İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşnaksütyunun sonu

Ermənistanda terror küləkləri əsdirən partiyaya qarşı plan hazırlanıb; ermənişünas alim: “Ermənistan faşist təşkilatlardan xilas olmalıdır”

Ermənistan parlamentinin spikeri Alen Simonyan 2026-cı il parlament seçkilərindən sonra müxalifətdəki Daşnaksütyun partiyasının “kitabını bağlayacağına” söz verib.

“Yeni Müsavat” bildirir ki, müxalifətin “Tramp marşrutu” (TRIPP) layihəsi ilə bağlı mövqeyini şərh edən Simonyan, “Hayastan” fraksiyasının millət vəkili və Daşnaksütyunun üzvü Armen Rustamyanı layihənin mahiyyətini təhrif etməkdə günahlandırıb. Simonyan bildirib: “Bu cür təhriflər və manipulyasiyalar yalnız Daşnaksütyun, Armen Rustamyan kimi biri üçün xarakterikdir. Problem ondadır ki, bu insanlar üçün siyasi mövcudluq yalnız faciə, müharibə və ağrı fonunda mümkündür. Hər hansı bir paytaxtdan asılı olmayan suveren və azad Ermənistan onların ən böyük qorxusudur. Onda onlar xarici strukturlarından istifadə edə bilməyəcəklər və ya sadəcə siyasi arenada mövcud ola bilməyəcəklər”.

Ermənistan hakimiyyəti daşnakların hər an terrora əl ata biləcəyini yaxşı anlayır. 44 günlük müharibədən sonra ölkədəki radikallar dəfələrlə Paşinyanı terrorla hədələyiblər. Həm də Ermənistanda terror təcrübəsi bütün dünyaya məlumdur. Bu səbəbdən rəsmi şəxslər, xüsusən də Nikol Paşinyan təhlükəsizlik tədbirlərinə daha çox önəm verirlər. Müharibədən sonra 17 min avtomat silahın yoxa çıxması faktı da Ermənistanda hər an fors-major situasiyanın yarana biləcəyini deməyə əsas yaradır.

Təsadüfi deyil ki, yanvarın 27-də Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizliyini təmin etmək üçün Yerablur hərbi panteonunda snayperlər yerləşdirilib. Ermənistanın NEWS.am saytı snayperlərin yüksək vəzifələr tutmasının eksklüziv görüntülərini yayıb. Paşinyanın Yerablur hərbi panteonunda olduğu və çoxlu sayda təhlükəsizlik işçisinin əhatəsində məzarların üstünə gül dəstələri qoyduğu görünür. Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Milli Məclisi yanvarın 27-nin Vətən uğrunda canından keçənlərin anım günü elan edilməsi haqqında qanun qəbul edib və Paşinyan da məhz bununla bağlı Yerablura gəlib. Seçkiöncəsi hakimiyyətin əsas namizədi ciddi sürprizlərlə üzləşə biləcəyini təxmin edir. Ötən il hakimiyyət çevrilişi və sui-qəsd hazırlığında şübhəli bilinənlərin ifşası da çox şey deyir. Üstəlik, bu proseslərdə kilsə də yer alır. Hesab olunur ki, kilsə səddini aşdıqdan sonra Paşinyanın növbəti hədəfi məhz daşnaklardır. Beləliklə, bölgənin ən qanlı partiyası ilə haqq-hesab zamanı yetişib.

Ermənistanın baş naziri Nikol Paşinyan daşnakların bu ilin yayında keçiriləcək seçkilərdə iştirakının şübhə altına alına biləcəyini qeyd etmişdi. Ermənistanın siyasi palitrasında radikal və ekstremist yönümlü partiyaların başında gələn Daşnaksütyun (Erməni İnqilab Federasiyası) artıq bir neçə onillikdir ki, regionda sülhə mane olan əsas ideoloji və siyasi aktorlardan biri kimi çıxış edir. Bu təşkilat yalnız Azərbaycan və Türkiyəyə qarşı düşmən ritorikası ilə deyil, həm də 20-ci əsrin əvvəllərindəki qanlı hadisələrdəki rolu, silahlı dəstələr vasitəsilə həyata keçirdiyi terror aktları və separatizm çağırışları ilə tanınır. Şübhəsiz ki, belə bir qadağanın rəsmi şəkildə həyata keçirilməsi Azərbaycan və Türkiyənin maraqlarına tam uyğun gələcək. Sirr deyil ki, Azərbaycan və Türkiyə ilə sülhə ən böyük əngəllərdən biri məhz faşist xislətli daşnaklar və onların himayə etdiyi qüvvələrdir. Görünən budur ki, Ermənistanda terror küləkləri əsdirən partiyaya qarşı plan hazırlanıb. Bəs onsuz da ciddi problemlərlə üz-üzə qalmış Paşinyan bu əngəli aradan qaldıra, Daşnaksütyunu bu dəfə həmişəlik bağlaya bilərmi?

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ |  Modern.az

 Qafar Çaxmaqlı 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumən götürəndə Daşnaksütyun partiyasının siyasi çəkisi Ermənistanda yüksək deyil və o, hansısa siyasi birləşmənin içərisində öz varlığını sürdürmək yolunu seçib: “İndi "Hayastan" fraksiyasının tərkibində bir neçə fəal deputatı var. Onların ən fəalı Armen Rustamyan və Artsvik Minasyandır. Onlar bəzən Paşinyan hakimiyyətinə  “başağrısı” verir. Həm də bu partiya əsasən diaspor quruluşu olduğundan hakimiyyət onlardan xilas olmaq və xaricdən müdaxiləni imkan daxilində minimuma endirmək tədbirləri görür. Ter-Petrosyan hakimiyyəti illərində bu partiyanın fəaliyyəti Ermənistanda qadağan olunmuşdu. Köçəryan və Serj Sərkisyanın da baxışları milliyyətçi və şovinist ruhlu olduğundan daşnak partiyasına fəaliyyət imkanları verildi. Ermənistanda bu gün hakim “Vətəndaş müqaviləsi” üzvləri tez-tez bu partiyanın pozuculuq və ölkədə revanşizmi təbliğ edən fəaliyyətini kəskin tənqid edən çıxışlar edir. Alen Simonyan da bunlardan biridir. Mətbuatda və sosial şəbəkələrdə daşnakların tarixi keçmişi də qabardılır".

Araşdırmaçı alim qeyd etdi ki, tarixdə bu partiya terrorçu xarakteri açıq olan siyasi birlik kimi təqdim edilir: “1890-cı ildə Tiflisdə qurularkən də Erməni İnqilabçı Federasiyası terrorçu partiya kimi ortaya çıxmışdı. Hətta indi də qabardılır ki, bu partiyanın proqramında siyasi məqsədlərə çatmaq üçün silahlı üsyan və terror istisna edilmirdi və ortaya çıxmasından bu günə qədər terror hərəkətlərinin sayı-hesabı yoxdur. 1918-20-ci illərdə Ermənistanda hakimiyyətdə olan bu partiya ölkədə Azərbaycan türklərinin qovulması, deportasiyası siyasətini həyata keçirdi. 1919-cu ildə bu partiyanın qərarı ilə "Nemezis" terror təşkilatı yaradıldı və həm Osmanlı böyüklərinə, həm də Azərbaycan Xalq Cümhuriyyətinin xadimlərinə sui-qəsdlər təşkil edildi. Əsrin sonlarında yaradılan ASALA və başqa adlarla qanlı cinayətlər törətmiş terror təşkilatlarının yaradıcısı da Daşnaksütyun partiyası olub". Q.Çaxmaqlı Daşnaksütyunun ermənilərin özünə qarşı da qanlı qətliamlar törətdiyini xatırlatdı: “Ermənistanın özündə 1991-ci ildən sonra bu partiyanın törətdiyi cinayətlər unudulmayıb. 1999-cu ilin 27 oktyabr parlament basqınını törədən terrorist Nairi Hunanyan bu partiyanın üzvü idi. Birinci Qarabağ müharibəsində minlərlə daşnak - terrorçu Azərbaycan torpaqlarında cinayətlər törədib. İndi bu cinayətlər, maraqlıdır ki, Ermənistanın özündə dilə gətirilir. Ermənistanda bunu siyasi fəaliyyətlə məşğul olan hər kəs bilir. Odur ki, hakimiyyət bu partiyanı gələcək seçkilərdə təhdid ünsürü saydığından ondlan qurtulmaq istəyir. Ermənistanın sülh və sabitlik içərisində yaşaması, qonşularla əlaqələrin olması üçün revanşist və qatı millliyyətçi baxışı olan siyasi təşkilatların fəaliyyətinin qadağan edilməsi məsələsi ortadadır”. Q.Çaxmaqlı bütün qeyd olunanlarla yanaşı, bir məqamı da vurğuladı: “Bu partiyanın ölkədə ciddi dayağı olmasa da, diasporda onu dəstəkləyən kəsim var. Ermənistan hakimiyyəti bundan ehtiyatlanır ki, bu partiyanın üzərinə gedilsə, diasporun dəstəyindən məhrum olar. Bu səbəbdən zənnimcə, partiyanın seçkilərdə iştirakına imkan veriləcək, amma bu siyasi təşkilatın yetərincə elektoratı olmadığından heç bir uğuru olmayacaq və cəmiyyətdən silinib atılması da o zaman başlayacaq. Belə görüşlərə sahib siyasi təşkilatların zərərli ünsürlər olduğu qənaəti bu illərdə artıq formalaşıb. İndi bu partiyanın sülhə mane olan qüvvə imici var. Hakimiyyətin bu cəhət üzərində işləyib, onun sonunu gətirməsi prosesi asan olmayacaq, amma Ermənistan bölgədə sülh və sabitlik kursu seçibsə, ona mane olan belə terrorçu, şovinist və faşist təşkilatlardan xilas olmalıdır”.

E.PAŞASOY,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR