İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyadakı azərbaycanlı həkimin uğur hekayəsi - MÜSAHİBƏ

Xarici ölkələrdə yaşayıb-işləyən soydaşlarımız arasında bir çox peşə sahibləri var. Əslən Azərbaycandan olan, hazırda Londonda təcili yardım həkimi işləyən Rəşad Hacıyev onlardan biridir.

Musavat.com AZƏRTAC-a istinadən onunla müsahibəni təqdim edir.

Londonun Viktoriya qatar stansiyasında müsahibimi gözləyirəm. Rəşad Hacıyev 5 ildir ki, Londondaki St Helier xəstəxananın təcili tibbi yardım şöbəsində “Emergency Medicine Doctor” kimi çalışır. Stansiya yaxınlığındaki bir kafenin həyətində otururuq, müsahibədən öncə ona peşəsinin Azərbaycan dilinə tam olaraq tərcüməsini soruşuram. Deyir ki, işlədiyi peşənin Azərbaycan dilində tam qarşılığı yoxdur.

“Gördüyüm işin Azərbaycan dilində ən yaxın qarşılığı paramedikdir. Ancaq mən paramedik deyiləm. Təcili tibbi yardım şöbəsinə gələn bütün xəstələrə biz baxırıq, evinə göndəriləni biz göndəririk, yatışa girəcəksə diaqnozu qoyuruq, müalicəni başladırıq.

Rəşad Hacıyevdən həyatı və işi ilə bağlı detalları öyrənmək üçün suallarıma başlayıram.

 2024_06_14_666c3cddd1674.jpg (1.11 MB)

-Necə oldu ki, İngiltərəyə gəldiniz? Təhsilinizi nə vaxt və harada almısınız?

-Mən 2014-cu ildə Azərbaycan Tibb Universitetindən məzun olmuşam. İngiltərəyə iki həftəlik tətil üçün gəlmişdim, sonra burdakı Milli Səhiyyə Sistemi haqqında öyrəndim. Bütün səhiyyə sisteminin insanlar üçün pulsuz olması mənim çox xoşuma gəldi. Amerikadakı sistemdənsə buranın sistemi mənə daha ideal göründü. Amerikada daha çox xərc önəmlidir, burada isə xəstə. Xəstəxananın həkim olaraq sizdən istədiyi əsas şey xəstəyə düzgün diaqnoz qoymaqdır. Xəstə məmnun getsin və səhv müalicə aparılmasın. Xəstəyə nə qədər xərc çıxacağı vacib deyil. Ona görə Britaniyadakı sistem çox xoşuma gəldi və bura köçməyə qərar verdim. Ancaq mənim Bakıda məzun olmağımdan sonra Britaniyada işləməyim arasındaki müddət dörd il yarım çəkdi. Uzun bir proses oldu. Əvvəlcə İELTS adlı dil imtahanı verməli idim, orda bütün bölmələrdən 7.5 bal yığmalı idim. İmtahana hazırlaşmağım düz iki il çəkdi.

Daha sonra Plab adlanan lisenziya imtahanlarına hazırlaşdım. İlk imtahan 200 sualdır, çoxvariantlıdır. Onu keçəndən sonra OSCE adlanan ikinci imtahan olur, 20 “stansiyadan” ibarət imtahandır. İkisi istirahət stansiyasıdır. 18 ayrı qapılardır, hərəsinə 8 dəqiqə vaxt ayrılır. Bir dəqiqə vaxt verirlər ki, qapıdakı mətni oxuyasınız. İçəridə bir həkim və bir aktyor xəstə olur. Öyrənirsiniz ki, xəstə niyə gəlib və şikayətləri nələrdir. Siz diaqnozu qoyursunuz, sonra xəstəyə izah edirsiniz ki, hansı müalicəni almalıdır. Bütün bunları 8 dəqiqə ərzində etməlisiniz. Bu, Britaniyadakı sistemdir. Burada da iki cür qiymətləndirmə var. 18 stansiyadan minimum 11-12-sini keçməlisiniz. Bir də ortalama bal var. Hər stansiyada sizə əlavə bal verirlər. Siz ümumilikdə bütün imtahandan keçənlərin ortalama balını da keçməlisiniz. İmtahanlar üç gün olur. Məsələn, ilk gündə ortalama bal 103 idi, mən ikinci gün imtahan verdim və keçid balı 133 idi. Mən 134 bal yığdım. Bu imtahandan dörd dəfədən çox kəsilsəniz, sistemdən atılırsınız və heç vaxt Britaniyada həkim ola bilməzsiniz.

İmtahanları keçdikdən sonra lisenziya üçün müraciət edə bilərsiniz. Lisenziyaya müraciət normalda beş iş günü çəkir, ancaq xaricdən gələnlər üçün bu proses uzanır. Məndə beş aya qədər uzandı. Lisenziya alandan sonra 12 ay ərzində iş tapmalısınız. Mən lisenziyamı aldım, amma heç yerdə iş tapa bilmirdim. Təxminən 200-dən çox iş yerinə müraciət elədim. Hamısı Britaniya Milli Səhiyyə Sisteminin təcrübəsini istəyirdi. Bu sistemi bilən adam axtarırdılar. Bir Hindistanın, bir də Pakistanın sistemi buranın sisteminə daha uyğundur. Həmin ölkədən olanlara daha çox üstünlük verirlər. Fikirləşirlər ki, sistemə uyğunlaşmaqda problemləri olmayacaq. Azərbaycanı isə heç kim eşitməyib, bilmirlər ki, sistemə uyğunlaşa biləcəksən, ya yox.

Londonda azərbaycanlıların bir görüşü keçirildi. Orada hüquq təhsili alan bir azərbaycanlı ilə tanış oldum. O dedi ki, burada Azərbaycandan olan ginekoloq həkim tanıyır və onun əlaqə nömrəsini aldım. Həmin azərbaycanlı həkimin məsləhəti ilə Epsom xəstəxanasının Britaniyada lisenziya alan və xaricdən gələn həkimlər üçün təşkil olunmuş proqramına müraciət etdim. Bu proqram minimum 4 həftədən 12 həftəyə qədər çəkir. Maaş yoxdur. Mən də bu proqrama müraciət etdim və üçaylıq staj keçdim.

Mən tələbə vaxtından həmişə diaqnostika ilə maraqlanırdım. Elə deyirdim diaqnoz qoyum, xəstənin müalicəsinə başlayım. Epsom xəstəxanasında xəyal etdiyim işlə qarşılaşdım. İlk üç ayda özümü yaxşı tərəfdən göstərə bildim. Ancaq proqramı qurtaranda da xəstəxanada vakansiya olmalıdır. Vakansiya yox idi, ona görə Azərbaycana qayıtmalı oldum. Altı həftə sonra e-poçtuma məlumat gəldi ki, vakansiya var. Məni iş müsahibəsinə çağırdılar və sonra iş təklif etdilər.

 2024_06_14_666c3d0ae6095.jpg (101 KB)

-İş qrafikiniz necədir?

-İş qrafikimiz dəyişir, stabil qrafikimiz yoxdur. Həkimliyin digər ixtisaslarında sizi bəzən 12 saatlıq növbətçiliyə yazırlar. Biz isə 10 saatdan artıq işləyə bilmərik. Çünki işimiz elə məsuliyyətli və ağırdır ki, istər-istəməz mental olaraq yorulursan. Bizim xəstəxanaya 24 saat ərzində 350-400 xəstə gəlir. Bir travma xəstəsi gələndə onu tam müayinə etmək 3-4 saat çəkir. Elə olur ki, bir saat ərzində 3 travmatoloji xəstə gəlir. Onun üçün iş bölgüsü aparırıq.

-Hər gün yaralanan, qəza keçirən onlarla insan görürsünüz. Bu iş sizə, gündəlik həyatınıza necə təsir edir?

-Bu, insanın xarakterindən də asılıdır. Elələri var ki, “təcili yardım” rotasiyası edirlər, amma onu sevmirlər. Tez depressiyaya düşürlər, mental olaraq çox ağır işdir. Onlar istəyirlər standart iş saatları olan, tibbin ayrı bir sahəsindəki ixtisaslarda işləsinlər. Sakitliyi xoşlayırlar. Mən isə xaotik yerlərdə daha rahat oluram və daha rahat fikirləşirəm. Daha tez qərar verə bilirəm. Siz təcili tibbi yardım şöbəsinə girsəniz görərsiniz ki, hər 10 həkimdən 9-u belədir. Xaotik ortamları daha çox xoşlayırlar. Əlbəttə ki, ağır işdir. Bir çox həkim gəlir bura işləməyə, bir-iki il sonra çıxıb başqa ixtisasa gedir.

Biz ilkin olaraq hər hansı bir ixtisasın xəstələrinə baxırıq, buraya istənilən cərrahi və daxili xəstəliklər daxildir. Xəstələrin vəziyyəti çox vaxt ağır olduğundan, təəssüf ki, onların hamısı həyatda qalmır. Həyatını itirənlər də çox olur. Ola bilməz ki, bu sizi mental olaraq yormasın. İtirdiyiniz heç bir xəstənin adını-soyadını unutmursunuz. Necə oldu, nəyə görə oldu, hamısı yadınızda qalır. Bu travmatik məqamdır, amma buradan çıxmaq üçün bir yol tapmalısınız.

 2024_06_14_666c3d461a282.jpg (92 KB)

- Siz bu yolu necə tapdınız?

-Mən məzuniyyətimin əksəriyyətini xəstəxananın kitabxanasında keçirirəm. On travma xəstəsindən səkkizini həyata qaytara bilmişəmsə, bu, məni düşdüyüm mental travmadan çəkib çıxarır. Əgər siz əlinizdən gələn, mümkün olan hər şeyi etmisinizsə, "dünyanın harasına getsə də bundan artıq o xəstəyə bir şey oluna bilməzdi", - deyə bilirsinizsə, bunun özü də bir dəstəkdir. Bu insana bir qədər təskinlik verir.

-Heç möcüzələr olubmu?

-Bizdə NHS sistemidir, yəni hər şeyi dövlət qarşılayır deyə, biz mümkün olan hər şeyi edirik. Ona görə, əgər xəstəlik ölümcüldürsə, o, deməkdir ki, artıq başqa yol qalmayıb.

Bu arada hər şeyi dövlət qarşılasa da, biz xəstəyə tutaq ki, MRT və ya nəsə test tələb edəndə, onu həqiqətən lazım olduğu üçün etməliyik. Özümüzdən bunları edə bilmərik.

-Bəzən də elə olur ki, NHS-də xəstələrə çox baxa bilmirlər, insanlar müayinə üçün saatlarla növbədə gözləyir.

-Xəstələrin bəzən hamısı durur gəlir təcili tibbi yardıma. Adi bir xəstəyə baxmaq 50 dəqiqəyə başa gəlir. Başqa bir xəstənin vaxtından alınır və ləngimə olur.

Təcili tibbi yardım şöbəsində həkim problemi var. Maaşların azlığına görə həkimlər başqa ölkələrə üz tuturlar, bu da ciddi problem yaradır. Müqayisə olaraq deyim ki, mən bu işi Avstraliyada etmək istəsəm 6-7 qat daha artıq maaş alardım.

Normalda 400 xəstə gəlirsə, sənə ortalama 8 xəstə düşməlidir. Amma həkim azlığından 15-16 xəstə düşür, çatdırmaq olmur. Xəstəyə istədiyin qədər vaxt ayıra bilmirsən. Bu da sənə pis təsir edir və həkimi istər-istəməz mental cəhətdən yorur. “Təcili yardım” həkimlərinin təxminən 30-40 faizi bir müddət mental çətinliklər yaşayır. İşdən çıxanlar, başqa ölkəyə gedənlər olur.

2008-ci ildən bəri maaşlar demək olar ki, dəyişmir. Həyat bahalaşır, vergilər qalxır. Britaniyada praktikası olan bir kadrı xaricdə çox istəyirlər. Britaniya xəstəxanalarında həkimin baxdığı xəstə sayı çox olur. Xaricdə fikirləşirlər ki, bu həkim Britaniya xəstəxanalarında işləyibsə, deməli, idarəetmə qabiliyyəti, bacarığı çox yüksəkdir. Britaniyadan Avstraliya, Kanada, Yeni Zelandiya kimi yerlərə müraciət edəndə sizə daha çox maaş təklif edirlər.

 2024_06_14_666c3da689c97.jpg (59 KB)

-Dediniz ki, artıq beş ildir buradasınız. Heç getmək barədə düşünmüsünüzmü?

-Hazırda işlədiyim xəstəxanadan, şöbədən, komandadan məmnunam. Şöbə müdiri bizə inanılmaz dərəcədə dəstək verir. Sanki şöbə müdiri deyil, ailəmizin bir üzvüdür. Bu dəstəyi görəndə maaş artıq ikinci plana keçir. Təcili yardım şöbəsi üçün insani bağlar çox önəmli faktordur. Yaxşı şöbə müdiri bunu çox gözəl başa düşür və hər şeyi idarə edə bilir. Mən komandaya görə getmək istəmirəm, çünki bu cür ortamı başqa bir yerdə taparammı, onu bilmirəm.

-Elə olubmu ki, xəstələrdən nələrsə öyrənmisiniz?

-“Təcili yardımın” üstünlüyü odur ki, həyata baxışınız dəyişir. Həyatın nə qədər dəyərli olduğunu və bəzən çox vacib hesab etdiyin nəyinsə çox mənasız ya da xırda bir şey olduğunu görürsən. Bəzi xəstənin son anlarında elə olur ki, tək qalır, heç bir qohumu, yaxını yanında olmur. Məsələn, səkkiz xəstə var və bir həkim mənəm. Bilirəm ki, bu xəstənin ömrünə bir neçə saat qalıb. Mümkün qədər xəstənin əlini tutub söhbət edirəm ki, özünü son anlarında ruhən yaxşı hiss etsin. Bilsin ki, burada tək deyil. Onlarla söhbət edəndə, mənə öz peşmançılıqlarını danışanda hamısı deyirdi ki, kaş ailəmlə daha çox vaxt keçirə biləydim.

Bizdə Azərbaycanda düşünürlər ki, hər şey tez alınsın, “yaş keçməsin” deyə bir mentalitet var. Tez məzun ol, tez evlən, tez karyera qur, tez övlad sahibi ol, istədiyin məqama tez çat. Bir yerə çatıb görürsünüz ki, əslində, ailə bağlarında problemlər var. Həmin insan öz həyatını “tez-tezə” görə qurur və bir mərhələyə çatanda görür ki, ailəsi ilə, uşaqları ilə vaxt keçirməyib.

Bizim ixtisasımız elədir ki, mən işə bir gün səhər, bir gün axşam gedirəm. Elə vaxt olurdu ki, 5-6 gün uşaqlarımı görmürdüm. Sonra şöbə müdiri ilə danışdım və ona dedim ki, mən ailəmə vaxt ayırmaq istəyirəm. İlk prioritetim ailəm, uşaqlarım olsun. Həyatımın sonunda heç kəsə maraqlı olmayacaq ki, mən bu yaşda, filan işdə, filan nailiyyət əldə etmişəm. Uşaqlarıma maraqlı olacaq ki, atamız bizimlə vaxt keçirdi, bunu elədi ya yox. İnsanda xatirələr qalır, mən o xəstələrdə peşmançılığı görəndən sonra onlardan öyrəndiyim ən böyük şey bu oldu.

 2024_06_14_666c3db964cdb.jpg (57 KB)

-Gənclərə nə məsləhət verərdiniz?

-Hər şeyi əvvəlcədən ölçüb-biçsinlər. Bizdə adətən universiteti bitirəndən sonra karyeranı planlamağa başlayırlar. Məsləhətim odur ki, universitetin 2-3-cü kursunda artıq yönələcəyiniz sahəni seçməlisiniz. Xaricdə oxumaq istəyirsinizsə, həmin ölkələrin tibb şərtləri ilə yaxından maraqlanmaq lazımdır. Mən çünki dörd il yarım itirdim. Bir də siz ilk üç ildə görsəniz ki, tibb istəmirsiniz, ya da xaricdə oxumaq istəyirsinizsə, “o üç ili itirəcəyəm” deyə fikirləşməyin. Heç bir şey itirməyəcəksiniz.

Şərait varsa gedib, bakalavrı xaricdə oxumağı məsləhət görərdim. Nəyisə planlamaq deyil, nəyisə öyrənmək önəmlidir. Mən lisenziya imtahanlarına hazırlaşanda ata və qız var idi ki, eyni vaxtda imtahanlara hazırlaşırdılar. Atanın 55, qızın isə 25 yaşı vardı. İkisi də eyni universitetə eyni ildə qəbul oldular. Düşünürəm ki, heç nə gec deyil, nəyəsə tələsmək də lazım deyil. Hər şey vaxtında gözəldir.

-Britaniyadakı digər azərbaycanlı həkimlərlə əlaqə saxlayırsınızmı?

-Bizim vatsap qrupumuz var. Əvvəlcə 8 nəfər idik, artıq 30-a yaxın həkim var həmin qrupda. Təzə həkimlər də gəlir, biz çalışırıq onlara köməklik edək. İldə bir-iki dəfə görüşürük.

-Azərbaycan və Britaniyanın tibb sistemi arasında nə kimi fərqlər görürsünüz?

-Əslində, belə bir müqayisə düzgün olmaz. Britaniya çox böyük ölkədir. Mənim işlədiyim xəstəxanaya yarım milyard ayrılıb ki, əlavə bir xəstəxana da tiksinlər. Tibb sistemindəki fərqliliklərdən danışa bilərəm. Bizdə məzunlara yeni bir kadr, həkim kimi yox, bir tələbə kimi baxırlar. Mən bizim xəstəxanada işləməyə gələn yeni məzunları görəndə aradakı fərqi anlayıram.

Azərbaycanda nəzəriyyəyə daha çox üstünlük verirlər. Britaniyada isə buna ilk il üstünlük verilir, qalan hamısı praktikadır. Buradakı tələbələr təhsilin artıq ikinci, üçüncü ilində bizim məzunlara nisbətən daha çox təcrübəli olur.

Mən Azərbaycandakı tələbəlik illərimdən bilirəm ki, çox nadir xəstə ona tələbənin baxmasına razı olar. Burda isə tələbələri bir çox ayrı-ayrı şöbələrə yönləndiririk. Bir şöbədə 1-2 tələbə olur. Buna görə, onlar rahat təcrübə yığa bilir.

Beləliklə, söhbətimiz yekunlaşır. Suallara ətraflı və səmimi cavab verdiyi üçün Rəşad həkimə minnətdarlığımı bildirir, işlərində uğurlar arzulayıram.

Yeri gəlmişkən, söhbət zamanı məlum olur ki, həftəsonu Epsomda at yarışları keçiriləcək. Rəşad həkimin sözü ilə desək, “yarışlar ərəfəsində çoxlu içki qəbul edənlər, yıxılanlar, yaralananlar olur. Xəstəxanada xeyli iş olacaq”. Ona görə müsahibim həftəsonunu da iş başında keçirəcək.


Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR