İnsanlara hürriyət, millətlərə istiqlal!

Balıq ovuna yaşıl işıq!

Qiymətlərin tənzimlənməsi çox yaxşı oldu, çünki xalqımız bunu uzun müddət idi gözləyirdi. Nəyisə tənzimləməsən, orda xaos yaranır. Özü də qabaqlar bizdə qiymətlər adətən qalxırdı, indi isə tənzimlənir, bunun özü müsbət haldır. Türkiyədə, qardaş ölkəmizdə belə şeylər olanda “zam gəldi” deyirlər. Güman edirəm zam və tənzim sözləri eyni kökdəndir.

Heç şübhəsiz, 21-ci əsr türk əsri olacaqdır! Mövzumuza dəxli yox idi, düşmənlərin gözü çıxsın deyə yazdım.

Mənə bu tema olduqca doğmadır, çünki Narxozu “iqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə bitirmişəm. “Qiymətin əmələ gəlməsi” fənnindən müəllim məndən 50 manat rüşvət istəmişdi, mən də vermədim. Lakin bu, sonralara onun deputat olmağına maneçilik törətmədi.

Deməli, avtobusun, metronun 50 qəpiyə tənzimlənməsi də uca millətimiz üçün problem deyildir. Avtobusa minə bilməyən, taksiyə minsin, burda nə problem var ki? Şəxsən mən çörək tapa bilməyəndə tort alıram.

Başqa yöndən, elə dünən qəzetdə bir yoldaşın yemək-içmək çekini çap eləmişdilər. Hardasa Bilgəh tərəfdə 8 nəfər yeyib-içiblər, bunları 500 manatlıq qazlayıblar. Çekdən belə məlum olurdu ki, hesaba depozit, ofisiant haqqı kimi azı 120 manat girirmiş. Gör ofisianta nə qədər hörmət qoyulan obyektdir! Halal olsun. Ancaq qəzetə üz tutan şəxs hesabdan narazı qalmışdır. Halbuki, yaxşılıq et, balığı dəryaya at, balıq bilməsə də ekologiya nazirliyi biləcəkdir.

Çekdə 70 manata “Rus standartı” arağının adı vardı. Buyur. Öz xalqına düşmənçilikdir. Sən niyə milli araq içmirsən? Hələ də imperiya standartları ilə yaşayan adamlar bizdə təəssüf doğurur. Xahiş edirəm əlaqədar orqanlar bunu nəzarətə götürsün, o 8 səkkiz nəfərdən zibil pulu ikiqat alınsın. Bəlkə bu yolla ifşa olunar, səmimi şəkildə idarəyə gəlib etiraf edərlər.

Bayaq balıqdan bəs elədik, iyulun 1-dən balıq ovuna icazə verilmişdir. Deməli bizdə “hər şey qadağan olunur” deyənlər haqsızdır. Əhali sərbəst şəkildə balıq ovuna gedir, tilovu mavi sulara atır, fikrə dalır. Tam idillik mənzərədir. Hansı rayona getsən, orda balıq tutmaq üçün icra hakimiyyəti şərait yaratmışdır.

O cümlədən, Bakıda avtobusa minirsən, maşının qiyməti 200 min manat, içində kondisioner, sürücü xüsusi geyimdə, bəzən qalstukda, adam özünü siyasi xadim kimi hiss edir, sanki səni hansısa iqlim konfransına aparırlar. İnsafən, bu kimi maşınlar baha olmalıdır, 40 qəpik az idi. Hətta mən arzu edərdim daha çox tənzimlənsin, 1 manat olsun. Kim minə bilmir, evdə otursun. Yoxsa gah şikayət edirlər işsizik, gah deyirlər işə getməyə yol pulu çatmır. Anlamaq olmur ki, dərd nədir.

Metronun qiyməti haqda bir dəfə yazmışam, yenə təkrar edirəm: muzey kimi metromuz var. Hər stansiyada rəsm, foto, ətir, qoxu sərgiləri açılıb. Dünyada hansı muzeyə 40-50 qəpiyə giriş var? Bunu qiymətləndirməliyik. Metronun keçmiş müdiri Tağı müəllim də bu sənət məhəbbəti sayəsində milyonçu olmuşdu. Bir növ qalereyaçı görəvində çalışırdı.

Zibil pulunun tənzimlənməsi də bura daxildir. Əvvəl adambaşına 30 qəpik idi (adambaşına zibil – maraqlı ifadədir), indi 1 manat olmuşdur. Yaxşı adamın zibili niyə olmalıdır? Bizdə zibil olmur, pulunu da ödəmirik.

Hər şeyi axıracan yeyin, təbiəti çirkləndirməyin. Əslində zibili olan şəxs gərək sussun, dinməsin. Bunlar isə hələ şikayətlənir.

Mən gedim təzə qarmaq alım, ən yaxşısı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR