İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 7 körpənin kül olduğu işdə yeni DETALLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğınla bağlı cinayət işi üzrə araşdırmalar davam edir. Musavat.com-un xəbərinə görə, hakim qarşısına mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıblar. Prosesdə 2 zərərçəkənin ərizəsi təqdim edilib. Ərizədə zərərçəkənlərdən biri təqsirləndirilənlərə qarşı şikayət və tələbinin olmadığını, digəri isə yalnız təqsirləndirilən Mehriban Abasquliyevaya qarşı şikayət və tələb irəli sürmədiyini qeyd edib.

Daha sonra Mehriban Abasquliyeva ifadə verib. Onun sözlərinə görə, 2022-ci ildə Perinatal Mərkəzə direktor təyin olunub: “Yanğın baş verənə qədər vəzifədə olmuşam. Hadisə baş verən gecə təcili yardım şöbəsindən mənə zəng gəldi. Mərkəzdə yanğın baş verdiyini dedilər. Həmin an hadisə barədə TƏBİB-in icraçı direktoru və FHN-ə zəng etdim. Ora gedəndə xəstələrin və əməkdaşların təxliyəsi ilə məşğul oldum. Hadisə yerinə TƏBİB-in icraçı direktoru da gəlmişdi. Prokurorluq əməkdaşları hadisə yerinə gələrək məndən sənədləri tələb etdilər. Sonra məni istintaq idarəsinə dəvət etdilər. Mən və mərkəzin 15-ə yaxın əməkdaşı Baş Prokurorluğun İstintaq İdarəsinə ifadə verməyə getdik. Hadisə zamanı keçirdiyim stress səbəbindən ifadə verə bilmədim. Mənə təqdim edilən sənədlərə imza atdım. Orada olarkən vəkillərimlə də əlaqə saxlaya bilmədim. Daha sonra məni yenidən Baş Prokurorluğun İstintaq İdarəsinə çağırdılar. Orada dövlət hesabına vəkillə təmin edildiyimi dedilər. Öz vəsaitimlə vəkil tutmağa imkanım olsa da, dövlət hesabına təyin olunan vəkillə kifayətləndim. Sonra cinayət məsuliyyətinə cəlb olundum. O zaman səhhətim yaxşı deyildi. Bu səbəbdən təqdim edilən hər bir sənədə imza atdım. Mən 30 il səhiyyə sistemində çalışmışam. Barəmdə seçilən ev dustaqlığı və vəzifədən kənarlaşdırma tədbirlərindən sonra şəxsi hesabıma tutduğum vəkillərlə əlaqə saxlaya bildim”.

Verilən sənədlərə imza atmışam..." - Abasquliyeva ifadə verib | AzPolitika  — onlayn siyasi-ictimai qəzet

Mehriban Abasquliyeva bildirib ki, onunla bağlanan əmək müqaviləsində yanğın təhlükəsizliyi ilə bağlı öhdəlik olmayıb: “Yanğının elektrik yuvasından yox, küvəzdən başladığı otaqdakı kameranın görüntülərindən açıq-aydın görünür. Küvəzlərə mütəxəssislər baxış keçirməyib. Yanğın küvəzdə baş verən nasazlığa görə olub. Evimdə olan zaman küvəzdə nasazlığın baş verdiyini haradan bilim? Yenidoğulmuşların intensiv terapiya şöbəsində həkimlər xüsusi geyimlərdən istifadə edirlər. Mən isə mərkəzdə adi formada olurdum. 439 nəfərin əvəzinə yalnız mən işləməli deyildim. Mənə qarşı irəli sürülən ittihamda bildirilir ki, yanğının söndürülməsində iştirak edən 4 nəfərin sağlamlığına yüngül zərər vurulub. Ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmur”.

Mehriban Abasquliyeva qeyd edib ki, Perinatal Mərkəzdə artıq təmir işləri başa çatsa da, yanğın təhlükəsizliyi tələblərinə cavab vermədiyi üçün fəaliyyətə başlamayıb:
“Əgər bu müddət ərzində mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər həll edilə bilməyibsə, bunu mən necə edə bilərdim? Mərkəzin məndən əvvəlki direktoru Məryəm Rzayevanın da məsuliyyətini mənim üzərimə atırlar. Bu işlərdə o da məsuliyyət daşıyır, amma cinayət məsuliyyətinə cəlb olunmayıb. Məryəm Rzayevanın direktor olduğu vaxtda təxliyə pilləkəni zibil yeri kimi istifadə olunurdu. Eyni zamanda ora yanan materiallar yığılmışdı. Mən vəzifəyə təyin ediləndə həmin yeri təmizlətdirdim”.

Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatada baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Respublika Perinatal Mərkəzində yanğın: “3 vəzifəli şəxs məsuliyyətə cəlb  edilib” - BBC News Azərbaycanca

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resurslarını və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla müəyyən olunub ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə aparılmış yoxlamalar zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, xüsusən mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasaz olması, daxili yanğın su kranlarının işlək vəziyyətdə olmaması və elektrik təsərrüfatında nöqsanların mövcudluğu Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli tərəfindən həmin nöqsanların aradan qaldırılmamasına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova və Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar. Məhkəmə prosesi fevralın 25-də davam etdiriləcək.

E. MƏMMƏDƏLİYEV
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR