İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Məhkəmə dünya ermənilərinin kapitulyasiya gününü elan etdi: BMT "miatsum" layihəsini qapatdı

Bundan sonra Ermənistan, Rusiya və Fransa Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi, eləcə də "Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verəcək beynəlxalq mexanizmlər" barədə danışa bilməyəcək... Çünki Azərbaycan onlara cavab olaraq, dərhal BMT-nin nəzdindəki Beynəlxalq Məhkəmənin son qərarına istinad edəcək və bu, əslində, rəsmi İrəvanın "erməni xəyalları"na vurduğu bitirici bir zərbə oldu...

Ermənistanın rəsmi təmsilçiləri xarici ölkə təmsilçiləri ilə görüşlərdə adətən, iki "mövzu" ətrafında danışıqlar. Üstəlik, nə qədər qəribə də olsa, bu iki "mövzu"dan heç birisinin Ermənistana siyasi və hüquqi cəhətdən heç bir aidiyyatı yoxdur. Yəni, rəsmi İrəvan özünə aid olmayan "mövzu"ları xarici ölkə təmsilçiləri ilə müzakirə etməklə, boşuna zaman itirməkdə davam edir. Halbuki, rəsmi İrəvan birbaşa Ermənistana aid məsələləri müzakirə etsə, bəlkə də "əbədi himayə" asılılığından çıxıb, inkişaf perspektivləri şansı da qazana bilərdi.

Ancaq bu, Ermənistana uyğun deyil. Çünki rəsmi İrəvan Ermənistanın mövcudluğu üçün ermənipərəst ölkələrin dəstəyinə vərdiş edib. Bu məsələdə Ermənistan "beli heç vaxt düzəlməyəcək qozbel" durumuna düşüb. Və başqalarına aid əraziləri, "mövzu"ları aidiyyəti olmayanlarla müzakirəsində israrlıdır.

Bir müddət öncə rəsmi İrəvan beynəlxalq qurumlara və ermənipərəst dövlətlərə Azərbaycanın Laçın yolunda qurduğu nəzarət-buraxılış məntəqəsi ilə bağlı şikayət etmişdi. Üstəlik, Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan erməniləri azlığı üçün beynəlxalq təhlükəsizlik mexanizmləri tələb etmişdi. İndi rəsmi İrəvan öz müraciət və şikayətlərinə ardıcıl cavablar almağa başlayıb. Və məlum olur ki, hətta ermənipərəst ölkələr belə, artıq rəsmi İrəvanın absurd iddialarına dəstək verə bilmir.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Məsələ ondadır ki, Ermənistanın böyük ümidlər bəsləyərək, Rusiyaya arxa çevirməklə, yaxınlaşmağa çalışdığı ABŞ rəsmi İrəvan əməlli-başlı məyus edib. Çünki ABŞ-ın elə İrəvandakı səfiri Kristina Kvin açıq mətnlə Ağ Evin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəyinə inandığını bəyanladı. Yəqin ki, "erməni xəyalları"na ABŞ səfirinin həmin bir cümləsindən daha ağır zərbə vasitəsi fikirləşib, tapmaq çox çətin olardı. Yəni, ABŞ bununla rəsmi İrəvanın Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı tələblərinin yersiz və beynəlxalq hüquqa zidd olduğunu təsdiqlədi.

Əslində, Ağ Ev Laçın yolunda qurulmuş nəzarət-buraxılış məntəqəsi ilə bağlı da təxminən oxşar mövqedən çıxış edir. Belə ki, ABŞ rəsmi dairələri Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasının beynəlxalq hüquqa uyğun olduğunu bildirmişdilər. Və belə anlaşılır ki, rəsmi İrəvanın bundan sonra ABŞ-ın uydurma "erməni iddiaları"na dəstək verəcəyinə ümid bəsləməsi üçün heç bir ciddi əsas yoxdur.

Göründüyü kimi, ABŞ Azərbaycanın suveren hüquqlarını və beynəlxalq hüquq normaları çərçivəsində atdığı addımları dəstəkləyir. Dünyanın əsas superdövlətinin bu mövqeyi Ermənistan üçün əsl geopolitik "soyuq duş" effekti verməkdədir. Rəsmi İrəvan ermənilərə uydurma "dövlət" qurmuş Rusiyaya xəyanət edərək, məhz ABŞ-a sığınmağa çalışırdı, Ağ Evin verəcəyi dəstəyə ümid bəsləyirdi. İndi məlum olur ki, Ermənistan ABŞ üçün hətta "geopolitik alət" kimi də lazım deyil. Və Ağ Ev daha absurd "erməni xəyalları"na əvvəlki kimi əhəmiyyət vermir.

Ancaq "erməni siyasi zehniyyəti" bir anda əks istiqamətdə kəskin dönüşlər etmək qabiliyyəti ilə məşhurdur. Bu baxımdan, rəsmi İrəvanın dərhal Kremlə üz tutaraq, Rusiyaya yalvarması qətiyyən təəccüb doğurmadı. Baş nazir Nikol Paşinyanın prezident Vladimir Putinə telefon zəngindən sonra Kreml "erməni gözyaşları"na biganə qalmadı.

4d917b4e5149c46ffac7960aa640404e.jpeg (106 KB)

Hər halda, növbəti gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova ölkəsinin Azərbaycanın Qarabağ bölgəsində atəşkəsin pozulmasından və Laçın yolunun "blokada"sından narahat olduğunu bəyan etdi. Yenə də üçtərəfli anlaşmaların tam şəkildə icrasının vacibliyi gündəmə gətirildi. Halbuki, üçtərəfli anlaşmaların kobud şəkildə pozulmasına görə məhz Ermənistan və Rusiya siyasi məsuliyyət daşıyır. Yalnız elə Ermənistan ordusunun tör-töküntülərinin Azərbaycanın Qarabağ bölgəsindən hələ də çıxarılmaması üçtərəfli anlaşmaların hüquqi qüvvəsini heçə endirir.

Ancaq Kremlin Rusiyanın maraqlarına uyğun olaraq, tutduğu mövqe Ermənistanı da tamamilə qane etdiyindən rəsmi İrəvan Mariya Zaxarovanın açıqlamasından məmnun qaldığını qətiyyən gizlətmədi. Halbuki, rəsmi İrəvanın bu məmnunluğu da heç çox çəkmədi. Çünki BMT-nin nəzdindəki Beynəlxalq Məhkəmənin son qərarı Ermənistana sarsıdıcı zərbə xarakteri daşıyır.

Məsələ ondadır ki, rəsmi İrəvan bir müddət öncə Beynəlxalq Məhkəməyə Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin qeyri-qanuni hesab olunması və Azərbaycan hərbçilərinin həmin kommunikasiya xəttindən çıxarılması barədə iddia ilə müraciət etmişdi. Rəsmi İrəvan Laçın yolu ilə nəzarətsiz hərəkətə, erməni separatçı-terrorçulara silah-sursat daşınmasının bərpasına ümid bəsləyirdi. Üstəlik, Ermənistan bu yola beynəlxalq səviyyədə "dəhliz" statusu qazandırmaq niyyəti güdürdü.

Ancaq rəsmi İrəvanın bütün ümidləri və niyyətləri yenə boşa çıxdı. Beynəlxalq Məhkəmə Ermənistanın həmin absurd iddiasını geri çevirdi. Bununla da Beynəlxalq Məhkəmə rəsmi Bakının Laçın yolunda və Azərbaycanın Qarabağ regionunda atdığı bütün addımları qanuni hesab etdiyini təsdiqlədi. Və bu önəmli qərarın beynəlxalq hüquq baxımından, real təsirləri isə tezliklə ortaya çıxmağa başlayacaq.

f04cf8cb14d95ae0b2fec589275313a1.jpg (243 KB)

Birincisi, Beynəlxalq Məhkəmə hüquqi cəhətdən təsdiqlədi ki, Azərbaycan ərazisində "Laçın dəhlizi" adlı hər hansı nəqliyyat-kommunikssiya xətti mövcud deyil. Ermənistan, Fransa, Rusiya və digər ermənipərəst dairələrin "Laçın dəhlizi" və ya onun "blokada"sı barədə iddiaları beynəlxalq hüquq normalarına görə, əsassızdır. Və bu absurd "mövzu"nu artıq hər kəsin birdəfəlik unutması lazımdır.

İkincisi, əgər, Beynəlxalq Məhkəmənin də təsdiqlədiyi kimi, "Laçın dəhlizi" mövcud deyilsə, deməli, onun birləşdirməli olduğu hansısa qondarma subyektdən danışmaq da mənasızdır. Yəni, Beynəlxalq Məhkəmə "artsax", "dqr", "dqmv" və s. kimi uydurma iddiaların üzərindən hüquqi xətt çəkdi. Yəni, əslində, Beynəlxalq Məhkəmə ermənilərin 1988-ci ildən reallaşdırmağa çalışdıqları "miatsum" layihəsi həmişəlik "dəfn" etdi.

Beləliklə, bundan sonra Ermənistan, Rusiya və Fransa Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi, eləcə də "Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verəcək beynəlxalq mexanizmlər" barədə danışa bilməyəcək. Çünki rəsmi Bakı onlara cavab olaraq, dərhal BMT-nin nəzdindəki Beynəlxalq Məhkəmənin son qərarına istinad edəcək. Və bu, əslində, rəsmi İrəvanın "erməni xəyalları"na vurduğu bitirici bir zərbə idi.

Bundan sonra dünya erməniləri üçün daha bir "əlamətdar tarix" mövcud olacaq. Belə ki, 6 iyul dünya ermənilərinin ideoloji kapitulyasiya günü kimi tarixə düşəcək. Həmin gün uydurma "miatsum" layihəsinin birdəfəlik "dəfn" olunduğu tarix kimi də qeyd oluna bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR