İnsanlara hürriyət, millətlərə istiqlal!

Bastion davası – ABŞ Qafqaza yerləşmək üçün canfəşanlıq edir

Böyük dövlətlərin böyük iştahları, kaprizləri, ağalıq ambisiyaları olur. Belə dövlətləri idarə edən siyasi dairələr öz paytaxtlarının lüks apartamentlərində komfort içində qəhvə (və ya viski) qurtumlaya-qurtumlaya qərar verə bilirlər ki, dünyanın o başında, məsələn, Şərqi Timorda yaşayan xalq müstəqil dövlət qurub yaşamağa hazırdır, ya yox.

İndiyəcən, belə şeylər çox olub və əksəriyyətində böyük paytaxtların böyük saraylarında rahat kreslolarda əyləşən misterlər belə qərar veriblər ki, üsyana qalxmış xalqın azadlıq mübarizəsini dəstəkləmək olmaz, xalq demokratiyaya hazır deyil, hakimiyyətə millətçi qüvvələr gələcək, ona görə də mərkəzi hakimiyyətlə anlaşmaq, etnik separatizmin boğulmasına dəstək vermək lazımdır.

Fəqət etnik-milli motivli üsyana məruz qalmış ölkə böyük dövlətlərə dost-müttəfiq deyilsə, o zaman onların siyasi dairələri üsyana qalxmış regiona hər cür maddi, hərbi, siyasi, kəşfiyyat dəstəyi verir ki, həmin ölkə parçalansın, regionda daha bir kiçik, amma sözəbaxan dövlət yaransın.

Bu siyasət yüz ildir ki, gedir, II dünya müharibəsindən sonra isə xüsusilə şiddətlənib.

Bu gün qardaş Türkiyənin başına gələnlər bu qəbildəndir. Türkiyə dövlətinin gücü yetərdi ki, son 40 ildə PKK separatizminin və terrorizminin öhdəsindən 40 dəfə gəlsin, fəqət böyük dövlətlər dağlarda gizlənərək dövlətə qarşı gerilla savaşı aparan terrorçulara hərtərəfli yardım göstərməkdə davam edir, onların sıradan tam çıxarılmasına imkan vermirlər.

Bununla belə, “azadlıq istəyən xalqa öz məqsədinə çatması üçün hər cür dəstək vəd edən” böyük dövlətlərin sona qədər ardıcıl olmaması, verdiyi dəstəyi yarıda kəsərək on minlərlə insanı taleyin ümidinə buraxması halları da olub və olur. Böyük dövlətin siyasi dairələri görəndə ki, başlatdıqları kampaniya onların dövlətinə xeyirdən çox ziyan verir, heç də hər şey öncədən planladıqları kimi getmir, dəstəyi kəsirlər. Ən son bunu Əfqanıstanda gördük. ABŞ 20 il boyunca demokratikləşdirməyə çalışdığı, öz ştatlarından biri kimi idarə etdiyi Əfqanıstanı, onun hakimiyyətini, hakimiyyətə tərəfdar olan xalqını axırda çox ucuz qiymətə terrorçu “Taliban” təşkilatına satdı.

Bundan əvvəl ABŞ demokratiya və haqq-ədalət yoluna çıxmış, qısa zamanda bütün postsovet məkanına nümunə olası bir dövlət qurmuş gürcü demokratlarını da, başda eks-prezident Mixail Saakaşvili olmaqla yarıyolda qoydu.

İndi bu dövlət Ermənistanı xoşbəxt etmək niyyətinə düşüb. Vaşinqton bu istiqamətdə xeyli məsafə qət edib. Bayden administrasiyasından, Konqresdən, Dövlət Departamentindən hər gün Ermənistana, ermənilərə dair verilən bəyanat və açıqlamalar göstərir ki, Birləşmiş Ştatları idarə edənlər bu məsələni prioritet elan ediblər.

Qəribədir ki, ABŞ-ın öz daxilində kriminogen durumun bərbadlığı üzündən hər gün onlarla günahsız insan iaşə müəssisələrində, məktəblərdə, küçə və parklarda başlanan silahlı atışmaların qurbanı olur, dövlət rəhbərliyi bu korun-korun davam edən vətəndaş müharibəsinin qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, başqa ölkələrdə sərhədi keçənlərə çəpəki baxılıb-baxılmamasının monitorinqini aparır.

Əslində böyük dövlətlərin başqa ölkələrin daxili işinə qarışmaq üçün hər hansı mandatları yoxdur. BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmaq, böyük nüvə arsenalına, güclü orduya və iqtisadiyyata maliklik onlara bu haqqı vermir.

Özümüzə aidiyyatı olmayana qədər biz böyük dövlətlərin basqıçı rolunun nə demək olduğunu doğru-dürüst anlamırdıq. Ancaq rəsmi Vaçinqtonun son aylarda bizimlə təhdid dilində danışması, 7\24 rejimdə müxtəlif növlü təzyiqlərə əl atması faktı qarşısında qalarkən bu dövlətin dünya çapında nədən bu qədər sevilməz olduğunun sirri çözülür. Amerikalılar özlərinə aid olmayan hər işə, hər münaqişəyə qarışırlar və bu zaman çox vaxt ədalətli olmurlar.

Daha dəqiqi, ABŞ-ın xarici siyasətini yürüdən adamlar üçün haqq-ədalət əsas meyar deyil. ABŞ istənilən konfliktə öz dövlət maraqlarının prizmasından yanaşır, öz regional mövqeyini, nüfuz dairəsini genişləndirmək imkanı kimi baxır. Vaşinqtonun davası demokratiya və azadlıq davası deyil, bastion, fort davasıdır.

Bu dövlətin Ermənistana 51-ci ştat gözündə baxmasının səbəbi budur ki, Rusiyanın bu kiçik Qafqaz ölkəsində nüfuzu sarsılıb, mövqeyi laxlayıb, iononun bu ölkəni tərk etməsi texniki iş halına gəlib. ABŞ-ın ruslardan boşalan bazalara qonması ehtimalı isə son dərəcə güclənib. Bu halda ABŞ İranın, Türkiyənin, Rusiyanın qulağının dibinə gəlir, Azərbaycana, Gürcüstana, Orta Asiyaya əlavə təsir imkanı əldə edir.

Ona görə də hazırda Vaşinqton İrəvana bu qədər canıyananlıq edir və bu zaman öz birtərəfli bəyanatları ilə başqa bir ölkənin – Azərbaycanın təhlükəsizliyinə zərər yetirə biləcək cəbhələr açdığını vecinə almır.

Amerikalılar hələ ermənilərin öz dostluq və müttəfiliklərində nə dərəcədə dotələb olduqlarını bilmirlər, anlamırlar ki, ermənilər onlardan çox şey tələb edəcəklər – güclü iqtisadiyyat formalaşdırmağa, regionun ən güclü ordusunu qurmağa, Türkiyə və Azərbaycana ərazi iddiaları irəli sürməyə kömək etməyə qədər.

P.S. Bir zamanlar ABŞ-da qonşu Gürcüstanı Corciya (Georgia) ştatı ilə eyniləşdirir, gürcü ölkəsini “New Georgia” adlandırırdılar.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR