Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya İsveçə "nüvə çətiri" vermək imkanını müzakirə edir.
Musavat.com xəbər verir ki, məlumatı "The Daily Telegraph" qəzeti Böyük Britaniya baş naziri Keir Starmerin ofisinə istinadən yayıb.
Məlumata əsasən nüvə çəkindirmə məsələsi Böyük Britaniya baş naziri ilə isveçli həmkarı Ulf Kristersson arasında telefon danışığı zamanı müzakirə olunub. Bildirilir ki, danışıqlar ilkin mərhələdədir.
Bunun Britaniya nüvə silahı daşıyıcılarının İsveç ərazisində birbaşa, daimi və ya müvəqqəti yerləşdirilməsi ilə, yoxsa münaqişə halında Stokholmun Londonun nüvə imkanlarından istifadəsinə zəmanət verilməsi ilə bağlı olub-olmadığı hələlik məlum deyil. Qəzet vurğulayıb ki, 2024-cü ilin mart ayında NATO-nun tamhüquqlu üzvü olan İsveç Fransa ilə də oxşar müzakirələr aparır.
Böyük Britaniyanın nüvə silahları ABŞ-ın Trident II (D5) ballistik raketlərini daşıyan dörd Vanguard sinifli sualtı qayıqda yerləşdirilib. 2025-ci ilin iyun ayında Starmer Londonun ABŞ-dan B61-12 taktiki termonüvə bombaları daşıya bilən 12 F-35A qırıcı təyyarəsi alacağını açıqlayıb.
Mart ayında Fransa prezidenti Emmanuel Makron həmvətənlərinə müraciətində Avropa ölkələrinin Fransanın nüvə silahının himayəsi altına qəbul edilməsi ehtimalı ilə bağlı müttəfiqləri ilə müzakirələrə başlayacağını açıqlayıb. Almaniya, Polşa, Litva və Danimarka bu müzakirəyə açıq olduqlarını bildiriblər. "Financial Times" qəzetinin yazdığına görə, ABŞ-ın Avropadakı müttəfiqləri Vaşinqton administrasiyasının Rusiya ilə münasibətləri bərpa etmək siyasətinə görə öz "nüvə qalxanı"nı yaratmaq imkanlarını araşdırırlar.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ