Onlayn ictimai-siyasi qəzet
Dövlət Məşğulluq Agentliyi bir dəfə uca millətimizi məyusluğa qərq edən statistika açıqlamışdı: məlum olurdu ki, 2018-2023-cü illər arasında universitet məzunlarımıza ən çox iş verən təşkilat... “Araz Supermarket”lər şəbəkəsidir. 1203 nəfər ali təhsilli mütəxəssis orda çalışmağa başlamışdır. Hansı vəzifələrdə, bunu ta özünüz düşünün.
Ümumilikdə, ilk 10-luqda qalanlarının da çoxu elə dükan-bazar işləri idi. Sayın bakalavrlarımız “Kontakt” (557 nəfər), “Makdonalds” (503), “Oba” (496), “Rahat” (492), “Bravo” (487) kimi obyektlərdə çalışırmış. Yəqin “bakalavr” sözünü “baqqalavar” kimi dəyişməliyik.
Necə deyərlər, buna da şükür, çünki DMA-nın hesabatı qəmli rəqəmlərlə bol idi. Həmin 5 il ərzində universitet məzunlarımızın ümumi sayı 121 min olmuşdu, onların cəmi 71 mini iş tapmışdı, iş tapanların isə 58 faizinin maaşı 400 manatdan aşağı imiş.
Əlbəttə, mən manyak və sadist deyiləm, o statistikanı təzədən xatırladıb camaatın, oxucuların qanını yenə qaraltmaq məqsədim yoxdur. Sadəcə, 15 sentyabr yaxınlaşdıqca rayon icra hakimiyyətlərində ərazinin ən çox bal toplayan abituriyentləri ilə zırıltı görüşlərə start verilmişdir, bu barədə xəbərlər internetin bütün mümkün dəlmə-deşiklərindən gözümüzə girir və ürəyimizi bulandırır. Niyə bulandırır, izah edim, yaxın oturun.
Əslində yuxarıda izah eləmişəm, ancaq “Tik-tok nəsli”, təhsil naziri demişkən, oxuduğunu anlamaqda çətinlik çəkən nəsil yetişməkdədir və məcburuq hər dəfə adi həqiqətləri dərindən açıqlayaq. Məsələn, 5-10 il qabaq kiməsə “qatıq ağdır” deyəndə bəs edirdi, indi isə gərək qatığın şəklini çəkib süni intellektə-zada analiz etdirsinlər, əks halda inanmırlar. Hazırda “qatığın 50 çaları” vardır. Qayıdaq mövzuya.
Mövzu isə budur ki, abituriyentləri çox bal topladığı üçün təbrik edən, özünü bu minvalla reklam edən icra qurumları utanmalıdır. Çünki bu uşaqların yüksək nəticələrində valideynləri və repetitorlardan başqa kiminsə rolu yoxdur. Təhsilin guya pulsuz olması haqda əfsanəyə indi bişmiş toyuqların da gülməyi gəlir, uşağın 1-ci sinifdən ali məktəbə girməyinə qədər valideynlər minlərlə manat xərcləyir.
İndi yüksək bal toplayan abituriyentləri ucuz Çin saatları və əyri diplomlarla qutlayan icra hakimiyyətləri həmin 10-11 il ərzində 1 dəfə də həmin uşaqların yanında olmayıblar. Onların dərdi-səriylə maraqlanmayıblar. İndi isə hazıra nazir olublar. Nə yoğurdum, nə yapdım, hazırca ballı tələbə tapdım...
Cəhənnəm, heç olmasa bu uşaqları məzun olanda işə götürsəydilər... DMA-nın həmin hesabatındakı 6 dükanı yazdım, qalanları bəs nədir? Buyurun, hamısı budur, qaranlıq heç nə qalmasın: “Kapital Bank” (994 nəfər), Bakı Şəhər Təhsil İdarəsi (858), Dost iş mərkəzi (708), Unibank (516). Vəssalam, şüttamam.
Burda siz icra hakimiyyəti gördünüzmü? Yoxdur. Bu yüksək ballı abituriyentlərin sabah icra qurumlarında işə düzəlmək üçün heç bir şansı yoxdur.
O cümlədən, rayon görüşlərinə “partxozaktiv”in bütün komponentləri qatılır: deputat, voyenkom, prokuror, rəis, nə bilim, YAP şöbəsi və sairə. Həmin idarələr də məzunları işə götürənlər siyahısında gözə dəymir. Yüksək ballı məzunun bələdiyyə üzvlüyü kimi mənasızlığa namizəd belə olmasına imkan yoxdur, gəl gör, misal üçün, deputatlığa namizədlik olsun...
Vəziyyət tam, komplekt absurddur, hətta həmin görüşlərə qatılan manıslar şəklində də. “Tələbə, tələbə, sızlar yada düşəndə” deyə zarıyıb oxuyurlar, ancaq siz heç hansısa manısın bir yetim tələbəyə dönər pulu verdiyinə şahid olmusunuzmu?
14 Sentyabr 2026
13 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ