İnsanlara hürriyət, millətlərə istiqlal!

CİA İrəvanı necə və niyə tam nəzarətə aldı: ABŞ və Qərb sülh sazişini "ələ keçirtməyə" can atır

İndi ABŞ və Qərb Rusiya ilə yalnız yekun sülh sazişinin imzalanma mərasiminə ev sahibliyi uğrunda mübarizə aparmağa məcbur qalıb... Vasitəçilik missiyası isə onlardan birisinə Cənubi Qafqazda yeni nüfuz mexanizmi qazandıracaq və bu, Azərbaycanın təkbaşına seçimindən birbaşa asılıdır...

Cənubi Qafqaz dünya gündəmində önəmli yerini qoruyub, saxlamaqda davam edir. Dünya nəhəngləri bu regionun gələcək perspektivlərində müəyyən paya sahib olmaq uğrunda mübarizə aparırlar. Cənubi Qafqazın geopolitik əhəmiyyəti ilə yanaşı, geostrateji və geoiqtisadi perspektivləri ABŞ və Qərb üçün olduqca cəlbedici xarakter daşıyır. Və bu, istər-istəməz regional sülh prosesində əngəlləyici faktor rolunu oynayır.

Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistan dünya nəhəngləri arasında geopolitik savaşın əsas poliqonuna çevrilmiş kimi görünür. Üstəlik, bu poliqonun formalaşmasında Paşinyan hakimiyyətinin "sürüşkən xarici siyasət kursu" həlledici rol oynayıb. Rusiyanın hərbi müttəfiqi olan Ermənistan coğrafiyası ABŞ və Qərbin də üzünə açılıb. Və kəskin ziddiyyətlər, eləcə də, çarpaz maraq toqquşmaları Ermənistanı nə vaxtsa partlayacaq "barıt çəlləyi"nə çevirib.

Onu da qeyd etmək lazımdır ki, son dövrlərdə Ermənistana Qərb nəhənglərinin xüsusi xidmət servislərinin rəhbərləri daha tez-tez səfər etməyə başlayıblar. Qərb kəşfiyyat şefləri isə hər hansı ölkəyə heç vaxt turist səfəri etmirlər. Əgər, onlar hansısa ölkəyə təşrif buyururlarsa, deməli, konkret məxfi planların icrası ilə bağlı müəyyən qəliz situasiya yaranıb.

5a4e74bf3393a85c5c454f4dbbc694ea.jpg (339 KB)

Məsələ ondadır ki, ilk olaraq, ABŞ-ın nüfuzlu xüsusi xidmət servisi olan CİA-nin rəhbəri İrəvana gəldi. Bağlı qapılar arxasında baş nazir Nikol Paşinyan ilə görüşdükdən sonra səfərin məqsədi barədə hər hansı açıqlama vermədən Ermənistanı tərk etdi. Ardınca Böyük Britaniya, Almaniya və Fransanın kəşfiyyat şefləri də eyni xarakterli səfərlər reallaşdırdılar. Və bu səfərlərdən sonra rəsmi İrəvanın geopolitik məkanda davranışları daha da avantürist xarakter aldı.

Digər tərəfdən, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan da tez-tez ABŞ-a və Avropa ölkələrinə səfər edir. Bu səfərlərin əksəriyyətində o, məhz Qərb xüsusi xidmət servislərinin yüksək ranqlı məmurları ilə görüşür. Son altı ayda Armen Qriqoryan dörd dəfə ABŞ-a gedib və CİA təmsilçiləri ilə müzakirələr aparıb. Və belə anlaşılır ki, Qərb xüsusi xidmət servisləri Ermənistanla bağlı kəşfiyyat planlarını məhz Armen Qriqoryan üzərindən reallaşdırırlar.

Maraqlıdır ki, indi Armen Qriqoryanın növbəti dəfə ABŞ səfəri çərçivəsində CİA təmsilçiləri ilə görüşəcəyi bildirilir. Yəqin ki, CİA-dən yeni təlimatların alınmasının vaxtı artıq çatıb. Bəzi iddialara görə, rəsmi İrəvan məhz CİA-dən verilən təlimatlar və planlar əsasında hərəkət edir. Və məhz Qərb xüsusi xidmət servisləri şeflərinin səfərlərindən sonra rəsmi İrəvanın həm Rusiyaya, həm də Azərbaycana qarşı daha aqressiv ittihamlar irəli sürdüyü müşahidə olunur.

Belə anlaşılır ki, dünya nəhənglərinin kəşfiyyat qurumları ABŞ və Qərbin Cənubi Qafqaz hədəflərini planlaşdırmaqla, strateji siyasi kursu da böyük ölçüdə müəyyən ediblər. İndi ABŞ-ın Cənubi Qafqazda məhz Ermənistanı özünün əsas tərəfdaşı hesab etdiyi qətiyyən şübhə doğurmur. Rəsmi İrəvanın son vaxtlar özünü bu qədər arxayın hiss etməyə başlaması da məhz bu önəmli məqamla bağlıdır. Və Paşinyan hakimiyyəti Ağ Evin Ermənistan ilə bağlı bu seçimini öyrəndikdən dərhal sonra özünü toxunulmaz hesab etməyə başladı.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Maraqlıdır ki, rəsmi İrəvan ABŞ və Qərbin Ermənistanı həm Azərbaycandan, həm də Rusiyadan qoruya biləcəyinə əmindir. Xüsusilə də, son vaxtlar Azərbaycan-ABŞ münasibətlərinin qəlizləşməsi, iki ölkə arasındakı ziddiyyətlərin gərginlik yaratması rəsmi İrəvanın ümidlərini daha da artırmışdı. Və Paşinyan hakimiyyəti Azərbaycan-ABŞ qarşıdurması çərçivəsində Ağ Evin rəsmi Bakıya yönəlik təzyiqlərindən faydalanmaq niyyətinə belə, düşmüşdü.

Məsələ ondadır ki, rəsmi İrəvanın ümidlənməsinə əsas yaradan kifayət qədər ciddi situasiya mövcud idi. Belə ki, Azərbaycan-ABŞ münasibətləri demək olar, qopma nöqtəsinə yaxınlaşmışdı. Ağ Ev Azərbaycanı həm təhdid edirdi, həm də rəsmi Bakıya təzyiq göstərməyə çalışırdı. Rəsmi Bakı isə nəinki geri çəkilməyib müqavimət göstərirdi, hətta ABŞ-ın davranışlarına adekvat reaksiya verməkdən belə, çəkinmədi. Və Azərbaycanın belə cəsarətli, prinsipial davranması isə son nəticədə situasiyanın dəyişməsinə yol açdı.

Hər halda, Ağ Evdə çox tez anladılar ki, Azərbaycana qarşı təzyiq prosesində hər şey ABŞ-ın maraqlarına uyğun getmir. Ağ Ev başa düşdü ki, rəsmi Bakıya qarşı sərt diplomatiya Azərbaycanın tamamilə ABŞ-dan üz çevirməsi ilə nəticələnə bilər. Hər halda, Azərbaycanın siyasi rəhbərliyinin bundan çəkinməyəcəyini sezdirməsi Vaşinqtonda çaşqınlıq yaratdı. Və Ağ Ev regional sülh prosesində vasitəçilik missiyasını öz üzərinə götürməyə can atdığı bir mərhələdə tərəflərdən biri olan Azərbaycanla diplomatik qarşıdurma ABŞ-ın geopolitik maraqları baxımından, qətiyyən sərfəli ola bilməzdi.

Hər halda, Azərbaycanla problemlərin yaşanması istər-istəməz Ağ Evin yürütməyə çalışdığı geopolitik prosesi ümumiyyətlə, risk altına salardı. Rəsmi Bakı və Ağ Ev arasında mövcud olan problemlərin sonrakı mərhələdə Avropa Birliyinin arbitrlik etdiyi sülh platformasına da sıçraya bilərdi. Belə vəziyyətdə isə Azərbaycanın ABŞ və Qərbin vasitəçiliyinə daha ehtiyatlı yanaşması gözlənilməz xarakter daşımayacaqdı. Çünki Ağ Evin Azərbaycan əleyhinə atdığı addımlar və siyasi təzyiq cəhdləri artıq əks effekt verməyə başlamışdı.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Təbii ki, bütün bunlara o qədər də vərdişli olmayan ABŞ siyasi dairələri Azərbaycanın başqa ölkələrdən fərqli olaraq, kənar təsirlərə qarşı daha güclü müqavimət immunitetinə malik olduğunu dərhal anladılar. Ona görə də, Ağ Ev Azərbaycana münasibətdə yenidən yumşaq diplomatiya məkanına dönmək qərarına gəldi. Bu baxımdan, ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin Bakıya göndərilməsi vacib hesab olundu.

Belə anlaşılır ki, hazırda ABŞ-ın Azərbaycana olduqca böyük ehtiyacı var. Hətta bu ehtiyac ABŞ-ın Ermənistan seçimini belə, böyük fərqlə üstələyir. Hər halda, Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, regional sülh prosesində şərtləri diqtə edən tərəf olduğu da şübhə doğurmur. Ona görə də, həm Ağ Evdə, həm də Kremldə şübhə etmirlər ki, yekun sülh sazişinin məhz rəsmi Bakının diqtə etdiyi mətnlə imzalanacağını anlayırlar. Və bu reallığı artıq heç bir vasitə ilə dəyişmək mümkün deyil.

Bu səbəbdən də indi ABŞ və Qərb Rusiya ilə yalnız yekun sülh sazişinin imzalanacağı məkan üzərindən rəqabət aparmaq məcburiyyətində qalıb. Yəni, hər iki tərəf yekun sülh sazişinin imzalanması ilə bağlı mərasimə ev sahibliyi etməkdə iddialıdır. Üstəlik, bu mərasimə vasitəçilik missiyası ilə qatılacaq beynəlxalq siyasi iradə mərkəzinin Cənubi Qafqazda yeni nüfuz mexanizmi qazanacağı da qətiyyən şübhə doğurmur. Və bütün bunların necə həll ediləcəyi isə hazırda təkbaşına Azərbaycanın verəcəyi yekun qərardan birbaşa asılıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR