Onlayn ictimai-siyasi qəzet
Bu gün - 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür. Altı il əvvəl Azərbaycan Ordusunun Vətən müharibəsində ilk şəhəri azad etməsi ilə Cəbrayılın tarixində yeni səhifə açıldı. Bu tarix yalnız hərbi qələbənin deyil, 27 illik həsrətdən sonra doğma yurda qayıdışın, dağıntılardan yeni şəhər salınmasının və iqtisadi dirçəlişin simvoluna çevrilib.
Musavat.com xəbər verir ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
İşğaldan əvvəl rayonun ərazisi 1050 kvadrat kilometrə yaxın idi, burada 1 şəhər, 4 qəsəbə və 92 kənd yerləşirdi, əhalinin sayı isə 52 mindən çox idi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, sosial infrastrukturu, tarixi və dini abidələri dağıdılıb. Müxtəlif hesablamalara görə, Cəbrayıla dəyən maddi zərər 14 milyard ABŞ dollarına yaxın olub.

27 il davam edən işğalın yaratdığı faciəyə 2020-ci il oktyabrın 4-də son qoyuldu. Vətən müharibəsinin səkkizinci günündə Cəbrayıl şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində Cəbrayıl şəhəri ilə yanaşı, rayonun doqquz kəndinin də azad edildiyini elan etdi. Beləliklə, Cəbrayıl Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər oldu.
Cəbrayılın azad edilməsi yalnız hərbi baxımdan deyil, sonrakı əməliyyatların gedişi baxımından da strateji əhəmiyyət daşıyırdı. Şəhərin nəzarətə götürülməsi Azərbaycan Ordusunun Xocavənd istiqamətində, o cümlədən Hadrut istiqamətində irəliləməsi üçün yeni imkanlar yaratdı. Eyni zamanda ilk şəhərin azad edilməsi Azərbaycanda qələbə əhval-ruhiyyəsini daha da gücləndirdi.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edildi. Həmin sərəncama əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.
Bu tarix artıq Cəbrayıl üçün təkcə Zəfərin ildönümü deyil. Çünki altı il ərzində şəhərin siması dəyişir, uzun illər doğma yurddan ayrı düşmüş insanların qayıdışı reallaşır.
Cəbrayıl şəhərinə ilk sakinlərin köçü 2024-cü il sentyabrın 26-da başlayıb. Bununla da şəhər 31 ildən sonra öz sakinlərinin səsinə qovuşub. Hazırda Böyük Qayıdış proqramı çərçivəsində yaşayış binaları, sosial obyektlər, yollar və digər infrastruktur yaradılır.
Cəbrayılın qarşısında yalnız yaşayış məntəqəsinin bərpası deyil, həm də yeni iqtisadi modelin formalaşdırılması vəzifəsi dayanır.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, azadlıqdan sonrakı dövrdə rayonun iqtisadi göstəricilərində ciddi artım müşahidə olunur.
“İşğaldan azad olunandan sonra Cəbrayıl rayonunun iqtisadiyyatı 16 dəfə böyüyüb. 2020-ci ildə bu rayonumuzda əsas sahələr üzrə məhsul istehsalı 30 milyon manat idisə, indi bu göstərici yarım milyard manatı keçib. 2021-ci il ilə müqayisədə rayon iqtisadiyyatına sərmayə qoyuluşları 2 dəfə artaraq 500 milyon manata çatıb”, - deputat bildirib.

Vüqar Bayramov qeyd edib ki, Cəbrayılın inkişaf perspektivləri yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır. Rayonun təbii resursları, coğrafi mövqeyi, sənaye potensialı və burada yaradılan sənaye infrastrukturu yeni iqtisadi imkanlar formalaşdırır.
Daha əvvəl deputat Cəbrayılın sement, mərmər, mişar daşı və digər tikinti materialları ilə zəngin olduğunu, rayonda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasının bölgənin iqtisadi inkişafına ciddi töhfə verəcəyini bildirmişdi.
Deputatın fikrincə, Cəbrayılın timsalında Qarabağ və Şərqi Zəngəzur artıq Azərbaycanın iqtisadi inkişafının yeni mərkəzlərindən birinə çevrilir:
“Böyük Qayıdış Proqramına əsasən, işğaldan azad olunan ərazilərimizdə məskunlaşma prosesi də davam etdirilir. İşğal nəticəsində dağıdılan və baxımsız bölgəyə dönən Qarabağ və Şərqi Zəngəzur artıq regionun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir”.

Deputat Tənzilə Rüstəmxanlı isə 4 oktyabrı Cəbrayılın tarixində dönüş nöqtəsi kimi qiymətləndirir.
Onun sözlərinə görə, şəhərin azad edilməsi 44 günlük müharibənin gedişinə mühüm təsir göstərməklə yanaşı, xalqın qələbəyə inamını da gücləndirdi.
“4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Böyük Qayıdışın rəmzlərindən biridir. Zəfər savaşının ilk həftəsində Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra 4 oktyabr 2020-ci il tarixində işğaldan azad olundu. Bu günün təsis edilməsi xalqımızın milli müstəqillik və suverenliyi uğrunda sarsılmaz mübarizəsinin, yenilməz iradəsinin və qələbə əzminin ən şərəfli səhifələrindən biridir”, - deputat deyib.
Tənzilə Rüstəmxanlının fikrincə, Cəbrayılın azad edilməsi Azərbaycanın hərbi üstünlüyünün nümayişi olmaqla yanaşı, gələcək bərpa prosesinin də əsasını qoydu:
“Cəbrayıl 2020-ci ildə azad edilən ilk şəhər oldu. Qələbə xəbəri xalqımızın ruhunu qaldırdı, dövlət-xalq birliyini daha da möhkəmləndirdi. Həmin gün qazanılan zəfər 44 günlük müharibənin taleyini dəyişdi”.
Bu gün Cəbrayılın mənzərəsində müharibənin izləri ilə yanaşı, yeni həyatın əlamətləri də görünür. İşğal illərində dağıdılmış şəhərin yerində yeni yaşayış məhəllələri salınır, sosial obyektlər və infrastruktur qurulur, sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər görülür. Cəbrayıla köçürülmüş sakinlərdən artıq 1020-dən çoxu müxtəlif məşğulluq tədbirlərinə cəlb edilib, 910 nəfərin məşğulluğu təmin olunub.
Cəbrayılın iqtisadi gələcəyində enerji layihələri də xüsusi yer tutur. Rayonda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi həyata keçirilir. Layihənin reallaşması həm Cəbrayılın, həm də bütövlükdə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialının artırılmasına xidmət edir.
Tənzilə Rüstəmxanlı da hesab edir ki, Cəbrayılın gələcəyi Böyük Qayıdışın mühüm istiqamətlərindən biridir:
“4 Oktyabr - Cəbrayıl Şəhəri Günü həm keçmişi xatırlamaq, həm də gələcəyə baxmaq baxımından mühüm əhəmiyyət daşıyır. Cəbrayılın gələcəyi həm də Böyük Qayıdış konsepsiyasının mühüm istiqamətlərindən biridir. Yeni yaşayış məhəllələrinin, sosial obyektlərin, yolların və digər infrastrukturun yaradılması şəhərin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verir”.

4 oktyabr Cəbrayıl üçün iki fərqli dövrün sərhədidir: bir tərəfdə 27 illik işğal, dağıntı və yurd həsrəti, digər tərəfdə isə 2020-ci il Zəfəri, qayıdış və quruculuq dayanır. Altı il əvvəl Azərbaycan bayrağının yenidən dalğalandığı Cəbrayıl bu gün artıq yalnız azad edilmiş şəhər deyil, Böyük Qayıdışın, iqtisadi dirçəlişin və Qarabağın yeni həyatının simvollarından biridir.
Şahanə Rəhimli
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ