İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir səs eşitdim: “Uşaqlar, məni vurdular” və... - Hadrut fatehinin son sözləri...

Sonaxanım Abbasova: “O cür gözəl insanın mükafatı da Şəhadət olmalıydı”

Valeh Məmmədov: “Əlini çiynimə qoyub “ehtiyalı olun, düşmən çox hiyləgərdir...”, dedi

Cavid Əhmədov: “Gecənin sükutunu Teymurun qışqırığı pozdu”

Vətən müharibəmizdə ermənilərin alınmaz qala hesab etdikləri Hadruta (Ağoğlan) tökülən qanı ilə qəhrəmanlıq tarixi yazan igidlərimizdən biri də leytenant Abbaslı Teymur Feyruz oğludur. Döyüşlərin getdiyi müddətdə bölük komandiri olan qəhrəmanımızın torpağa tapşırılmasının iki ili tamam olur. Şəhidimizin yaşadığı 39 illik həyat yoluna nəzər salaq.

Teymur 1981-ci il fevralın 25-də Bakıda anadan olub. 1988-ci ildə birinci sinfə gedib. 1998-ci ildə 4 nömrəli gimnaziyanı bitirib. 1998-2002-ci ildə Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb, fars dili və ədəbiyyatı üzrə bitirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. Teymur müharibəyə yollandığı tarixdə Beynəlxalq Bankda işləyirdi. O, Mühafizə İdarəsinin Kameralara nəzarət şöbəsində çalışırdı. Hətta savaşa getməmişdən əvvəl onun vəzifəsinin yüksəldilməsi məsələsi müzakirə olunurdu. Rəhbəri ondan xidmətə beş-altı gün gec getməsini istəyib. “Mən istəyirəm sən daha yüksək posta qalxıb sonra gedəsən, çünki sən gələnədək həmin post boş qalmayacaq”, – deyib. Lakin qəhrəmanımız hərbi xidmətə getmək yolunu hər şeydən üstün tutub...

reportaj.jpeg (201 KB)

Teymur 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 12-də Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində düşmənin əks-hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, II Fəxri xiyabanda dəfn olunub.

WhatsApp Image 2022-10-12 at 16.49.05.jpeg (148 KB)

Teymur ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizdən bizlərə iki övladı - Feyruz və Siruz qardaşları əmanət qalıb.

Cəsur döyüşçümüz şəhidliyinin ikinci ilində bu gün II Fəxri xiyabanda anılacaq. Tədbir saat 12:00-da başlayacaq. Ardınca saat 14:00-da “Təzəpir” məscidində yas mərasimi veriləcək.

T.Abbaslının həyat yoldaşı Sonaxanım Abbasova Teymur kimi igidlərə şəhidliyin qismət olduğunu qeyd etdi:

WhatsApp Image 2022-10-12 at 16.30.44.jpeg (119 KB)

“Teymur haqqında günlərlə, saatlarla danışsam bitməz. Teymur təkcə Abbasovlar ailəsinin qəhrəmanı deyil, həm də artıq bütün Azərbaycanın qəhrəman oğluna çevrilib. Mənə və övladlarına yalnız onun bu şərəfli adını uca tutmaq qalıb. Ümid edirəm ki, biz bu adı onun adına layiq daşıyacağıq.

aile.jpeg (210 KB)

Qəhrəmanlar tarix yazmaq üçün dünyaya gəlirlər. Nə xoş mənim də halıma ki, mən Qəhrəmanın həyat yolunda ona yoldaş olmuşam. Teymur çox qeyrətli oğul idi. Vətənini canından çox sevdiyini artıq hamımız bilirdik. Elə olmasaydı o, ailəsini, anasını, körpə övladlarını qoyub Vətəni seçməzdi. Mənim üçün və övladları üçün onun yoxluğuna alışmaq çox çətindir.

foto.jpeg (208 KB)

Hələ də qəbul edə bilməmişik cismən yoxluğunu. Ancaq düşünəndə ki, biz bir gün mütləq onunla görüşəcəyik, o zaman qəlbimiz rahatlıq tapır. Elə bir günümüz yoxdur ki, Atamız haqqında danışmayaq. Hər təbəssümümüzün altında Teymur boyda ağır dərdimiz yatır. Bəzən həyat harasından tutsam, əlimdə qalır.

sehid.jpeg (46 KB)

Deyirəm ki, imtahanımız ağır oldu bizim Atam balası. Sonra da düşünəndə ki, Allah ona o cür gözəl Şəhadət nəsib edib, Allahıma şükür edirəm. Çünki o cür gözəl insanın mükafatı da Şəhadət olmalıydı.

WhatsApp Image 2022-10-12 at 16.30.49.jpeg (151 KB)

Düzdür, şəhid ailəsi statusu nə qədər fəxarətli bir ad olsa da, daşıması ondan da ağırdır. Bəzən altında əzilirəm. Amma bu günümə və gələcəyimə görə mən sevdiyim insana borcluyam. Atdığımız hər addımda, aldığım hər nəfəsdə Teymur kimi igid var. Allahdan yalnız bir istəyim var, bizim görüşəcəyimiz günədək Dilimdən və Qəlbimdən Teymura olan sevgimi əskik eləməsin və onun iki gözəl əmanətini onun adına layiq böyütmək üçün mənə güc versin”.

WhatsApp Image 2022-10-12 at 16.30.47.jpeg (223 KB)

Leytenantımızın vurulduğu o ağrılı ana şahidlik edən döyüş yoldaşı Valeh Məmmədov “Yeni Müsavat”a Teymurun şəhadətə yüksələrkən dediyi son sözlərini çatdırdı:

“Teymurla ilk tanışlığım hələ Bakıdakı “N” saylı hərbi hissədə oldu. Mehriban, gülərüz bir insan idi. Bir neçə gün həmin hərbi hissədə qaldıq. Tam təkminləşəndən sonra sonra yola düşdük. İlk dayanacağımız Füzuli istiqaməti oldu. Teymur XV bölüyün tağım komandiri idi. Mən 13-cü bölüyün əsgəri idim. Yəni hər dəqiqə bir yerdə olmamışıq. Amma o mənim komandirim idi. Daha sonra Cəbrayıl istiqamətinə yola düşdük və orada bir gecə qalıb, Hadrut istiqamətinə getməli idik. Əsas məqsəd Ərgünəş yüksəkliyinə qalxıb bizə deyilən mövqedə möhkəmlənmək idi. Teymur həmişə əsgərlərinin, döyüş yoldaşlarının yanında oldu.

WhatsApp Image 2022-10-12 at 16.30.46.jpeg (30 KB)

Səhər açıldı və dediyim istiqamətə yollandıq. Həyatımın çətin, bəlkə də ən çətin günü idi. Mürəkkəb relyefi olan yüksəkliyə qalxmalı idik. Relyefin çətinliyi bir yana, düşmən bir neçə istiqamətdən minaatan və digər iri çaplı silahlarla bizi atəşə tuturdu. Bir metr irəliləmək belə çox çətin idi. Üstəgəl yükümüz çox ağır idi. Teymur həmin an bizə mənəvi və fiziki cəhətdən dəstək olurdu. Qalxmağa çətinlik çəkən döyüş yoldaşlarımızın qolundan tutub qalxmalarına kömək olurdu. Bəzən uşaqların silahlarını və yüklərini götürüb özü qaldırırdı. Həmin yüksəkliyə qalxanda yaralılar və şəhidlərimiz oldu. Çox ağır mənzərə idi. Teymur tez-tez qışqıraraq “uşaqlar dayanmayın” deyirdi. Həqiqətən də o yüksəkliyə qalxmaqda bizlərə çox kömək oldu. Min bir əziyyətlə həmin yüksəkliyə qalxdıq. Ordan da bir qədər irəlilədikdən sonra artıq canlı döyüş səhnəsinə daxil olduq. Gəbərdilmiş erməni leşləri, dağıdılmış yollar, ara-sıra yaralanmış, şəhid olmuş qəhrəman qardaşlarımızı görmək... Bir sözlə, çox ağır mənzərə idi. Artıq hava qaralırdı və biz bir mövqedə sabitlənməli idik. Mövqeyimiz müəyyən olundu və artıq postlar qurulmuşdu. Bizə çox diqqətli olmaq tapşırıldı. Çünki hər an hər şey ola bilərdi. Teymuru şəhid olmamışdan yarım saat öncə gördüm. Çox qaranlıq idi. Hətta ən yaxınımızda olan döyüş yoldaşını belə görə bilmirdin. Teymur yanında bir əsgərlə gəldi. Haradansa su tapmışdı. Çantamda paltar var, bir az yuyunum, əynimi dəyişim dedi. Hamımız tərləmişdik. Məndən bir az uzaqlaşdı. Bir neçə dəqiqə sonra qayıtdı. İndiyə qədər yadımdadır. Əlini çiynimə qoyub “ehtiyalı olun, düşmən çox hiyləgərdir, yuxarı təpəlikdə maşın səsləri gəlir, bizi aldadıb, irəlidən də gələ bilərlər” dedi və getdi. Gecə qəfil hücum oldu. Dərhal atəş açdıq. Bu atəş səsləri çox çəkmədi və bir neçə dəqiqə davam etdi. Sonda arxadan bir səs eşitdim. “Uşaqlar məni vurdular” və bir dərin sükut, sakitlik çökdü. Hələ nə baş verdiyini və kimin vurulduğunu bilmirdik. Geri döndüm və Teymurun yerdə uzandığını gördüm. Gizirimiz qolundan tutub yanında oturmuşdu. Artıq gecdir dedi. Çox təəssüf ki, Teymur artıq şəhidlik zirvəsinə yüksəlmişdi. Hamımız çox pis olduq, üzüldük. Amma şükürlər olsun ki, intiqamını aldıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Müharibə iştirakçılarına cansağlığı arzulayıram. Allah Azərbaycanımızı qorusun”.

WhatsApp Image 2022-10-12 at 16.30.45 (1).jpeg (166 KB)

Teymurun döyüş yoldaşlarından daha biri Cavid Əhmədov leytenantımızın şəhadətə yüksəldiyi həmin gün və gecə ilə bağlı feysbuq profilində iki status paylaşıb.

İlk statusu igidimizin iki il əvvəl ən ali zirvəyə yüksəldiyi saatlarda yazıb: “Gecənin sükutunu Teymurun qışqırığı pozdu, ardınca atışma, sonra uşaqların vuruldu deməyi, bu saatlarda Teymur Şəhid oldu...”

İkinci status isə Teymurun şəhidliyə doğru gedən yolunu anbaan belə xatırladır: “İlk hücumdan 2 il keçir, gecəni burada keçirib, səhər düzüldük, tabor komandiri gəldi. Hadruta giririk. Xırdalan boyda qəsəbədir, sivil camaatdan olanlar var. Onları əsir götürüb, mövqeləri tutub, qəsəbənin müdafiəsini təşkil edirik. Çətin bir şey olmayacaq, qeyri-adi nəsə bizi gözləmir. 2-3 saat sonra maşınlarla çıxdıq Cəbrayılın Qışlaq kəndinə. Oradan dağı aşıb torpaq yolla Hadruta tərəf getməliyik. Maşında gedirik döyüş bölgəsinə, yaxınlaşdıqca sükut çökür, heç kim danışmır, tər basır adamı. Qarışıq hislər dəhşətli bir şey idi. Bizim maşın anidən xarab oldu. Düşdük, Cəbrayılın çölündə yeni maşın gözləyirik, dağılmış evlər, hər tərəfi ot basıb, hər tərəf toz, isti boğanaq hava, ölü sükutu var, maşın gəldi, gedib tabora çatdıq, açıq ərazidir, burada “bronjilet” verdilər. 1-2 dəqiqə idi ki, geyinmişdim, 50 metr olardı, minomyot mərmisi düşdü. Sonra dəhşətli bir şey başladı. Bir tabor adam düzənlik ərazidə artilleriya atəşinə tutulub, hamı qaçır, irəlidə dağ var, onu qalxıb yola çıxsaq, mərmilərdən qurtula bilirdik. Qurtula bilməyən, şəhid olanlar oldu. Sonra bir mərmi səsi çox yaxın gəldi. Özümü yerə atmağımla üzümə nəsə dəydi. 10-15 saniyə qalxmadım, gözlərimi açanda hər yer toz-dumana bürünmüşdü. Əlimi üzümə vuranda qan olduğunu gördüm. Ayağa qalxıb ilk işim belimdəki çantanı dağdan aşağı buraxmaq oldu, həm ipi boğazımı kəsirdi, həm də ağır idi, yorurdu. Teymuru gördüm, hər an uşaqlara istiqaməti göstərirdi, qan dolur ağzıma, toz da bir tərəfdən, hər şey də çantada getdi, birtəhər yola çıxdım. Su verdilər, üzümü yudum, təzəcə kaskanı çıxardım ki, bir az nəfəs alaq, 30-40 metr aralıda “sanitarka” var idi. Minomyot gəldi düşdü üstünə, gözümün önündə maşın göyə qalxdı. Deyilənə görə, içində 3 nəfər vardı. Bir dəfə dedilər ki, düşdülər tez aşağı, sonra dedilər ki, şəhid olublar. Amma mən içindən düşən heç kimi görmədim. Meşə yoluna girəndə yerdə yatan adam gördüm. Çox qəribə hisslər idi. Bizimkidir deyə qorxdum, tez qaçıb baxdım. Saqqallı bir erməni, gözləri açıq qalıb, qanı hələ qurumayıb. İndi bunun hər yeri güllə yarasıdır, ombası qırılıb nəydi, bədənlə ayaqlar yerini dəyişmişdi. Bir az irəli gedirdin, yerdə qan izləri, izlərə baxanda bir erməni də var idi. Sürüyüb atmışdılar yolun qırağına, bizdən aşağıda dəhşət bir döyüş gedir, silahların dolub boşalmağı 5,10 saniyə çəkir. Həmin gün Əhmədov Natiq, Ağayev Ramil, Qurbanov Murad, Rzayev Aslan, Şükürlü Nicat, gecə yarısı da leytenant Abbaslı Teymur Şəhid oldular...”

WhatsApp Image 2022-10-12 at 16.49.05 (1).jpeg (67 KB)

Qeyd edək ki, Teymur Abbaslı tanınmış siyasətçi, AĞ Partiya başqanı Tural Abbaslının qardaşıdır.

cavan.jpeg (148 KB)

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR