Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a reallaşdırdığı tarixi səfərin üzərindən bir il ötür. Bu müddət ərzində həmin səfər zamanı əsası qoyulan proseslərin nəticələri daha aydın görünməyə başlayıb.
Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq mərhələsinə yüksəlməsi ilə yanaşı, Azərbaycan-Ermənistan sülh gündəliyində də mühüm irəliləyişlər qeydə alınıb.
Ötən bir ildə hansı nəticələr əldə olunub və rəsmi Bakının diplomatik uğurları regionun siyasi mənzərəsini necə dəyişib?
Bu və ya digər sualları Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a şərh edib. Onun fikrincə, Azərbaycan Prezidentinin 2025-ci il avqustun 8-9-da ABŞ-a səfəri regionun son illərdəki diplomatik tarixində önəmli mərhələ kimi qəbul edilir: "Bu səfər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçməsi və Azərbaycan-Ermənistan sülh gündəliyinin konkretləşməsi paralel gedən iki proses kimi reallaşdırıldı. Bayden administrasiyası dövründə ABŞ-ın regional siyasəti münaqişə və parçalanma məntiqi üzərində qurulmuş, bu da uzun müddət ərzində davamlı sülhün əldə olunmasına mane olan amillərdən biri idi. Senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaların dəstəkçilərindən biri olan Bayden, prezidentliyi dövründə də Azərbaycanın regionda oynadığı rolu kifayət qədər nəzərə almadı. Amma 2025-ci ildə Donald Tramp administrasiyasının xarici siyasətdə fərqli prioritetlər müəyyənləşdirməsi ilə ABŞ-Azərbaycan əlaqələrində keyfiyyət dəyişikliyi baş verdi.
Tramp prezident seçilməzdən əvvəl də İlham Əliyevlə əlaqələrin (məktublaşmalar vasitəsilə) davam etməsi, Prezidentin ABŞ-a rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və bəyanatlar,
Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə razılaşma yeni mərhələnin başlanğıcı kimi qeyd edilməlidir".
Deputat son bir ildə yaşanan müsbət gəlişmələri də xatırlatdı: "TRIPP layihəsi üzrə razılaşma və Zəngəzur dəhlizi ilə bağlı atılan addımların irəliləməsi, Dövlət başçıları arasında sonrakı təmaslar və məktublaşmaların davam etməsi, ABŞ dövlət katibi (Vens) səviyyəsində Azərbaycana səfər və Xartiyanın imzalanması isə münasibətləri daha da irəli apara bildi. Bu addımlar məcmusu Azərbaycan tərəfindən ABŞ-Azərbaycan münasibətlərinin "transformasiyası" kimi xarakterizə olunmalıdır. Yəni əvvəlki dövrün ehtiyatlı, bəzən tənqidi mövqeyindən strateji tərəfdaşlığa keçid uğurla baş tutdu. 2025-ci il avqustun 8-də ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması uzun danışıqlar prosesinin nəticəsi kimi reallaşdırıldı. Azərbaycan prosesdə özünü sülh sazişində nəzərdə tutulan beş prinsipin müəllifi, sülhü istəyən əsas tərəf kimi bütün tərəflərə qəbul etdirə bildi. Azərbaycan əlində olan gücü və üstünlükləri sülhə çevirə bildi".
Milli Məclis üzvü onu da diqqətə çatdırdı ki, sülh müqaviləsinin paraflanması danışıqların yekunlaşması demək deyil: "Azərbaycan öz üzərinə düşən hər şeyi edib. Müqavilənin rəsmi imzalanması, ratifikasiyası və konstitusion məsələlərin həlli kimi addımlar hələ də prosesin davamı kimi qalır. İndi Ermənistan öz öhdəliklərini ardıcıl olaraq yerinə yetirməlidir ki, proses uğurla yekunlaşsın. Artıq 1 ildir ki, sərhəddə atəş səsi eşidilmir. Vətəndaş cəmiyyəti üzvləri qarşılıqlı səfərlər ediblər. Azərbaycan ərazisindən Ermənistana tranzit yüklər daşınır. Azərbaycanın neft məhsulları İrəvanda satılır. Bütün bunlar 1 ildə əldə edilmiş uğurların bəziləridir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti öz bəhrəsini verir və hər dəfə Azərbaycana yeni zəfərlər qazandırır".
Cavanşir Abbaslı
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ