyük məbləğ tələb edib və nəticə məlumdur: iqtisadi çöküş, revanşizm və sonda Hitlerin hakimiyyətə gəlməsi. Buna görə də 1945-ci ildə daha ehtiyatlı davranmaq qərara alınıb: pul şəklində deyil, əsasən əmlak və sənaye avadanlığı formasında almaq, Almaniyanın ödəyə biləcəyi həddə qalmaq və Versal müqaviləsinin səhvini təkrarlamamaq.

Məntiq aydın olub. Lakin Almaniyanın Sovet İttifaqına vurduğu zərərin yalnız birbaşa itkiləri 128 milyard dollar həcmində qiymətləndirilib. Dolayı itkilər də nəzərə alınanda bu rəqəm təxminən 485 milyard dollara çatıb. Yəni razılaşdırılmış reparasiya məbləği əvvəldən real zərərin onda birindən də azını qarşılayıb. Hər bir ölkə işğal etdiyi zonada öz payını götürüb. Sovet işğal zonası Qərb müttəfiqlərinin zonalarından daha kiçik olub, buna görə SSRİ-yə müttəfiqlərin nəzarətində olan ərazilərdən də əlavə pay ayrılıb. Kağız üzərində belə olub. Praktikada isə Qərb tərəfdaşları bu payı verməyə tələsməyib, müxtəlif maneələr yaradıb və nəticədə SSRİ həmin payın əhəmiyyətli hissəsini heç vaxt ala bilməyib.
Zavodların böyük köçü
SSRİ-yə Almaniyanın öz ərazisindən 2885 fabrik və zavod, Polşadan 1337, Avstriyadan 206, Çexoslovakiyadan 54, Macarıstandan isə 11 müəssisə sökülərək aparılıb. Ümumilikdə 4389 müəssisə tam və ya qismən demontaj edilib. Bundan əlavə, 96 elektrik stansiyası, təxminən 340 min dəzgah, 200 min elektrik mühərriki, parovozlar, vaqonlar, mülki gəmilər və hərbi donanma vasitələri də aparılıb. İlk növbədə hərbi sənaye və ya “ikili təyinatlı” sahələrə aid olan müəssisələr götürülüb: kimya sənayesi, metal emalı, sintetik materiallar və zəhərli maddələrin istehsalı, vaqon təmiri sahələri. Lakin tamamilə dinc məqsədlər üçün istifadə olunan avadanlıqlar da aparılıb — qrammofon plastinkaları istehsalı üçün qurğular, toxuculuq dəzgahları, pendir zavodları, sement istehsalı xətləri və nişasta fabrikləri. Berlin Universitetinin rəsədxanasından teleskoplar da çıxarılıb. Almaniyadan gətirilən mərkəzi telefon stansiyasının avadanlığı isə 1980-ci illərə qədər fəaliyyət göstərib.

Ayrıca diqqət çəkən hadisə Yena şəhərindəki Carl Zeiss optika zavodu ilə bağlıdır. Zavod nümunəvi şəkildə sökülərək gətirilib. Lakin sonradan uzun müddət problemlər yaşanıb: mütəxəssislər Almaniyada qalıblar və onların iştirakı olmadan bu unikal istehsal Sovet İttifaqında illərlə yalnız zərər gətirib. Əslində bu, bütün kampaniyanın ümumi problemini göstərib: aparılan avadanlıqların böyük hissəsi yolda xarab olub, itirilib, oğurlanıb, komplektliyi pozulub. Sağ-salamat çatdırılanların isə çoxu bəzən ümumiyyətlə işə salına bilinməyib.
Bütün hallarda 1950-ci illərin əvvəllərindəki dəzgah parkının yarısından çoxu ya birbaşa alman mənşəli olub, ya da yerli istehsal imkanlarının qənimət avadanlıqları hesabına azad olunması nəticəsində yaranıb. Bu, “xırda məsələ” olmayıb. Bu, ağır sənayenin, müdafiə sənayesinin və atom layihəsinin inkişaf etdirildiyi real texniki baza olub.

Reparasiyalar hətta artıq hesab edilən avadanlıqların bölüşdürülməsinə də imkan verib: SSRİ üçün artıq və ya köhnəlmiş sayılan bəzi avadanlıqlar Çinə göndərilib. Alman işğalı zamanı xüsusilə ağır dağıntıya məruz qalan Belarusda yeni müəssisələr əsasən qənimət avadanlıqları hesabına işə salınıb. Rusiya və Belarusun bəzi zavodlarında 1940-cı illərdə istehsal olunmuş alman dəzgahlarının bu günə qədər işlədiyi barədə zavod işçiləri tərəfindən vaxtaşırı məlumatlar yayılıb.
Dəzgahlardan əlavə, SSRİ Almaniyanın elmi potensialını da əldə edib. 1948-ci ilə qədər ittifaqda 2370 alman mütəxəssisi — nüvə fizikləri, raket mühəndisləri, kimyaçılar, optika üzrə mütəxəssislər və aviasiya konstruktorları çalışıb. Onlar ailələri ilə birlikdə gətiriliblər. Həmin mütəxəssislər arasında “Junkers”, BMW, “Heinkel”, “Siemens”, “Carl Zeiss” kimi şirkətlərin keçmiş əməkdaşları da olub. Onlar üçün təxminən 200 elmi-texniki büro yaradılıb. Əksəriyyəti 1940-cı illərin sonlarında Almaniyaya qayıdıb, bəziləri isə 1958-ci ilə qədər SSRİ-də qalıb.

“Canlı reparasiyalar”ın ikinci kateqoriyası isə hərbi əsirlər olub. Onlar 1955-ci ilə qədər SSRİ-də saxlanılır və dağıtdıqları ölkənin bərpası işlərində çalışıblar. 1950-ci ilə qədər onların əməyinin dəyəri təxminən 50 milyard rubl kimi qiymətləndirilib ki, bu da müharibənin birbaşa vurduğu zərərin təxminən 7,3 faizinə bərabər olub. Alman hərbi əsirləri yaşayış binalarının, mehmanxanaların tikintisində (belə tikililərdən biri bu gün də Luqanskda qalır), metallurgiya, energetika və tikinti materialları istehsalı sahələrində çalışıblar.
Zaman ötdükcə Qərbi Almaniyada baş verən “iqtisadi möcüzə” fonunda Şərqi Almaniyanın iqtisadi vəziyyəti olduqca zəif və alçaldıcı görünüb. Moskva qərara gəlib ki, 1954-cü il yanvarın 1-dən etibarən reparasiyalar dayandırılsın. Bəs ümumilikdə nə qədər vəsait və avadanlıq aparılıb? Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin dövrün qiymətləri ilə bu rəqəm 15,8 milyard dollar təşkil edib ki, bu da müasir hesablamalarla təxminən 400 milyard dollara yaxın məbləğdir. Bəzi qiymətləndirmələrdə isə həmin rəqəm 22 milyard dollara qədər yüksəlib. 128 milyard dollarlıq birbaşa zərərlə müqayisədə bu, beşdə birindən də azdır. Burada ən narahatedici məqam ortaya çıxıb. “Alman payından” ən çox qazanan tərəf heç də SSRİ olmayıb. ABŞ ən qiymətli patentləri əldə edib, Verner fon Braun kimi əsas alimləri öz ölkəsinə aparıb, sonradan Amerika yüksək texnologiyalarının əsasına çevrilən mühüm texnologiyalara çıxış qazanıb.

İsrail isə pul ekvivalentində ən böyük məbləği alıb - Holokost qurbanlarına ödənilən kompensasiyalar Almaniya fondları vasitəsilə ümumilikdə təxminən 60 milyard dollara çatıb. Almaniyanın müttəfiqləri arasında yeganə ölkə olan Finlandiya öz üzərinə düşən 226 milyon dollar təzminatı tam şəkildə ödəyib. İtaliya, Macarıstan və Rumıniya isə nisbətən kiçik ödənişlərlə kifayətlənib. 2000-ci ildə Almaniya Federativ Respublikası tərəfindən yaradılan “Yaddaş, məsuliyyət və gələcək” fondu 2007-ci ilə qədər “ostarbeyter”lərə (Şərqdə işləməyə məcbur edilmiş işçilər) ödənişlər edib. Rusiya vətəndaşlarına bu proqram çərçivəsində 427 milyon avro çatsa da, vəsait büdcəyə yönəldilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ