İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını silkələmiş siqaret qaçaqmalçılığından biri də Yerusəlimi titrədir

Azərbaycanda siqaret bazarı ətrafında yaranan qalmaqallar, qaçaqmalçılıq olayları hələ gündəmdən düşməmiş, oxşar bir hadisə bu dəfə İsraildə baş verib.

Musavat.com xəbər verir ki, ancaq Bakıdakı qalmaqaldan fərqli olaraq, burada söhbət təkcə qanunsuz ticarətdən yox, müharibə şəraitində qarşı tərəfin maliyyələşdirilməsi iddialarından gedir. İsrail prokurorluğu İsrailin daxili kəşfiyyat qurumu olan Şin Betin rəhbəri David Zininin qardaşı Bezalel Zinini hərbi vəzifəsindən sui-istifadə edərək Qəzza zolağına siqaret və digər qadağan olunmuş malların qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edib.

Məlumata görə, İsrail müharibə dövründə Qəzza zolağına siqaret və tütün məhsullarının idxalını tam qadağan edib. Rəsmilər bildirir ki, bu cür mallar Qəzzada qara bazarda şişirdilmiş qiymətlərlə satılır və HƏMAS tərəfindən ağır vergilərə cəlb olunur. Bu isə HƏMAS-ın maliyyə imkanlarının genişlənməsinə xidmət edir. “Times of İsrael” nəşrinin yazdığına görə, prokurorluq Bezalel Zininin qaçaqmalçılıqdan yüz minlərlə şekel qazandığını və bu fəaliyyətin dolayısı ilə HƏMAS-a maddi fayda verdiyini istisna etmir.

İsrail Təhlükəsizlik Xidməti də məsələ ilə bağlı açıqlamasında bildirib ki, müharibə dövründə, xüsusilə də atəşkəsdən sonra HƏMAS qaçaqmalçılıqdan əldə etdiyi gəlirlər hesabına Qəzza zolağında öz hərbi və inzibati imkanlarını bərpa etməyə çalışır. Ədliyyə Nazirliyinin məlumatına görə, Bezalel Zini digər iki əsas təqsirləndirilən şəxslə birlikdə müharibə zamanı düşmənə yardım, ağır fırıldaqçılıq və rüşvətxorluq, eləcə də İsrailin terrorizmə qarşı qanunvericiliyinə əsasən cinayət əməlləri törətməkdə ittiham olunur.

Bundan bir gün əvvəl isə iş üzrə daha 12 şübhəli şəxs, o cümlədən İsrail ordusunun bir neçə ehtiyat əsgəri də ittiham edilib. İstintaq materiallarına əsasən, 2025-ci ilin avqust–sentyabr aylarında təqsirləndirilən şəxslər Qəzza zolağına ümumi dəyəri 1 milyon 250 min dollarlıq siqaret qaçaqmalçılığı ediblər.

Hüquq-mühafizə orqanları bildirir ki, bu, şəbəkənin həyata keçirdiyi çoxsaylı qanunsuz daşınmalardan yalnız biridir. Bezalel Zini İsrail Müdafiə Qüvvələrinin ehtiyat əsgəri olub və Qəzza zolağında ağır mühəndislik texnikasını idarə edən bölmədə komanda komandiri kimi xidmət edib. Vəzifəsi ona Qəzza zolağına daxil olan avadanlıq karvanlarına rəhbərlik etmək səlahiyyəti verib. Müstəntiqlərin sözlərinə görə, o, bu imkandan sui-istifadə edərək üç ayrı epizodda İsraildən Qəzzaya 14 qutu siqaret keçirib.

İttiham aktında həmçinin milyonlarla dollar dəyərində iPhone-lar, batareyalar, telekommunikasiya kabelləri və avtomobil hissələrinin də blokada altındakı Qəzzaya qaçaqmalçılıq yolu ilə daşındığı qeyd olunur. Bu məhsulların bir hissəsi “ikili istifadə” kateqoriyasına aid edilir və potensial olaraq HƏMAS tərəfindən hərbi məqsədlərlə istifadə edilə biləcəyi vurğulanır.

Diqqətçəkən məqam ondan ibarətdir ki, cinayətin xarakterinə görə işi Şin Bet araşdırmalı olsa da, qurum rəhbərinin təqsirləndirilən şəxslə ailə əlaqəsi olduğundan istintaq İsrail polisi tərəfindən aparılır.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR