Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə gərginliyin davam etdiyi, İran-İsrail qarşıdurmasının region ölkələrinə təsiri ətrafında müzakirələrin artdığı bir vaxtda media hüququ üzrə tanınmış mütəxəssis Rəşid Hacılı maraqlı təhlillə çıxış edib. O, həm Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarını, həm də CNN-də yayılan iddiaları müqayisə edərək Azərbaycanın müxtəlif geosiyasi güclər tərəfindən hadisələrin “mərkəzinə” çəkilməyə çalışıldığını vurğulayıb.
Musavat.com həmin yazını təqdim edir:
Azərbaycanı mərkəzə dartmağa çalışırlar. Alovun ortasına.
Mərkəz sözü heç ürəyimə yatmır. Çiyrinirəm.
Şəhərin mərkəzi.
Alış-veriş mərkəzi.
Sağlamlıq mərkəzi.
Epidemoloji mərkəz.
Hidrometerologiya (?) mərkəzi.
Hadisələrin mərkəzində (Olayların ortasında).
Mərkəzdənqaçma…
Hara baxırsan mərkəz.
Azərbaycanı xatalı mərkəzə (ortalığa) dartırlar.
Putin deyir, sağ olsun Azərbaycan, İrana yardım etməmizə hər cür imkanlar yaradır, dəstək verir. Hələ yeni layihələrimiz də var. İran-Azərbaycan-Rusiya arasında.
Bu yandan da CNN yazır, Azərbaycanda İsrailin bazası var. İsrailə hər yardım edir Azərbaycan. Guya helikopterlər, radarlar, kəşfiyyat qrupu və başqa.
Kimsə ortalığı qarışdırmağa çalışır.
Kimsələr bəlli.
CNN kimdir, bilirsiniz.
Putin kimdir, onu da bilirsiniz.
Nə isə…
Gələk mərkəzə.
Bu sözün anlamı nədir?
Orta. Ortalıq.
Özək.
Yeri gəlmişkən, tatarlar, qazaxlar və başqırdlar mərkəz yox, özək deyirlər.
Deyirik, filankəs ortalıqdan çıxmır. Mərkəzdən çıxmır, demirik.
Ortalığı qarışdırdı, deyirik. Mərkəzi qarışdırdı, demirik.
Ortalıqda söz-söhbət olmasın, deyirik.
Özək sözünə baxaq.
Şəhərin özəyi.
Özək (mərkəzi) orqanlar.
Özək bank.
Araşdırma özəyi (mərkəzi).
Özəkdənqaçma (mərkəzdənqaçma).
İndi keçək İrana.
İsrailin kəşfiyyatının Azərbaycanda fəal işlədiyinə şübhə etmirəm. Amma İranın özündəki qədər fəal, güclü olduğuna da inanmıram.
İranın da Azərbaycanda minlərlə aktiv və passiv agenti var. “Pərəstişkarı” var.
CNN “yazıb” İsrailin Azərbaycanda bazası var imiş.
Ay CNN!
Necə oldu İsrailin helikopteri sizin gözünüzə sızdı, buradakı minlərlə İran agenturasının gözündən yayındı?
Hələ Rus agenturasını qoyuram qırağa.
Hər iki tərəf Azərbaycandan nəsə istəyir, hələ ala bilmir, yəqin.
Çox həssas geopolitik nöqtədədir bugün Azərbaycan. Mənafelərin toqquşduğu özəklərdən birində.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ