Onlayn ictimai-siyasi qəzet
Rusiya rəhbərliyinin Ukrayna və Ermənistana ünvanlı hədə-qorxularından təbii ki, digər postsovet ölkələrinə də “pay” düşür. Çünki Vladimir Putinin son açıqlamalarından da göründüyü kimi, Kremlin imperiya ambisiyaları qalır. Moskva hələ də keçmiş müttəfiq respublikaları özünün “arxa baxçası”, ən yaxşı halda “yaxın xaric” hesab edir. Bu da o anlama gəlir ki, Kremlin gözündə onların suverenliyi və ərazi bütövlüyü ikinci, üçüncü dərəcəlidir.
O səbəbə Rusiya daim öz orbitində görmək istədiyi postsovet ölkələrinin xarici siyasət kursunda onun xeyrinə olmayan istənilən seçimə ağrılı reaksiya verir. Yeni müstəqil dövlətlərin fərqli qlobal güc mərkəzıləri ilə (ABŞ, Avropa, hətta Çin) əməkdaşlığını az qala, özünə qarşı qəsd, düşmənçilik kimi qiymətləndirir...
Putinin Nikol Paşinyandan “Avropa İttifaqı (Aİ), yoxsa Avrasiya İqtisadi İttifaqı (Aİİ)” mövzusunda referendum tələbi də şübhəsiz, bu imperativlə birbaşa bağlıdır. Rəsmi İrəvan isə müqavimət göstərməkdədir. Ona görə ki, bu basabasda belə bir referenduma getmək nəticə etibarilə ya Moskvanın, ya da Brüsselin “ayağını tapdalamaq” anlamına gələcək, ikitərəfli münasibətlərdə əlavə gərginlik yaradacaq. Bu isə Paşinyana lazım deyil. Ona daha çox konstitusiya ilə bağlı referendum gərəkdir.
Ermənistanın “İslahatçılar” Partiyasının sədri Vaan Babayan da belə bir referenduma ehtiyac olmadığını bildirib. Onun qənaətincə, ölkə Avrasiya İqtisadi İttifaqına daxil olarkən referendum keçirmədiyi üçün təşkilatdan çıxmaq məsələsində də ümumxalq səsverməsinə ehtiyac yoxdur. Ardınca qeyd edib ki, məsələ xalqın səsverməsinə çıxarılsa, əksəriyyət Aİİ-dən çıxaraq Avropa İttifaqına üzvlüyə üstünlük verəcək...
Erməni də olsa, bəzi həqiqətləri dilə gətirib. Axı, başları daşdan-daşa dəyən haylar niyə də öz gələcəklərimi yenə yalnız Rusiyaya bağlamalı, yalnızca onun ətəyindən yapışmalıdır? Nə üçün onlar yenə rusun əlində qonşu xalqlara qarşı “dəyənək” rolunda olmalı, altını da zaman-zaman özləri çəkməlidir? Dərs götürmədilərmi?
O Rusiya ki, SSRİ dağılandan nə beynəlxalq hüquq hərləyir, nə də yeni qonşularına sayğı göstərir. O Rusiya ki, hər şeyi həmişə öz “arşını” ilə ölçüb və ölçür, daha betəri, özünü daima haqlı hesab edib və edir. Bu da növbəti “isti” nümunə.

Diqqət edin, görün, Rusiya Dövlət Dumasının Beynəlxalq siyasət komitəsinin sədr müavini Aleksey Çepa nə deyib. Adam zərrəcə xəcalət hissi keçirmədən bəyan edib ki, Ukrayna ilə müharibə nəticəsində dəymiş ziyana görə Avropadan kompensasiya (!) tələb ediləcək. Üstəlik, hədələyici tonda! Çepanın sözlərinə görə, köhnə qitə ölkələri münaqişəyə verdikləri “töhfə”nin əvəzini ödəməlidir.
Sitat: “Biz Avropadan kompensasiya tələb edəcəyik və bu məsələ daim gündəmdə saxlanılacaq. Tam əminəm ki, bizim Avropanı bunu etməyə məcbur edəcək qədər gücümüz (?!) var. Bundan əlavə, Rusiya Qərbdə dondurulmuş 300 milyard dollar həcmində aktivlərini də geri qaytarmaq niyyətindədir”...
Doğrudan da utanmasan oynamağa nə var? Təsəvvür edin, işğalçı ölkə işğal aktına görə təzminat tələb edir! Təzminat ödəmək əvəzinə!
Bəs şəhər-qəsəbələri xaraba qoyulan, uşaqları öldürülən və oğurlanan, infrastrukturları dağıdılan Ukraynaya dəymiş ziyanı kim ödəyəcək? Rus ordusu 5 ildir suveren dövlətin ərazisində nə gəzir? Hər şey qırağa, bildiyimiz qədər Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti haqda cinayət işi açıb, Vladimir Zelenski haqda yox.
Odur ki, təklif edirik, bir referendum da Rusiyada keçirilsin! Görək bu ölkənin toplumu XXI əsrdə işğal barədə, təzminat barədə nə düşünür? Təcavüzə məruz qalan qismində o, Ukraynanı, yoxsa Rusiyanı görür? Təzminatı işğala məruz qalan ödəməlidir, yoxsa işğalçı? Və əsas sual: bu cəmiyyət SSRİ-nin hansısa şəkildə bərpasını mümkün sayırmı, istəyirmi? Ki, hamı öz işini bilsin.
Bir şərtlə, hakimiyyət referenduma “barmaq” eləməsin...
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ