İnsanlara hürriyət, millətlərə istiqlal!

“Burada nə var ki?” demişdi – indi 200 min manatlıq ittihama cavab verir  

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs sərbəst ifadə verib və ittihamlara münasibətini açıqlayıb.

Musavat.com-un məlumatına görə, Saleh Səmədov özünü qismən təqsirli hesab etdiyini bildirib. Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan etmişdi. İttihama əsasən, Saleh Səmədov vəzifə səlahiyyətlərindən istifadə etməklə ümumilikdə 200 min manat vəsaiti mənimsəməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, ona qarşı irəli sürülən ittihamların bir hissəsi ilə razılaşmır: “Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə özümü təqsirli hesab etmirəm”, - deyə Saleh Səmədov qeyd edib. Məlumata görə, istintaq dövründə dəymiş ziyanın bir hissəsi ödənilib. Hazırkı mərhələdə 44 min manatın dövlətə qaytarıldığı açıqlanıb. Saleh Səmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə istintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparıb.

O, istintaq dövründə həbs edilib. Saleh Səmədovun adı ictimaiyyətin diqqət mərkəzinə ilk dəfə ötən il 9 May tədbiri zamanı düşmüşdü. 2025-ci il mayın 9-da İmişli rayonunun Sarıxanlı kəndində Faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirdə SSRİ bayrağının nümayiş etdirilməsi və Səmədovun sinəsində “Georgi lenti” ilə çıxış etməsi ciddi müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkələrdə yayılan görüntülərdə İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə SSRİ bayrağının sancıldığı, fon musiqisi kimi isə sovet dövrünün məşhur “Den Pobedı” mahnısının səsləndirildiyi görünürdü. Ən çox müzakirə olunan məqam isə rayon Ağsaqqallar Şurasının sədri olan Saleh Səmədovun SSRİ bayrağı fonunda “Georgi lenti” ilə çıxış etməsi olmuşdu. Bir çoxları həmin lenti Rusiyanın imperiya və hərbi ekspansiya siyasətinin simvollarından biri kimi qiymətləndirərək bu addımı tənqid etmişdilər. Hadisədən sonra mediaya açıqlama verən Saleh Səmədov isə öz mövqeyini müdafiə etmişdi: “Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır”, - deyə o bildirmişdi. Səmədovun sözlərinə görə, söhbət yalnız tarixi yaddaşın qorunmasından gedirdi: “Bir dövlət yoxdursa, bayrağı ola bilərmi? Bu sadəcə olaraq bizim tariximizdir. Cavan nəsil o bayrağı bilmir, biz isə o bayrağın sədaları altında doğulmuşuq. Müharibənin rəmzi olaraq həmin bayrağı qoymuşduq”.

O, “Georgi lenti”ni də tarixi rəmz kimi qiymətləndirdiyini bildirmişdi: “Azərbaycan bayrağından uca bayraq yoxdur. O bizim başımızın üstündədir. SSRİ bayrağı orada cəmi bir neçə saat qaldı və sonra götürüldü”. Həmin hadisədən qısa müddət sonra Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən uzaqlaşdırıldı. 2025-ci il mayın 13-də onun səlahiyyətlərinə xitam verildi. Ardınca fəaliyyəti ilə bağlı geniş yoxlamalara başlanıldığı bildirildi. Sonradan aparılan araşdırmalar nəticəsində maliyyə pozuntuları ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və cinayət işi başlanılıb. Məlumatlara görə, istintaq tədbirləri çərçivəsində Saleh Səmədovun ailə üzvlərinin dövlət strukturlarında tutduqları bəzi vəzifələrə də yenidən baxılıb və övladları çalışdıqları postlardan azad ediliblər. Növbəti məhkəmə iclası iyulun 1-nə təyin olunub.

 

E.Məmmədəliyev,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR