İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz istəsək belə, İsrail...” - SON DƏQİQƏ AÇIQLAMASI

Türkiyədəki bəzi radikal dini dairələrin və mediadakı mərkəzlərin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası qəbulolunmazdır, Bakının müstəqil xarici siyasətinə təzyiq cəhdidir.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında məsələnin pərdəarxası məqamlarına işıq tutaraq, Bakının niyə Yaxın Şərq bataqlığına sürüklənmək istəmədiyinin detallarına toxunub.

“Məlumdur ki, Azərbaycanla Fələstin arasında 1000 km-lərlə məsafə var. Orada əsən küləklər gəlib Azərbaycana çatmır. Biz istəsək belə, İsraili dayandıra biləcək gücdə deyilik. Eyni şəkildə fələstinlilərə “torpağınız müqəddəs mətnlərə görə də yəhudilərə vəd olunmuş ərazilərdir, onlara verin” də deyə bilmərik. İstəsək belə, əlimizdəki raketləri atmaqla İsrailə zərər vurmaq imkanımız da yoxdur. Atdığımız raketlər İrəvandan o tərəfə uçmaz. Bu vəziyyətdə biz fələstinlilərə verdiyimiz sözlü dəstəklə onları sadəcə qızışdırmış olarıq. Necə ki, bunu bir çox İslam ölkələri edir və qızışdırdıqları fələstinlilərə düz-əməlli qahmar da çıxa bilmirlər. Bu durumda boş yerə ortaya atılıb yaxa cırmaqdansa müharibələrin daha az itki ilə bitməsi üçün arzulamaq daha yaxşıdır”, - deyə H.Oğuz bildirib.

OGUZ.jpeg (277 KB)

“Açığı, Türkiyənin media orqanlarının Azərbaycanı necə gülləbarana tutduğunu bilmirəm. Çünki aşırı dini təəssübkeş TV-ləri dinləmirəm. Amma Media və Yayım Şurasının yaydığı bəyanatdan belə anladım ki, Türkiyədəki radikal dini qruplar yenə Azərbaycanın üzərinə söz yürüşünə keçiblər. Bəyanatdan o da anlaşılır ki, dini radikalların hücumlarına qarşı rəsmi Ankara da adekvat tədbirlər görmür, bu da iki qardaş ölkənin arasını vurmaq istəyən qrupların dürməyinə yağ sürtür”, - siyasi şərhçi deyib.

Onun fikrincə, Azərbaycan üzərinə təşkil olunan bu hücumlar yeni hadisə deyil:

“Ötən aylarda da bənzər hadisələr yaşanmış və sonunda Türkiyə Prezident Aparatının Dezinformasiyalarla Mübarizə Mərkəzi Azərbaycanı dəstəkləyən rəsmi bəyanat yayaraq vətəndaşlarını sakitləşməyə çağırmışdı. Həmin dövrdə Türkiyə və Azərbaycan mediasında dərc olunan bir sıra yazılarda ölkəmizə qarşı yürüdülən bu qara piar kampaniyasının arxasında hakim partiyaya yaxın dairələrdən bəzilərinin adı da çəkilib. Media və Yayım Şurasının dünən yaydığı bəyanatda yer alan bir sıra cümlələr rəsmi Bakının da bu iddiaları ciddi qəbul etdiyini göstərir. Bəyanatda bildirilir ki, “Azərbaycana qarşı qarayaxma kampaniyaları müəyyən qısa fasilələrlə davamlı xarakter daşıyır, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılması və buna qarşı heç bir tədbir görülməməsi təəssüf doğurur”.

Məhz bu məqam ölkəmizə qarşı qara piar kampaniyasına rəsmi Ankaranın laqeyd qaldığına bir işarədir. Təsəvvür edin ki, qardaş ölkə tərəfindən informasiya hücumları hansı dərəcəyə yüksəlib ki, rəsmi Bakı “qızım, sənə deyirəm, gəlinim, sən eşit” prinsipi ilə addım atmağa məcbur olub”.

Siyasi şərhçinin fikrincə, Türkiyənin Azərbaycana bu cür hücumları qardaşlıq münasibətləri ilə bir araya sığmayan yanaşmadır:

“Ankara anlamalıdır ki, Azərbaycan onun “proksisi” deyil, tam bərabərhüquqlu müttəfiqidir. Bir müttəfiq kimi onun milli maraqları təhlükə altına düşərsə, buna biganə qalmayacaq, mütləq öz qardaşının yanında yer alacaq. Bununla belə, Azərbaycanın müstəqil dövlət kimi prinsipial hesab etdiyi məsələlərə öz baxışları var və bu baxışlar hansısa hakimiyyətin merkantil maraqlarından yox, toplumumuzun yaşadığı coğrafiyanın, keçdiyi tarixi yolun, beynəlxalq münasibətlərdə üzləşdiyi problemlərin diktə etdiyi spesifik reallıqlardan irəli gəlir”.

Heydər Oğuz “spesifik reallıqlar” adlandırdığı xüsusları belə sıralayıb:

“Əvvəla, tarixi şüur. Sirr deyil ki, Türkiyə kimi, Azərbaycan da keşməkeşli yollardan keçərək bu günlərə gəlib çıxıb. Yaşadığımız hər tarixi mərhələ bizim milli şüurumuzda silinməz izlər salıb və biz bu izlər cizgisində hərəkət edirik və etməyə məcburuq”.

H.Oğuzun fikrincə, minillər boyu mövcud olan bütün türk dövlətləri və imperiyaları öz xarici siyasətlərində yalnız bir prioriteti nəzərə alıb və bunun uğrunda hər fədakarlığa qatlanıb – özünün və vətəninin milli maraqları:

“Türkiyə ilə Azərbaycan xalqının ortaq ataları olan Səlcuqilərdən tutmuş qədim Hunlara qədər bütün böyük dövlətlərimiz sanıldığı kimi, kimlərinsə mənafeyi üçün öz ordularını müharibə meydanlarına göndərməyib, iqtisadiyyatlarını hansısa müttəfiq donuna girmiş özgələri uğrunda təhlükəyə atmayıb. Bununla belə, öz dövlətlərini böyütmək, milli varlıqlarını ayaqda tutmaq üçün inanılmaz risklərə getməkdən də çəkinməyiblər. Məhz bu uğurlu siyasətləri nəticəsində Uzaq Asiyadan Qərbi Avropaya qədər geniş coğrafiyalarda at oynata biliblər. Nə yazıq ki, yenidən dirçəlişimizin ilk addımını atdığımız indiki çağda da biz eyni çətin imtahan qarşısındayıq. Sovet imperializminin boyunduruğundan yenicə azad olduğumuz, ən mərd oğullarımızı II Qarabağ savaşında qurban verdiyimiz bir zamanda daha güclü düşmənlərlə qarşılaşmağın hansı nəticələri doğura biləcəyi də məlum deyil. Sözsüz ki, Azərbaycan, əslində həm də Türkiyə mümkün qədər ehtiyatlı olmalı, gücünün tükəndirilməsinə yol verməməli, müharibədə itirdiklərini yenidən bərpa etməyə çalışmalıdır. Çünki böyük qurbanlar hesabına qazanılan qələbələr çox zaman davamlı olmur və uzun vədədə Pirr zəfərinə çevrilir. Tarix dəfələrlə sübut edib ki, iki döyüşçüdən birinin qələbəsi bəzən ikisinin də süqutu və üçüncü tərəfin tam zəfəri ilə sonuçlanır. Belə vəziyyətlərə düşməmək üçün ən optimal yol dövlətləri tükəndirən savaşlardan qaçmaq, döyüşən güclərin heç birinin yanında yer almamaqdır. Əks halda, kiməsə yardımın onu xilsa etməyəcəyi kimi, sənin də başını dərdə sala bilər. Bunun ən bariz örnəyini qardaş Türkiyə öz tarixində dəfələrlə yaşayıb. I Dünya müharibəsində bəzi imperialist güclərin yanında yer almaqla özünə aid olmayan bir savaşın sonda ən çox itirəni də elə Türkiyə olmuşdur. Tarixdən dərs alan qardaş ölkənin rəsmiləri II Dünya müharibəsində “müttəfiqlərinin” bütün israrlı tələblərə baxmayaraq, savaşan tərəflərin heç biri ilə ittifaqa girməyib və nəticədə özünü qoruyub indiki vəziyyətə gətirib çıxara bilib. Təbii ki, bu tarixi şüur bizə aid olmadığımız və nəsə qazanmayacağımız müharibələrdən uzaq durmağımızı tövsiyə edir”.

Ekspert hesab edir ki, Azərbaycanı Yaxın Şərq savaşlarına qatılmaqdan əngəlləyən ikinci faktor dini şüurumuzdur:

“Bir çoxuna bəlkə də qəribə gələ bilər. Türkiyənin göz görə-görə sürükləndiyi Yaxın Şərq savaşları ilk baxışdan dini dünyagörüşündən qaynaqlanır. Türkiyə bu mövqeyində bəlkə haqsız da deyil. Həqiqətən də İsrailin Fələstin müsəlmanlarına qarşı mübarizəsi əndazəsini aşıb, müsəlman bir xalqı yer üzündən silməyə çalışır. Bununla belə, Türk xalqlarının dini şüuru düşündüyümüz kimi, hansısa dindaşının uğrunda özünü fəda etmək prinsipinə əsaslanmır. Əksinə, din savaşlarını bacardığın qədər dayandırmağı, eskalasiyasının yayılmasının qarşısını almağı tələb edir. Bunu isə dini təəssübkeşlik hissi ilə reallaşdırmaq mümkün deyil. Əksinə, tərəflər arasında bacardığın qədər neytral vəziyyətdə dayanmalı və onların ortaq dil tapmasına kömək etməlisən. Necə ki, rəsmi Bakı dəfələrlə İsrail-Suriya-Türkiyə arasında bu cür təşəbbüslərlə çıxış edib”. 

Heydər Oğuz vurğulayıb ki, fərqli dinlər arasında barışdırıcı mövqe sərgiləmək Türk dövlətçilik törəsinə də tamamilə uyğundur və onun tarixi yaddaşından qaynaqlanır.

Ekspertin fikrincə, orta əsrlərdə yaşayan türklərin sintezləşdirdiyi İslam-Tenqriçilik eyniləşdirməsi babalarımızın dini dünyagörüşündən irəli gəlirdi.

Həmsöhbətimiz hesab edir ki, müasir dövlətçiliyimizin qurucu babaları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin təsisçilərinin bizə miras qoyduğu demokratik dəyərlər də dinlə siyasəti ayrı tutmamağımızı tələb edir:

“Azərbaycan Konstitusiyasının dəyişilməz maddələrindən birində də bu tələb öz əksini tapıb. Anayasamızın 7-ci maddəsində açıq şəkildə bildirilir ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Üstəlik, ölkəmizdə az və ya çox bir çox dinlərin mənsubları yaşayır. Biz dini ehkamları xarici siyasətimizə qatıb həm qədim zamanlardan AXC dövrünə qədər babalarımızın ruhunu, həm də bugünkü vətəndaşlarımızın dini duyğularını incidə bilmərik. Ölkələri aid olmadığı savaşlara səsləyən dini radikal ideyaların cəmiyyətimizdə kök salmasına da çalışmamalıyıq. Dövlətimiz müasir çağırışlarla idarə olunmalı, mütərəqqi inkişaf xəttini seçməlidir. Yeri gəlmişkən Türkiyənin qurucu lideri Atatürk də eyni düşüncələri daşıyırdı və qardaş ölkənin hökumətləri bizi başa düşməli, hətta özü də Atatürkün vəsiyyətlərini xatırlayıb ölkələrinin Yaxın Şərq qaranlığına sürüklənməsinin qarşısını almalıdır”.

Heydər Oğuz Azərbaycanın teokratik ehkamlardan uzaq durmasının ən mühüm səbəblərindən birini də coğrafi amillə əlaqələndirir.

Onun fikrincə, bu qədər məhdudiyyətlər içərisində Azərbaycan üçün ən doğru addım öz milli kimliyi və Türk dünyasının birliyi üçün çalışmaqdır:

“Sirr deyil ki, Türk dünyasının birliyi və bütövlüyü ən azı Yaxın Şərq problemləri qədər günümüzün aktual məsələsidir. Tarix də sübut edib ki, İslam dünyasının Səlib yürüşlərindən xilası da elə Türk xalqlarının güclənməsindən, birgə mübarizə aparmasından keçib. Fikrimcə, İslam dünyasının ən uğurlu addımı bu birliyin yaranmasına dəstək vermək olardı. Həmçinin qardaş Türkiyə də müxtəlif təzyiq vasitələri ilə Azərbaycanı Yaxın Şərq bataqlığına sürükləməkdənsə Türk Dövlətləri Birliyinin yaranmasına, münasibətlərin daha da möhkəmlənməsinə diqqət ayırmalıdır”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR